Interposta.Info

Azərbaycanın ən çox sərmayə yatırdığı ölkələr

İqtisadiyyat
 22-10-2018, 09:04     8 926

Fikrət Yusifov: “Yatırımların uçotu sahəsində kifayət qədər ciddi boşluqlar var”
Son illərdə Azərbaycan bir çox xarici ölkələrə sərmayə yatırıb. Maraqlıdır, biz daha çox hansı dövlətlərə investisiya qoymuşuq? Eyni zamanda, ölkəmizə yatırılan sərmayələr sırasında hansı dövlətlərin öndə olduğu da maraq doğurur.

Sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, müəyyən hesablamalara görə, Azərbaycan 2004-2018-ci illərdə xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yönəldib: “Bu sırada Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna kimi ölkələr ön sıradadırlar. Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollar həcmində sərmayə yatırılıb ki, bunun da təxminən yarısı - yəni haradasa 125 milyard dollara qədəri xarici sərmayələrin payına düşür. Azərbaycandan xarici ölkələrə edilən yatırımların səviyyəsi ölkəmizin iqtisadiyyatında və maliyyə durumunda formalaşmış dayanaqlığın bariz nümunəsidir. Lakin Azərbaycandan başqa ölkələrə edilən yatırımların uçotu sahəsində kifayət qədər ciddi boşluqlar var. SOCAR və Neft Fondu vasitəsilə edilən yatırımlar kifayət qədər şəffaf bir şəkildə həyata keçirilsə də, fərdi investorların xarici ölkələrdə etdikləri yatırımların uçotu sahəsindəki vəziyyət bir o qədər ürəkaçan deyil. Söhbət ilk olaraq Azərbaycan ərazisində qanuni yollarla qazanılmış vəsaitlərin başqa ölkənin ərazisində investisiya edilməsi prosedurundan gedir. Bu gün bizdə ölkədən investisiya məqsədləri üçün çıxarılan vəsaitlərin uçotunu aparmaq üçün normal hüquqi baza mövcud deyil. Bu, çox ciddi məsələdir. Məsələn, Gürcüstan hökuməti bəyan edəndə ki, Azərbaycanın iş adamları 2017-ci ildə Gürcüstan iqtisadiyyatına 450 milyon ABŞ dolları həcmində yatrım ediblər, bu halda biz həmin vəsaitlərin konkret olaraq kimlər tərəfindən edildiyini deməkdə çətinlik çəkəcəyik. Təbii ki, burada SOCAR və Dövlət Neft Fondu istisna təşkil edir.

Qeyri-rəsmi məlumatlara görə azərbaycanlı iş adamları müxtəlif yollarla ölkədən çıxardıqları pullarla daha çox qonşu Rusiya və Türkiyə ərazisində dəyəri yüz milyonlarla dollarla ölçülən daşınmaz əmlaklar alıblar. Eyni zamanda bu yatırımlar hesabına iş adamlarımız adını çəkdiyimiz ölkələrdə onlarla istehsal, emal və xidmət obyektləri qurublar. Biz hələlik ölkə ərazisində qanuni yolla qazanılmış pulların bu məqsədlərlə çıxarılması sahəsində uçotsuzluqdan danışırıq. Əgər bu gün biz qanunu yolla qazanılmış vəsaitlərin ölkədən investisiya məqsədləri üçün çıxarılmasının uçotunu qura bilməmişiksə, deməli qeyri-qanuni yollarla qazanılmış vəsaitlərin ölkədən investisiya məqsədləri üçün çıxarılması sahəsində vəziyyət daha ciddidir. Buna konkret bir misal: İngiltərə hökumətinin keçən ilin sentyabr ayından qüvəyə minmiş ”Maliyyə cinayətləri haqqında" qanunun tətbiq olunmağa başlamasından sonra Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Azərbaycandan oğurlanılaraq çıxarılmış pullar hesabına Londonda aldığı əmlaklarla bağlı olan qalmaqal mediada geniş müzakirə olunur. Bu vəsaitlər ölkədən nəğd pul şəkilində kisələrdə daşınıb aparılmayıb. Deməli, həmin vəsaitlər qanunvericilikdəki hansısa boşluqlardan istifadə edilməklə köçürmələr yolu ilə Azərbaycandan çıxarılıb. Bu gün artıq bu boşluqları aradan qaldıracaq yeni qanun və qaydalar toplusunu işləyib hazırlamağın vaxtı çatıb. Ölkə prezidentinin rüşvət və koorupsiyaya qarşı müharibə elan etdiyi bir vaxtda bunun alternativi yoxdur. Hesab edirəm ki, aidiyyatı qurumlar ən qısa zamanda bu sahədəki vəziyyəti tənzimləyəcək kompleks tədbirlər paketini işləyib hazırlamağa məhkumdurlar".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26