Interposta.Info

Bu sahədə çalışanların maaşı artdı

İqtisadiyyat
 14-05-2023, 20:32     195

Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 11,4% artaraq 901 manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarının yekununda ölkədə maaşların orta həddi 854 manat təşkil edib. Beləliklə, təkcə mart ayında orta aylıq əmək haqqı 47 manat artıb.

3 ay ərzində iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bundan başqa, bu il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 min nəfər və yaxud 2% artaraq 1 736,3 min nəfər təşkil edib, onlardan 904,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,3%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26