Interposta.Info

ANS MTRŞ-ya qarşı məhkəmə iclasında hakimlərə etiraz edib

Müxtəlif
 10-04-2017, 19:30     561

Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bu barədə "Report"a MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in nümayəndəsi Sevda Məhərrəmov və ANS-in vitse-prezidenti Mirşahin Ağayev çıxış edib. Onlar çıxışlarında hakimlər tərkibinə dair etirazlarını bildiriblər. Daha sonra həmin şəxslər məhkəmə heyətinə etiraz ediblər.

Məhkəmə etiraza münasibəti isə məhkəmənin növbəti iclasında açıqlanacaq.

Proses aprelin 13-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi MTRŞ-nın iddiasini təmin edib. Həmin qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.
Xatırladaq ki, MTRŞ-nın iyul ayının 18-də keçirdiyi iclasında Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayınm və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.
Daha sonra ANS 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib və MTRŞ-nın lisenziyanın ləğv olunması ilə bağlı qərarının ləğv edilməsini istəyib. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in müraciəti təmin edilməyib.

Ali Məhkəmədə ANS-in MTRŞ-nın kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayətinə də baxılıb. Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26