Interposta.Info

Azərbaycanın 2 milyard dollarlıq avrobondları geri alınıb

İqtisadiyyat
 Bu gün, 11:45     58

2026-cı ilin birinci rübündə ilkin gəlirlər balansının son illərdə ilk dəfə profisitə keçməsi Azərbaycanın xaricdəki investisiyalarından əldə etdiyi gəlirlərlə bağlıdır.
Bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
O deyib ki, profisitin əsas səbəbi neft-qaz sektorunda fəaliyyət göstərən Azərbaycan müəssisələrinin xaricə yatırdığı birbaşa investisiyalardan əldə olunan faiz və dividend gəlirləridir.
"Vaxtilə xaricə böyük həcmdə birbaşa xarici investisiyalar yatırılıb. Həmin investisiyalar qarşılığında faiz və dividend gəlirləri əldə olunub. Bu gəlirlər isə ölkəyə gətirilməyib, yenidən xaricdə investisiya kimi yönləndirilib ki, növbəti dövrlərdə daha böyük gəlirlər əldə edilsin”, - deyə Samir Nəsirov bildirib.
AMB rəsmisi qeyd edib ki, bu məlumatlar tədiyə balansında "digər gəlirlər” bölməsində daha detallı şəkildə açıqlanacaq.
Samir Nəsirov fiziki şəxslərin İrlandiyaya pul köçürmələrinin artmasına da münasibət bildirib. Onun sözlərinə görə, bu göstəricilər kifayət qədər dəyişkəndir və əsasən fiziki şəxslərin pulköçürmə sistemləri vasitəsilə həyata keçirdiyi əməliyyatlarla bağlıdır.
"Bu vəsaitlər əsasən maddi yardım və digər oxşar məqsədlərlə göndərilən məbləğlərdir. Burada təəccüblü heç nə yoxdur”, – deyə o vurğulayıb.
AMB rəsmisi əlavə edib ki, kapital və maliyyənin hərəkəti balansında yaranan kəsirin əsas səbəbi portfel investisiyalarının azalması olub. Onun sözlərinə görə, portfel investisiyalarında 2 milyard dollarlıq azalma qeydə alınıb.
Samir Nəsirov bildirib ki, bu azalma Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində emissiya olunmuş avrobondların geri alınması ilə bağlıdır.
"Vaxtilə avrobond emissiyası vasitəsilə 2 milyard dollar vəsait cəlb olunmuşdu. Hazırda həmin qiymətli kağızlar müəssisə tərəfindən geri alınıb və 2 milyard dollar ödənilib. Kapital və maliyyənin hərəkəti balansında yaranan kəsirin əsas səbəbi də budur”, - deyə o qeyd edib./trend
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26