Türk dövləti Kremlə uduzdu: Uzatmayacağıq
Tatarıstan hökuməti Kazan və Moskva arasında səlahiyyətlərin bölüşdürülməsi barədə razılaşmanı uzatmaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu Moskvada jurnalistlərə açıqlamasında Tatarıstan Prezidenti Rüstəm Minnixanov söyləyib. Onun sözlərinə görə, tatarlar bütün incikliklərini unudub, 2018-ci il prezident seçkisində Vladimir Putini dəstəkləməlidirlər. O, Tatarıstanın indiyə qədər əldə etdiklərinin onu qane etdiyini söyləyib.
Qeyd edək ki, bir müddət öncə Rusiyada bütün muxtar respublika rəhbərlərinin prezident vəzifəsi ləğv edilib. Artıq onlar “muxtar respublika rəhbəri” adlandırılırlar. Rusiya Prezidenti Vladimir Putinin bu təşəbbüsünün yeganə icra olunmadığı məkan isə Tatarıstandır. Özünün daxili müstəqilliyinə sahib olan Tatarıstanda Rüstəm Minnixanov hələ də prezident adlandırılır.
Moskva və Kazan arasında səlahiyyətlərin bölüşdürülməsi haqqında son razılaşma 2007-ci ildə imzalanıb. Avqustda bitən razılaşmaya əsasən, Tatarıstan özü müstəqil şəkildə xarici siyasi əlaqələr qura bilər, amma beynəlxalq razılaşmaları Moskva ilə birgə imzalamalıdır. Üstəlik, Tatarıstanda prezident təkcə rusca yox, həm də tatarca mütləq danışmalıdır.
Rusiya mətbuatı bir müddət öncə Moskvanın bu müqaviləni uzatmaq istəməməsi ilə bağlı məlumat yayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26