Interposta.Info

Dollar “payızda cücərə” bilər -

İqtisadiyyat
 22-09-2017, 09:41     6 264

Rəşad Həsənov: “Ölkə daxilindəki və xaricindəki mühit manatın müdafiəsinə daha çox kömək edir, nəinki dolların bahalaşmasına”

Dolların bahalaşması gözləntiləri yenidən mətbuatın gündəmində yer alıb. Lakin bu dolların bazar dəyərini alması kimi qiymətləndirilmir. Digər tərəfdən ölkənin ixrac potensialının artırıması baxımından manatın indiki məzənnəsindən daha çox möhkənlənməsi hökumətə sərf eləmir. Güman olunur ki, gələcəkdə də dəyişikliklər yalnız dolların xeyrinə ola bilər. Bu barədə “Report”un analitik qrupu şərh yazıb.

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Rəşad Həsənova görə, hazırki şərtlər daxilində dolları möhkəmləndirəcək ciddi faktorlar yoxdur:
“Ölkə daxilindəki və xaricindəki mühit manatın müdafiəsinə daha çox kömək edir, nəinki dolların bahalaşmasına. Dolların bahalaşacağı proqnoz edən ekspertlər daha çox FED-in növbəti toplantısında verəcəyi qərara və aktivlərin azaldılması ilə bağlı məlumatlara istinad edirlər. Oktyabr ayından başlayaraq aktivlərin azaldılmasına start verilməsinə baxmayaraq, bu həcmin 10 milyard ABŞ dolları səviyyəsində olması surətin daha aşağı templə davam edəcəyini nümayiş etdirir. Bu, o deməkdir ki, növbəti dövrlərdə aktivlərin mərhələli şəkildə və daha aşağı sürətlə azalması ABŞ dollarının valyuta birjalarında kəskin bahalaşmasına stimul ola bilər. Düzdür, ilin əvvəli, mart-aprel ayları ilə müqayisədə ABŞ dolları avroya və digər qlobal valyutalara qarşı dəyərini əhəmiyyətli səviyyədə itirib. Onu da nəzərə almaq lazımdır ki, indiki ABŞ hökuməti daha çox ucuz dollarda maraqlıdır. Çünki ölkənin ixrac potensialının artmasında maraqlıdırlar”.

Ekspertin sözlərinə görə, növbəti dövrlərdə də ABŞ administrasiyası öz qərarları və davranışları ilə dünya bazarında dolların kəskin möhkəmlənməməsinə çalışacaq:
“Dekabr ayında uçot dərəcəsinin artımının da bazarda dolların möhkəmlənməsinə əhəmiyyətli səviyyədə təsir göstərəcəyini düşünmürəm. Sonuncu artım zamanı da gördük ki, bazarlar FED-in qərarına ciddi reaksiya vermədi. Əksinə, sonuncu dəfə FED uçot dərəcəsini artıran zaman ABŞ dollarının qiyməti valyuta bazarında kəskin şəkildə azaldı. Bu il də uçot dərəcəsinin artırılması ilə bağlı heç bir maneə yoxdur. Ancaq bunun baş tutması da kəskin şəkildə dolların bahalaşmasını şərtləndirəməyəcək. Dollar itirdiyi mövqeyini müəyyən qədər bərpa edə bilər, bununla belə, Azərbaycanın tədiyyə balansında müsbət saldo kifayət qədər çoxdur. Eyni zamanda bu müddət ərzində ölkə öz valyuta rezervlərini də müəyyən qədər artıra bilər. İlin əvvəlindən etibarən Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat həcmində valyutanın transferinin nəzərdə tutulması, Mərkəzi Bankın da manevr imkanlarını artıran faktordur. Onsuz da ölkədə hələ də yığımlarda və depozitlərdə dollarlaşma səviyyəsi maksimum həddədir. Manat bazası da o qədər böyük deyil, ötən il 5 milyarda qədər azaldılıb. Xaricdən idxalla bağlı məhdudiyyətlər hələ də qalmaqdadır. Bu məhdudiyyətin müddəti başa çatdıqda yenidən artırıla bilər. Bu özü də manatın möhkəmlənməsinə müsbət təsir edir”.

R.Həsənov vurğuladı ki, manatın səviyyəsini əhəmiyyətli dərəcədə dəyişə biləcək əsas amil neftin qiymətidir: “Ancaq indiki şəraitdə neftin qiyməti 50 dollardan yuxarı mövqe nümayiş etdirir və ilin sonuna qədər bu istiqamətdə kəskin dəyişikliklərin olmayacağı güman olunur. Manat da psixoloji baxımdan neftin bugünkü qiymətinə daha çox uyğunlaşıb. Bu isə onu deməyə əsasən verir ki, xarici və daxili amillərin sabitliyi manatın qısa və ortamüddətli dövrdə kəskin ucuzlaşmasına əsas yaratmır. Ancaq təbii ki, risklər qalır. Bu risklər əsasən neftin qiymətindən, o cümlədən hökumətin monetar, fiskal və məzənnə siyasətindən asılıdır. Əgər bu istiqamətlərdə daha ehtiyatlı mövqe sərgilənməzsə, uzunmüddətli dövrlərdə xarici konyuktura manat üçün təhlükə yarada bilər. Ancaq hələlik mən manatın məzənnəsinin 2 dollara yüksələcəyini gözləmirəm. Əgər dolların xeyrinə hər hansı artım olsa, hazırki məzənnənin 5 faizi civarında ola bilər. Hazirki şərtlər manatın möhkəmlənməsinə yönəlib. Lakin hökumət inzibati yolla bunun qarşısını alır. Çünki hazırda möhkəm manat Azərbaycan iqtisadiyyatı üçün sərf etmir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26