Interposta.Info

Avropa yaratdığı terror təşkilatlarının niyə hədəfinə çevrilir?

Müxtəlif
 7-06-2017, 13:11     500

Elçin Mirzəbəyli: “Terrorizm idarə olunması mümkün olmayan dəhşətli silahdır”

İyunun 4-də Böyük Britaniyanın paytaxtı Londonda törədilən terror aktı bir məsələni də gündəmə gətirdi.

Terror təşkilatlarının bəzi Avropa ölkələri tərəfindən yaradılması və dəstəklənməsinə dair fikirlər geniş yayılmaqdadır. Vaxtilə “əl-Qaidə”nin ABŞ tərəfindən yaradıldığı barədə çoxsaylı fikirlər səslənirdi. Sonda bu terror qrupu məhz Amerikanı hədəf aldı. İndi də İŞİD-ın yaradılmasında bir sıra ölkələr kimi Britaniyanın da adı hallanır. Hazırda İŞİD-ın əsas hədəfi məhz bu dövlətdir.

Nədən belə olur? “Yetimlər” niyə çörək verənə asi çıxırlar?

Politoloq Elçin Mirzəbəyli səslənən fikirlərə bu mövqedən yanaşır: “Terror qrupları, terrorçular heç vaxt sonunadək idarə oluna bilməzlər. Çünki bu qrupların öz hədəfləri, öz maraqları olur. Doğrudur, onlar adətən böyük dövlətlərin əsasən dini və separatizm zəminində formalaşdırdığı ideologiyaların daşıyıcıları olurlar. Lakin bu birtərəfli qaydada olmur. Radikal ideologiyaları adətən belə ideologiyalara meylli adamlar mənimsəyirlər. Böyük dövlətlər müəyyən zaman kəsiyində öz maraqları üçün terrorçulardan və terror qruplarından istifadə edirlər, amma müəyyən bir vaxtdan sonra bu qruplar ya gücə çevrildiklərini düşünüb müstəqil hərəkət etmək niyyətinə düşürlər, ya onlara daha geniş imkan daşıyan başqa bir gücün diktəsi ilə hərəkət edirlər, ya da bu qrupları idarə edənlər onlardan qurtulmaq, cinayətin izini silmək istiqamətində hərəkətə keçirlər ki, bu da əks-reaksiyanın ortaya çıxmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, radikal ideologiyaların təsiri altına düşənlər adətən zəif xarakterli, müstəqil fikri olmayan, cahil, iradəsiz və emosional adamlar olurlar. Onları intellekt və dünyagörüşü deyil, hisslər idarə edir. Qısası, səbəblər çoxdur və bu məsələdə insan faktoru əsas olduğu üçün də fərdi yanaşmağa ehtiyac duyulur. Mən ümumi məqamlara toxundum. Səbəb çox sadədir. Çünki Qərb belə çirkli məqsədlər üçün öz vətəndaşlarından istifadə edə bilməz. Avropada insan amili çox güclüdür, Şərqdə, müsəlman ölkələrində isə yox. Digər tərəfdən, hansısa ölkəyə hərbi qüvvə yeritmək həm böyük xərc, həm də insan resursları tələb edir. Təsəvvür edin, hansısa Avropa ölkəsinin vətəndaşı açıq, yaxud gizli hərbi əməliyyatlar zamanı qətlə yetirilib və cəmiyyət də bunu rahatlıqla qəbul edir... Təsəvvür edə bilməzsiniz. Amma müsəlman ölkələrinin əksəriyyətinin 100 vətəndaşı belə terror aksiyasında, yaxud hərbi əməliyyatlar zamanı qətlə yetirilsə, bu ən yaxşı halda 1 gün sonra unudulacaq xəbərə çevrilə bilər. Bununla yanaşı, şübhəsiz ki, terrorizm idarə olunması mümkün olmayan dəhşətli silahdır. İŞİD-lə bağlı prezident sübuta yetirdi ki, terror təşkilatları hətta nəhəng əraziləri belə nəzarətə götürə, dünyaya meydan oxuya bilərlər”.

Politoloq bəzən dövlətlərin hədəflərinin bəşəri dəyərləri də üstələdiyini qeyd etdi: “Bəzən böyük dövlətlərin hədəfləri və bu hədəflərə çatmaq uğrunda mübarizə bütün bəşəri dəyərləri üstələyir. Digər tərəfdən, hansı Avropa ölkəsində müharibə gedir ki? Heç birində. Terrorçu da, terrora məruz qalan da müsəlman ölkələrinin vətəndaşlarıdır. Həm də Avropa sərhədlərindən xeyli uzaqda. Ox yaydan çıxıb artıq. Bəşəriyyəti yenidən öz məcrasına qaytarmaq çox çətin olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26