Interposta.Info

Azərbaycan Rusiyaya uçuşları bərpa edir

İqtisadiyyat
 2-06-2022, 20:15     130

Azərbaycanın milli aviadaşıyıcısı 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir.

"İnterPosta"bu barədə "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilən tarixdən etibarən "AZAL” və "Buta Airways” aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir.

"Azərbaycan Hava Yolları” aviaşirkəti 15 iyundan etibarən Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanlarına gündəlik uçuşlar yerinə yetirməyə başlayacaq. Bakıdan Sankt-Peterburq şəhərinə aviadaşıyıcının uçuşları həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

"Buta Airways” aşağıbüdcəli aviaşirkət həmin tarixdən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri) və Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

"AZAL” və "Buta Airways” aviaşirkətlərinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində satışdadır. Aviaşirkətlərin www.azal.az və butaairways.az rəsmi saytlarında biletlərin satışı mərhələli şəkildə açılacaq.

Bu uçuşlara qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazə verilən sərnişinlər qəbul ediləcək.

Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar:
https://www.azal.az/az/information/covid-russia
https://www.butaairways.az/az/covid/russia

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:
https://www.azal.az/az/information/covid-azerbaijanhttps://www.butaairways.az/az/covid/azerbaijan

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26