Interposta.Info

İlin ilk 4 ayının yekunu iqtisadçı alimin şərhində

İqtisadiyyat
 1-05-2017, 09:27     464

Fikrət Yusifov: “Azərbaycan iqtisadiyyatı tədricən ötən ildəki geriləmələri arxada qoymağa başlayıb”

2017-ci ildən keçən 4 ay ərzində Azərbaycanda iqtisadi çətinliklərin aradan qaldırılması üçün müəyyən addımların atıldığının şahidi olduq. Lakin gerçək belədir ki, ölkə iqtisadiyyatını kökündən dirçəltmək, ölkənin idxal asılılığını aşağı salmaq, milli valyutamıza - manata etibarı gücləndirmək üçün hələ çox işlər görülməlidir. Bunu keçən 4 ayın yekunu da aydın şəkildə deyir.


Doğrudur, son aylarda hökumətin manatın məzənnəsini sabit saxlaması ümidlər yaradır. Amma bununla belə, dolların kursunun hələ də yüksək səviyyədə qalması bahalaşmanın davam etməsinə əsas verir ki, bu da vətəndaşlarda ciddi narahatlıq yaradır. Ekspertlər proseslərin bu şəkildə davamının müsbət nəticələr doğurmayacağını qeyd edirlər. Bundan əlavə, Azərbaycanda keçiriləcək İslam Oyunları və “Formula-1"dən sonra manatın məzənnəsinin yüksələcəyi, 2 manat 50 qəpik, hətta 3 manata qədər qalxacağı barədə proqnozlar var.

Lakin sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov nikbindir. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı ötən ildəki geriləmələri artıq arxada qoymağa başlayıb:
“Rəsmi statistikada təqdim olunan məlumatlar cari ilin üç ayının nəticələrini əks etdirir. Bu səbəbdən biz də yalnız birinci rübün yekunlarına istinad edərək, cari ildə iqtisadiyyatda baş verən prosesləri dəyərləndirə bilərik. Cari ilin birinci rübündə 2016-cı ilin birinci rübünün eyni göstəriciləri ilə müqayisədə müsbət dinamika qeydə alınıb. Bu, çox yaxşı haldır və o deməkdir ki, ölkə iqtisadiyyatı tədricən ötən ildəki geriləmələri arxada qoymağa başlayıb. Lakin burada bir məsələni də diqqətdən qaçırmaq olmaz. Keçən ilin ilk üç ayı ərzində neftin dünya bazarlarında orta qiyməti 35,1 dollar olmuşdusa, cari ilin birinci rübü ərzində bu rəqəm 54,8 dollar, yəni ötən ilin müvafiq dövründəkindən 20 dollara qədər artıq olub. Ona görə də iqtisadiyyatda bu gün baş verən pozitiv məqamlar heç kimi arxayınlaşdırmamalıdır. Real sektorun hərtərəfli inkişafını hədəfləyən islahatlar paketinin yüksək səviyyədə reallaşdırılması baş verməlidir”.

İqtisadçı alim bank sektorunda aparılmalı olan islahatlara da toxundu: “Bu gün iqtisadiyyatın real sektorunun və onun bütövlükdə inkişafının qarşısında bir böyük əngəl ağır durumda olan bank sektorudur. Ölkə iqtisadiyyatına maliyyə dəstəyi verməli olan bu mühüm sektor, təəssüf ki, sağlam durumda deyil. Bu səbəbdən islahatların sabahı naminə bank sektorunda təxirəsalınmaz islahatlar aparılmalıdır. Bankları bağlamaq islahat deyil. Ölkədə bank sisteminin yenidən qurulmasına yönəlik qətiyyətli addımlar atmaq lazımdır. Manatın məzənnəsində sabitliyin olması da ölkədə iqtisadi islahatların nə qədər sürətlə aparılmasından və iqtisadiyyatın bütövlükdə real sektora nə dərəcədə uğurla transformasiya edilməsindən çox asılı olacaqdır. Cari ilin iki ayı ərzində qeyri-neft sektorundan ixracın həcminin bir xeyli artması faktı qeydə alınıb. Ancaq bu istiqamətdə hələ çox işlər görülməlidir. Real sektordan ixrac imkanlarını maksimum genişləndirmək və ölkəyə bu hesaba valyuta axınını əsaslı şəkildə artırmaqla iqtisadiyyatın neftin qiymətlərindən asılılığını aradan qaldırmaq mümkündür. Belə olduqda milli valyutanın məzənnəsinin tam dayanaqlı olması da təmin ediləcəkdir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26