Interposta.Info

23 min terrorçunun yaşadığı Avropa ölkəsi

Dünya
 30-05-2017, 11:29     372

Britaniyanın hədəfdə olmasının iki səbəbi - ya terrorçular ingilis kəşfiyyatının içərisinə sızıb, ya da...

Ötən həftə İngiltərənin Mançestr şəhərində baş verən terrordan sonra Britaniyada təhlükəsizlik və terror mövzusu gündəmdən düşmür. Xatırladaq ki, iki ay əvvəl - martda - Londonda daha bir terror aktı baş vermişdi. Mart terrorunda 6 nəfər, son Mançestr terrorunda isə 22 nəfər ölüb, onlarla insan yaralanıb. Sonuncu terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb.


interposta.info xəbər verir ki, Britaniya kəşfiyyatı isə ölkə ərazisində 23 min terrorçunun yaşadığını bəyan edib. İnterpress.az xarici mətbuata istinadən İngiltərə Daxili Kəşfiyyat Xidmətinin (MI5), Mançesterdəki terror hücumundan sonra etdiyi geniş diametrli araşdırmalar nəticəsində, İngiltərədə 23 min terrorçunun yaşadığını, ayrıca 3 minə yaxın şübhəli ilə bağlı ola biləcək terror hücumlarına qarşı istintaqın davam etdiyini yazıb.
Qeyd edək ki, həm İngiltərədəki terror aktları, həm də daha əvvəl Fransada və başqa ölkələrdə terror baş verərkən adətən bu mövzu gündəmə gəlir. Terror baş verən ölkənin dövlətinin, xüsusi xidmət orqanlarının terror təşkilatları ilə əlaqələri, birgə çalışmaları olubmu? Çünki indiki dünyada hər kəsə sirr deyil ki, terrorçuların minlərlə kilometr yol qət edərək uzaq Avropa və ya başqa ölkələrdə partlayış törətməsi hansısa dövlətlərin və ya gizli xidmətlərin bilgisi və maraqları daxilində olur.

Ancaq bu bağlara toxunmadan öncə dünyanın super dövlətlərinin terrorçu “istehsalı” siyahısına baxmaq lazımdır. Ümumilikdə, Avropa, MDB ölkələri və Amerikadan İŞİD-ə qoşulanların sayı 30 min nəfəri keçib. Böyük Britaniya mətbuatının məlumatına görə, İŞİD-in sıralarında 5 mindən 8 minə qədər avropalı vuruşur, onlardan 800 nəfəri britaniyalıdır. İŞİD-in ən məşhur cəlladı da “Cihadçı Con” ləqəbli britaniyalı olub.

İngiltərədən və ümumiyyətlə, Qərb ölkələrindən Yaxın Şərqdəki terror qruplarına qoşulanların böyük hissəsi bir zamanlar müstəmləkə ölkələrindən köçmüş miqrantların 2-ci, 3-cü nəsildən olan övladlarıdır. Afrika, Asiyanın müsəlman ölkələrindən olan insanlar müstəmləkələrin süqutundan sonra Avropadakı müstəmləkə dövlətlərinə pənah gətirib. Əsasən də öz ölkələrində müstəmləkə üsul-idarələrinə xidmət edən bu insanlar müstəmləkə respublikalarının müstəqillik qazanması ilə xalq arasında düşmən münasibətlə qarşılaşdıqları üçün bir çox hallarda qisasdan qorxaraq müstəmləkə ölkələrinə sığınırdılar. Bu ailələrin əksəriyyətində Avropada cəmiyyətə inteqrasiya mümkün olmayıb, digər tərəfdən, təhsildən kənar qalmaları, müsəlman kimliklərini itirməməsi səbəbindən bu ailələr tədricən icmalaşıblar. Nəticədə Fransa, Britaniya kimi keçmiş müstəmləkə dövlətlərində böyük sayda müsəlman icmaları formalaşıb. Britaniya dövləti müsəlman miqrantlar üçün bir xeyli hüquqlar tanıyıb, hətta mülki mübahisələrin həll olunması üçün şəriət məhkəmələrinin qurulmasına da icazə verib. Bu isə öz növbəsində İngiltərəni müsəlman miqrantlar üçün daha cəlbedici edib.

Məlum olduğu kimi, Britaniya İmperiyası Hindistandan Misirə qədər böyük bir coğrafiyada müsəlman ərazilərini işğal edərək fərqli müddətlərdə idarə edib. Yaxın Şərqin Osmanlı dövlətindən sonra şəkillənməsi, bugünkü ərəb rejimlərinin ortaya çıxması məhz Britaniya İmperiyası dönəminə təsadüf edir. Bu mənada ingilis dövləti müsəlman aləmi üzərində ciddi nüfuza sahibdir və bağlarını hələ də ciddi şəkildə qoruyub saxlayır. Yaxın Şərqdə terrora qarşı böyük koalisiyanın ən fəal üzvlərindən biri İngiltərədir.

Sadalanan faktlar Britaniyanı İŞİD-in hədəfinə çevirən amillər hesab oluna bilər. Ölkədə xüsusən də son illərdə radikal İslam qruplarının təsirinə düşən gənc müsəlmanlar var, eləcə də azad, demokratik mühitdə təbliğat imkanları qazanan qrupların müsəlman olmayan əhali arasında da təbliğ üçün imkanları var. İkincisi, Britaniya Yaxın Şərqdə aktiv ölkələrdən biridir, antiterror fəaliyyətlərinə görə İŞİD-in hədəfinə çevrilə bilər.

Və nəhayət, Britaniya xüsusi xidmətlərinin bu məsələdə oynadığı rol barədə. Bir qayda olaraq, böyük terror aktlarından xüsusi xidmətlərin xəbəri olur. O başqa mövzudur ki, bütün terror aktlarının arxasında hansısa dövlətin maraqları dayanır. Amma bəsit görüntü budur ki, ən böyük terror aktlarından kəşfiyyatların məlumatı olur. 11 sentyabr 2001-ci il terrorunu qeyd etmədən iki il əvvəl Parisdə “Charlie Hebdo” jurnalına edilən terror hücumu barədə yerli xüsusi xidmətlərin məlumatlı olduğu, hətta terrorçunu bir müddət izlədikləri haqda bilgi mediaya çıxmışdı. Hətta terrorçulardan birinin Yəmənə vaxtaşırı səyahət etməsi də kəşfiyyatın diqqətində olmuşdu. Rusiyada və demək olar ki, əksər ölkələrdə analoji hallar olur. İndi dünya çox kiçikdir, bu cür böyük terror aktlarının tamamilə gizli saxlanılması mümkün deyildir.

Yeri gəlmişkən, hələ 2015-ci ildə Avropa ölkələrinin kəşfiyyat xidmətləri qitədən Yaxın Şərqdə terror təşkilatlarına qoşulanların hamısının siyahısını hazırlamışdı. Hətta pasport nömrələrinə, fotolarına qədər vardı.

Bu mövzuda dərin konspiroloji təhlillərə gərək yoxdur. Amma dünyanın ən güclü dövlətlərindən biri, ən qədim və təcrübəli kəşfiyyat-polis xidmətlərindən birinə sahib olan, müsəlman aləmini incəliklərinə qədər tanıyan, bugünkü ərəb dövlətlərini inşa edən bir ölkənin xüsusi xidmətlərinin terror qarşısında bu qədər aciz qalacağı inandırıcı deyil. Demək ki, ya terrorçular ingilis kəşfiyyatının içərisinə sızıb, ya da başqa daha güclü xüsusi xidmət orqanı ingilis kəşfiyyatını “sınayır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26