Interposta.Info

Samir Şərifov: “2018-ci ilin yeni dövlət büdcəsində neftin baza qiyməti artırılır”

İqtisadiyyat
 29-06-2018, 14:19     10 561

Milli Məclisin növbədənkənar iclasında “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunur. Maliyyə naziri Samir Şərifov bildirib ki, büdcədə müsbət yöndə dəyişikliklər var

Nazir deyib ki, zəruri dövlət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlavə maliyyə təminatının formalaşdırılması üçün ehtiyac yaranıb:

“Tələb olunan əlavə vəsaitin 2018-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi imkan xaricindədir. Beləliklə, dövlət və ictimai büdcədən gəlir və xərclərin tarazlaşdırılması və əlavə xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb. 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyədə proqnozlaşdırılır. Bu rəqəm isə cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,3%-nə bərabər olacaq. Kəsirin yuxarıda qeyd olunan artımı dövlət büdcəsinin 2018-ci il yanvarın 1-nə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək. Yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mln. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır”.

S.Şərifov bildirdi ki, 2018-ci ilin yeni dövlət büdcəsində neftin baza qiyməti artırılır. Dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Bunun müqabilində cari ilin sonunadək ARDNF-ə əlavə olaraq gözlənilən 5 mlrd. 600 mln. manat daxilolmaların 1 mlrd. 750 mln. manatının dövlət büdcəsinə transfert edilməsi, gömrük inzibatçılığının gücləndirilməsi və digər islahat tədbirlərinin keçirilməsi hesabına Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozunun 725 mln. manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin 35 mln. manat artırılması, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 31 mln. manat istifadə olunması nəzərdə tutulur.

Maliyyə nazirinin sözlərinə göə, yeni büdcədə 2018-ci ilin dövlət büdcəsində gəlirləri gözlənilən ümumi daxili məhsulun 29,6%-ni təşkil etməklə 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edil iş proqnozu ilə müqayisədə 1 mlrd. 983 mln. manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 593,3 mln. manat və ya 33,9% çoxdur. Yenidən baxılma ilə xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur. Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ÜDM-in 30,9 faizinə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz-bənd, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz-bənd çoxdur.(musavat.com)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26