Interposta.Info

Dollar 2 manatı keçə bilər...

İqtisadiyyat
 22-12-2017, 10:16     10 390

Ekspert: “Mövcud sabitlik uzunmüddətli deyil”

Azərbaycanda dolların məzənnəsi 2 manatı ötməyəcək. Bu proqnozla “AzFinance” investisiya şirkətin direktor müavini Murad Əhmədov çıxış edib.

O bildirib ki, hazırda dövlət büdcəsinin daxilolmalarında neft sektorunun payı yüksəkdir. M.Əhmədovun fikrincə, büdcə daxilolmalarında qeyri-neft sektorunun payının artması manatın məzənnəsini daha da sabitləşdirə bilər: “Buna nail olsaq, bir şeyi dəqiq deyə bilərəm ki, 1 dolların məzənnəsi 2 manatı keçməyəcək. Bizi neftin qiyməti də təəssüfləndirə bilər və bu amili unutmaq olmaz. Neftin qiyməti kəskin dəyişərsə və bizim ticarət tərəfdaşlarımızın valyutası, yəni Rusiya rublu və Qazaxıstan təngəsi ucuzlaşarsa, manat da ciddi təzyiqlərlə üzləşəcək. Dəqiq proqnoz vermək çətindir. Manatın məzənnəsinin sabit saxlanılması üçün Mərkəzi Bank tərəfindən nə qədər vəsaitin xərclənəcəyini də bilmirik. Bir daha qeyd edirəm ki, büdcə daxilolmalarında qeyri-neft sektorunun payı nə qədər çox olarsa, dolların məzənnəsi bizi daha az narahat edər”. (APA)

Onu da qeyd edək ki, şirkət rəsmisinin bu fikirləri diqqətlərin yenidən milli valyutanın dollara nəzərən məzənnəsinə yönəldib. Yaxınmüddətli dövrdə dolların Azərbaycandakı mövqeyi möhkəmlənə, məzənnəsi kəskin arta bilərmi? Bunun üçün ölkədə iqtisadi zəmin varmı? Sualları cavablandıran iqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, dolların 2 manat və ondan yuxarı həddə qədər bahalaşması ehtimalı həmişə var: “Bu il artıq arxada qalmaq üzrədir. Buna görə də yaxınmüddətli dövr kimi gələn ili götürsək, dollar-manat münasibətləri 2 amildən asılı olacaq. Bunlardan birincisi, əlbəttə, neftin dünya bazar qiymətidir. İkincisi isə hökumətin atacağı addımlardır. Əgər neftin dünya bazar qiyməti indiki səviyyədə qalarsa, yaxud ən azı 60 dolların üstündə olacaqsa, manat, necə deyərlər, özünü sərbəst hiss edə biləcək. Bu halda dolların Azərbaycandakı taleyi dünya valyuta birjalarındakı vəziyyətdən deyil, Azərbaycan hökumətinin davranışlarından asılı olacaq: hökumət istədiyi, daha doğrusu, hökumətə sərf edən səviyyəyə qədər bahalaşacaq, yaxud da ucuzlaşacaq. Seçki ili olduğunu nəzərə alsaq, 2018-ci ildə dolların kəskin bahalaşmasına imkan verilməyəcəyini bəribaşdan söyləmək mümkündür. Eyni zamanda düşünürəm ki, kəskin ucuzlaşma da olmayacaq, çünki bu, hökumətə sərf edən variant deyil. Ola bilsin ki, indiki 1,70 həddindən bir qədər aşağı düşsün, amma bu eniş kəskin olmayacaq”.

Ekspertin fikrincə, gələn il neftin dünya bazar qiyməti kəskin bahalaşarsa, manatın daha yüksək həddə möhkəmlənməsi mümkündür: “Yalnız bu halda hökumət dolların kəskin ucuzlaşmasına imkan verə bilər”.

S.Əliyev həmçinin bildirir ki, dolların kəskin bahalaşması da birbaşa neftin qiymətinə bağlıdır: “Neft bazarı kifayət qədər qeyri-stabil bazarlardan biridir. Bu baxımdan, gələn il ərzində qiymətlərin stabil qalacağına əmin olmaq mümkün deyil. Yəni neftin qiyməti kəskin şəkildə düşərsə, azından 40 dollardan aşağı olarsa, dolların bahalaşması müşahidə olunacaq. Bu halda, hökumətin məzənnəni saxlamaq imkanları müəyyən həddə qədərdir”.

Dollar 2 manatı keçə bilər...

Gələn il dollar-manat münasibətlərinin asılı olduğu ikinci amilə - hökumətin davranışlarına gəlincə, ekspert burada da xarici amillərin təsri gücünün böyük olduğu qənaətindədir: “Ola bilər ki, bizim əsas xarici ticarət tərəfdaşlarımızda valyutanın ciddi dəyərsizləşməsi baş verərsə, hökumət manatın da bir qədər ucuzlaşmasına imkan versin. Digər tərəfdən, nəzərə alsaq ki, gələn il üçün hökumətin əsas hədəflərindən biri inflyasiyanı birrəqəmli həddə salmaqdır, bu o deməkdir ki, manatın ciddi ucuzlaşması hökumətə sərf etməyən variantdır. Gələn il üçün manatın məzənnəsinə təsir edə biləcək daha bir amil, az gözlənilən olsa belə, seçkilərə görə siyasi gərginliklərin yaşanması ola bilər. Ciddi siyasi gərginliklər olarsa, dolların bahalaşması baş verə bilər”.

S.Əliyevin fikrincə, dollar-manat münasibətlərindəki indiki sabitlik hər bir halda müvəqqətidir: “Manatın məzənnəsinin neft qiymətləri kimi hər an dəyişə bilən göstəricidən asılı olması heç də yaxşı perspektiv vəd etmir. Hesab edirəm ki, dolların 2 manat və ondan da yuxarı həddə qədər bahalaşması zaman məsələsidir. Ola bilər ki, yaxınmüddətli dövrdə - tutalım yaxın aylarda bu baş verməsin, amma fikrimcə, mövcud sabitlik uzunmüddətli deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26