Interposta.Info

Kənddən şəhərə gələrkən qırılan məhsul zənciri

İqtisadiyyat
 12-06-2023, 16:17     358

"Bu məsələdə həm hökumətin, həm də kəndlilərin məsuliyyəti var. Kəndli məhsulu nə üçün istehsal etdiyini əvvəlcədən düşünməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov sahibkarın sata bilmədiyi şaftalını zibilliyə tökməsini əks etdirən videogörüntüdən danışarkən deyib.

Ekspert bildirib ki, kəndli məhsulu harada satmağı ilə bağlı əvvəlcədən düşünməlidir.

"Daxili bazara yönəldəcək, xaricə göndərəcək və yaxud da emal edəcək, bunu hansı formada edəcək, məhsulu özü satacaq, yoxsa kimlərinsə köməyindən istifadə edəcək? Sahibkar Azərbaycanda həm də real vəziyyəti dərk etməlidir. Sahibkarları Azərbaycanda bazarlara buraxmırlar. Bazar kəndli üçün açıq deyil. Kəndli istehsal etdiyi məhsulu bazarda satmaq haqqında düşünməməlidir. Ona görə ki, Azərbaycan reallığı buna imkan vermir”, deyə ekspert vurğulayıb.

Vahid Məhərrəmov ölkədə şaftalı emal edən bir müəssisə tanımadığını bildirib:

"Həmin şaftalının əmtəəlik görünüşünə baxdım. Bu gün Türkiyə ixrac edir, əmtəəlik görünüşü cəlbedicidir. Digər ölkələrə də ixrac edib, gəlir əldə edirlər. Hökumətin üzərinə nə iş düşür? Mütləq nəzərə almalıdır ki, ölkədə bu məhsuldan nə qədər istehsal olunur? Daxildə ona nə qədər təlabat var və artıq istehsal olunarsa, nə edilməlidir? Emal edilməlidir. Emalla məşğul olacaq sahibkarları maraqlandırmalı, onlara stimul verilməlidir”.

Ekspert kəndlinin başlı-başına buraxıldığını əlavə edib.

"Kəndlilər tək şaftalı deyil, kartof, soğan sahələrdə çürüyür, bir müddətdən sonra baxacağıq ki, alma çaya atılır. Kəndliyə yol xərci verib məhsulunu Bakıda gətirib satmaq onlara sərf etmir. Məhsul dərilən zaman soyuduculara yığılıb, bir müddətdən sonra bazara çıxarılıb satılmalı idi. Soyuducu anbarlar isə məmurların əlindədir. Həmin anbarlardan istifadə isə baha qiymətə icarəyə verilir”, deeyə Vahid Məhərrəmov bildirib.

Qeyd edək ki, sosial şəbəkədə şaftalını sata bilməyən sahibkarın onu zibilliyə tökməsini əks etdirən videogörüntü paylaşılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26