Xarici dövlət borcu -
Fikrət Yusifov: “Bu günə mövcud olan xarici borcumuz Ümumi Daxili Məhsulun 18,9 faizinə bərabər bir səviyyədədir”
Maliyyə naziri Samir Şərifov xarici dövlət borclanması limitinin artırılmasını təklif edib. O, Milli Məclisin plenar iclasında bildirib ki, 2018-ci il üçün xarici dövlət borclanması limiti ilə bağlı düzəlişin edilməsi zərurəti yaranıb.
Nazirin sözlərinə görə, cari il ərzində bir sıra zəruri layihələr üzrə beynəlxalq maliyyə institutlarından ölkə iqtisadiyyatına kreditlərin cəlb olunması ilə bağlı 2017-ci il dövlət büdcəsi haqqında qanunla 4,5 mlrd. manat xarici dövlət borclanmasının yuxarı həddi təsdiq edilib: “Lakin cari ildə müəyyən səbəblərə görə əsasən də beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqların ehtimal olunduğundan daha uzun zaman tələb etməklə bu günə qədər davam etməsi ilə əlaqədar müvafiq kredit sazişlərinin imzalanması mümkün olmayıb. Nəticədə limitdən 1 milyard 150 milyon manatdan da az istifadə olunması gözlənilir. Həmin layihələrin ölkə üzrə prioritetliyini nəzərə alaraq xarici borclanma limiti üzrə cari ildə istifadə olunmamış 1 milyard 150 milyon manat qalığının 2018-ci ilə keçirilməsi və limit üçün müəyyən olunmuş ilkin proqnozun yuxarı həddinin artırılaraq 2 milyard 150 milyon manata çatdırılması təklif olunur. Eyni zamanda qeyd olunmalıdır ki, bu artım da nəzərə alınmaqla dövlət borclanmasının yuxarı həddi limiti üzrə göstərici 2017-ci illə müqayisədə 2 milyard 650 milyon manat və yaxud 48% azdır”.
Bəs görəsən, dövlətimiz gələn il 2,5 milyard manat borclansa, ümumilikdə xarici dövlət borcunun həcmi ÜDM-ə nisbətdə nə qədər olacaq? Azərbaycanın xarici borcu təhlükəli həddə çata bilərmi?
Qeyd edək ki, inkişaf etmiş ölkələrin də yetərincə xarici borcu var. Dünya nəhəngi ABŞ-ın ümumi dövlət borcu 20 trilyon 546 milyard dollara çatıb. Bununla da ABŞ-da hər ailənin 172 min dollardan çox borcu olduğu açıqlanıb.
"XeberBiz" xəbər verir ki, iqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov da “Yeni Müsavat”a danışarkən bildirdi ki, dövlət borcu təhlükəli olduğu qədər də faydalıdır və ondan düzgün şəkildə yararlanmaq lazımdır: “Dövlət borcunun klassik tərifi onun mahiyyətini olduğu kimi açıqlayır. Bu, dövlətin büdcə kəsirini bağlamaq üçün götürdüyü borcdur. Dövlət borcunun ətrafında iqtisadçıların fikirləri həmişə haçalanıb. Bu gün də dövlət borcunu lənətləyib onu insanlar tərəfindən nə vaxtsa kəşf edilmiş bəla kimi dəyərləndirənlər tapılır. Lakin real olan budur ki, bir çox dövlətlər borclanma hesabına nəinki iqtisadi cəhətdən inkişaf edə biliblər, hətta dünya iqtisadiyyatının monastrlarına çevrilməyə belə müvəffəq olublar. Amerika Birləşmiş Ştatlarının, İngiltərə, Almaniya, Fransa, Yaponiya və iqtisadi cəhətdən dünyanın ən güclüləri sırasında ilk onluğa daxil olan digər ölkələr buna bariz nümunədirlər. Bu gün dünya iqtisadiyyatının 1/4-nə sahib olan ABŞ-ın dövlət borcu onun Ümumi Daxili Məhsulundan çox olan həddə gəlib çatsa da bu dövlətin illərlə apardığı iqtisadi siyasət, ölkə iqtisadiyyatını çökdürə biləcək böhranlardan özünəməxsus manevrlərlə yayınması və hətta bəzən bu böhranlardan öz iqtisadi durumunu bir qədər də yaxşılaşdırmaq üçün istifadə edə bilməsi, onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli ölkəsinə çevirib. 01 yanvar 2017-ci il tarixə ABŞ-ın dövlət borcu 19 trilyon 949,9 milyard dollara bərabər olub. Həmin tarixə bu ölkənin Ümumi Daxili Məhsulu isə 18 trilyon 752,7 milyard dollar təşkil edib. Yəni dövlət borcunun həcmi ölkə ÜDM-in 106,4%-nə bərabər olub. Bu gün Yaponiya dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinə görə dünya ölkələri içərisində ilk yeri tutur. Bu ölkə üzrə borcun həcmi ÜDM-in 239,2%-nə bərabərdir. Bu siyahıda ikinci yer Yunanıstana məxsusdur. Onun dövlət borcu ÜDM-in 179%-nə bərabərdir. Bu səviyyədə borclanan iki ölkənin iqtisadiyyatındakı durum isə tamamilə fərqlidir. Borclanmada səriştəsizliyə yol vermiş Yunanıstanın son illərdə yaşadığı ağır iqtisadi durum göz qabağındadır. Hesab edirik ki, borclanmada ölçüləri itirmiş digər ölkələr Yunanıstanın aqibətini yaşamaqdan tam sığortalana bilməzlər”.
