Interposta.Info

Dünyada iqtisadi böhran: Azərbaycanda çörək bahalaşır?

İqtisadiyyat / Manşet
 19-04-2022, 10:34     198

Qazaxıstan da buğda ixracatına qadağalar tətbiq edir. Mərkəz Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də 3.5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur. Baş verənlər fonunda BMT dünyada 1.7 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib. Hazırda dünya yeni aclıq riski ilə qarşılaşmaqdadır.

Eyni zamanda, hətta inkişaf etmiş ölkələrdə də ərzaq məhsullarının qiymətlərində artımlar sürətlənib. ABŞ-da illik infilyasiya 8.5 faizədək yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir. Birləşmiş Krallıqda da son 30 ildə ən yüksək infilyasiya qeydə alınıb.

Buğda ixracatlarına qadağalar Azərbaycana necə təsir edəcək? Çörəyin qiymətində artımlar ola bilərmi?

"İnterPosta" xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə xüsusi paya malikdir.

Deputat deyib ki, ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var:

"Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər, həmçinin, digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur və buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30 faiz bahalaşmışdı".

Parlamentarinin sözlərinə görə, Azərbaycan strateji məhsul ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb:

"Bununla yanaşı, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb. Və bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb.

Nazirlər Kabinetinin məlumatına görə, strateji ərzaq məhsulları ilə bağlı qıtlıq təhlükəsi yoxdur. Hökumət istehlak bazarında tarazlığın qorunub saxlanılacağını bəyan edib. Bunlarla yanaşı, dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib".

V.Bayramov qeyd edib ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır:

"2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənilir.

Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda idxal infilyasiyası qaçılmazdır. Etiraf etmək lazımdır ki, bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infiliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Ukrayndakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdədir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26