Interposta.Info

Dünyanın ən çox neft ehtiyatına sahib olan bölgəsi

İqtisadiyyat
 12-12-2017, 08:42     10 548

Qara qızılın qara günə saldığı Yaxın Şərq...

Məlum olduğu kimi, dünyada neft ehtiyatlarına görə, Yaxın Şərq ölkələri daha öndədir. Uzun illərdir ki, neft ehtiyatlarının həcminə görə müəyyən edilən siyahıya Venesuela, Səudiyyə Ərəbistanı liderlik edir və onu İran, İraq, Küveyt kimi şərq ölkələri təqib edir. Belə ki, dünyada təsdiqlənmiş neft ehtiyatları ötən illə müqayisədə artaraq 1,520 milyard bareldən 1,637 milyard barelə çatıb. Bununla da, dünya neft ehtiyatının ömrü 48,8 ilə yüksəlib. Ən çox neft ehtiyatına sahib olan ölkələrin siyahısına nəzər salsaq, burada birinci yerdə 296,5 milyard barellə Venesueladır. Səudiyyə Ərəbistanı isə 264.6 milyard barellə ikinci pillədə qərarlaşıb. 175, 2 milyard barelə sahib olan Kanada da üçüncüdür. İran 150.6 milyard barel neft ehtiyatı ilə 4-cü, İraq 143.5 milyard barel ehtiyatı ilə beşincidir. Azərbaycan isə bu sıralamada 14 milyard barel neft ehtiyatı ilə 17-ci yerdə qərar tutur.

Bəs görəsən, ümumilikdə dünya neft ehtiyatlarının neçə faizi Yaxın Şərqin payına düşür? Bu regionun ölkələri dünya bazarında öz sözünü deyə bilirmi? Və ya orada baş verən hadisələr neftin qiymətində nə dərəcədə rol oynayır?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, son rəqəmlərə görə, dünya neft ehtiyatlarının 40 faizindən çoxu məhz bir neçə Yaxın Şərq ölkəsinə məxsusdur: “Təbii ki, burada əsas Səudiyyə Ərəbistanıdır. Dünya neft ehtiyatlarının təxminən 9 faizi bu ölkənin payına düşür. Növbəti yerlərdə İraq və İran gəlir. Onlar da müvafiq olaraq dünya neft ehtiyatlarının 7-8 faizinə sahibdirlər. Yaxın Şərq ölkələrinin, o cümlədən Küveytin kifayət qədər böyük neft ehtiyatları var. Bu regionun neft ehtiyatları az qala dünya neftinin 40 faizini təşkil edir. Adıçəkilən ölkələr dünya neft bazarının əsas oyunçuları sayılır”.

İqtisadçı hesab edir ki, bu səbəbdən Yaxın Şərqdə baş verən hadisələr neft bazarına da təsir edir: “Neft çox həssas bir məhsuldur. Dünyada gedən proseslərin neftin qiymətinə təsirləri hər zaman olub. Ancaq bu təsirlər fundamental və qalıcı olmur. Məsələn, oktyabrdan başlayaraq neft bazarında ciddi qiymət artımı müşahidə olundu. Əsasən Şimali İraqda Kürdüstan adlanan bölgədə müstəqilliklə bağlı referendum keçirməsi ilə qiymət artımı başladı . O zaman Kərkük-Yumurtalıq-Ceyhan kəməri bağlandı, böyük miqdarda neftin dünya bazarına çıxışına əngəllər yarandı. Kərkük və Mosulda neft yataqları uğrunda döyüşlər oldu. Bu da qiymətləri sıçradan amilə çevrildi. Sonradan Səudiyyə Ərəbistanı ilə Yəmən arasında gərginlik oldu, bu gərginliyin genişlənməsi ehtimalı yaşandı və yenə də neft qiymətlərinə təsir etdi. Yəni müharibələr, siyasi münaqişələr neft bazarına təsir edir, ancaq bu təsirlər müvəqqəti olur. Bir müddət sonra neft öz ənənəvi qiymət trendinə geri dönür”.

İqtisadçının fikrincə, neftin qiyməti ilə bağlı əsas amil dünyada istehlakla istehsalın həcminin müqayisəsidir: “Hələlik dünyada neft hasilatı ilə istehlakı arasında fərq istehsalın xeyrinədir. Gündə təqribən 1,5-2 milyon barel əlavə neft hasil olunur ki, bu da istehlak olunandan daha artıqdır. Dünyanın gündəlik neft hasilatı təxminən 95-95 milyon bareldir”.

Dünya neft bazarında Azərbaycanın yerinə gəlincə, N.Cəfərli bildirdi ki, ölkəmizin günlük neft hasilatı 600 min barel civarındadır: “Bu, həddindən artıq kiçik bir rəqəmdir. Həm ehtiyatlar baxımından, həm istehsal baxımından Azərbaycan neftlə zəngin ölkələr arasından ikinci-üçüncü onluqda yer alan ölkədir. Həm ehtiyatları kifayət qədər geniş deyil. Həm də gündəlik hasilatı maksimum 1 milyon barel olub, indi isə 600 min bareldir”.

Qeyd edək ki, qara qızıl bir əvəzolunmaz sərvət olsa da, həm də Yaxın Şərqdə yaşanan hazırkı durumun əsas səbəblərindən biridir. Dünyanın neft ehtiyatlarının 40%-nə sahib olmaqla bu bölgə “qara qızıl” bazarında öz liderliyini qoruyur. ABŞ və Qərbi Avropa dövlətləri (Almaniya, Fransa, İngiltərə və s.), o cümlədən, bütün inkişaf etmiş ölkələr neft ehtiyaclarına görə xarici ölkələrdən asılı vəziyyətdədirlər. ABŞ-ın 46%, Çin 56% və Avropa İttifaqı dövlətlərinin isə 100% asılılıqları var. Qlobal siyasətdə əsas sözə malik olan bu dövlətlərin özləri qədər nəhəng iştahaları Yaxın Şərqdəki müharibələrin başa çatmasına əngəl olur. Çünki buradakı savaşlardan istifadə edərək, regionun neft ehtiyatlarını müxtəlif kanallar vasitəsilə dünya bazarına çıxarmaq daha asandır ki, bu da bazarlarda bolluq yaradır. Belə bir vəziyyət də Amerika və digər siyasi güclərə öz ehtiyaclarından artıq neft almağa imkan verir. Beləliklə, Yaxın Şərqdə sonu görünməyən müharibələrin nüvəsində dayanan səbəb neftdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26