Bəs Azərbaycanda dövlət borcu hansı səviyyədədir? Dövlət borclarımızın bu günə olan ölçüləri ölkəmizin iqtisadiyyatı və vətəndaşlarımızın yaşam tərzinə necə təsir edə bilər?
İqtisadçı bildirdi ki, Azərbaycanın bu günə olan 7,2 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərindən biridir və bu borcun adambaşına düşən həcmi 727 ABŞ dollarına bərabərdir: “Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 61,2 min dollara, Yaponiyada 71,4 min dollara, Yunanıstanda 35,1 min dollara bərabərdir. Vaxtilə bir məkanda olduğumuz indiki MDB ölkələrinin bir çoxunda bu göstərici bizdə olduğundan dəfələrlə artıqdır. Son bir neçə il ərzində xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib. Belə ki, 01 iyul 2014-cü il tarixdən 01 iyul 2017-cı il tarixə qədər ötən üç il ərzində Azərbaycanın xarici dövlət borcu cəmisi 778 milyon dollar artaraq, 6,4 milyard dollardan 7,2 milyard dollara çatıb. İqtisadi böhran şəraitində, neftin qiymətlərinin kəskin azalması səbəbindən valyuta gəlirlərimizin əsaslı şəkildə azaldığı son illər üçün bunu böyük artım adlandırmaq düzgün deyil. Sadəcə, manatın axırıncı iki kəskin devalvasiyasından sonra bu borcun həcmi manat ifadəsində artıb. Əgər manatın məzənnəsində iki kəskin devalvasiya baş verməsəydi, onda bu günə mövcud olan 7,2 milyard dollar xarici borcumuz milli valyuta ilə cəmisi 5,6 milyard manat təşkil etmiş olardı. Bütövlükdə bu günə mövcud olan xarici borcumuz Ümumi Daxili Məhsulun 18,9 faizinə bərabər bir səviyyədədir. Xarici borcun həcmi ÜDM-in 50%-dən çox olduqda bu artıq düşünmək üçün bir əsas ola bilər”.
F.Yusifov vurğuladı ki, normal borclanma bütün hallarda məqbul sayıla bilər: “Bu gün dünya ölkələrinin 70 trilyon dolları ötən xarici borcu həmin ölkələrin ÜDM-nin az qala 100%-i həcmindədir. İnkişaf etmiş bir çox ölkələrdə isə bu göstərici onların ÜDM-ni bəzən bir neçə dəfə üstələyir. 2017-ci il üçün Azərbaycanın xarici dövlət borclanmasının yuxarı həddi 4,5 mlrd. manat müəyyən edilmişdi. Lakin cari ildə borclanma ilə bağlı bəzi proseslərin uzanması səbəbindən müvafiq kredit sazişlərinin imzalanması mümkün olmayıb və gözlənilən odur ki, ilin sonuna qədər bunu etmək mümkün olmayacaq. Bu səbəbdən də cari il üçün müəyyən edilmiş borclanma limitindən 1 milyard 150 milyon manatdan da az istifadə olunması gözlənilir. Hökumət alınacaq həmin kreditlərin yönəldiləcəyi layihələrin vacibliyini nəzərə alaraq, xarici borclanma limiti üzrə cari ildə istifadə olunmamış limitin 1 milyard 150 milyon manat qalığının 2018-ci ilə keçirilməsini məqsədəuyğun hesab etmişdi. Nəticədə xarici borclanma üzrə gələn il üçün müəyyən edilmiş ilkin limit cari ildə istifadə olunmayacaq limitin həcmi qədər artırılaraq 1milyard manatdan 2 milyard 150 milyon manata çatdırılmışdı”.
Bəzi ekspertlər isə hesab edir ki, xarici borclanmanın siyasi üstünlükləri var. Belə ki, hazırda qaynayan dünyada müxtəlif güclər kiçik ölkələrdə sabitliyi pozurlar. Ancaq həmin ölkələrin bu qüvvələrin bağlı olduğu dövlətlərə borcları olduqda, bu dövləti dağıtmaqda maraqlı olmurlar.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26