Interposta.Info

Manat nə vaxt ucuzlaşa bilər?

İqtisadiyyat
 23-05-2017, 21:44     587

Mayın 24-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) may ayında keçirdiyi iclasın yekunu açıqlanacaq. "Bloomberg" agentliyinin xəbərinə görə, yekun rəydə iyun ayı iclasında faizlərin mümkün artırılması ilə bağlı açıqlamalar ola bilər. Qeyd edək ki, mayda keçirilən iclasdan sonra iyun iclasında uçot dərəcəsinin artması ehtimalı 90%-ə qədər yüksəlsə də, son günlər ABŞ prezidenti ətrafında yaranan qalmaqal və bəzi zəif iqtisadi göstəricilər ehtimalları 60%-ə qədər azaldıb.

"Marketwatch" araşdırma şirkətindən verilən xəbərə görə, Kanadanın "TD Securities" investisiya bankının analitikləri FED-in müsbət açıqlamalar verəcəyini gözləyirlər. Yəni, FED-in çərşənbə günü veriləcək açıqlamaları uçot dərəcəsinin artırılması ehtimallarını yenidən yüksəldə bilər.
"Capital Economics"in baş iqtisadçısı Pol Eşvort isə hesab edir ki, əmək bazarı göstəricisi FED-in uçot dərəcəsini artırması fikrini dəstəkləyəcək. İşsizlik göstəricisi 4,4%-ə enərək 2007-ci ildən bəri ən aşağı səviyyəyə geriləyib. Lakin inflyasiya göstəricisi son 2 ayda bir qədər yumşalıb.

Bəs görəsən Azərbaycan iqtisadçıları bu haqda nə düşünür? Analitiklərimiz FED-in uçot dərəcələrini artıracağın gözləyirlərmi? Müsbət qərar olarsa, manatın taleyi necə ola bilər?

Bu sualları cavablandıran Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, manatın məzənnəsi qeyd olunan amillərlə yanaşı idxal-ixrac əməliyyatlarının həcmindən, dünya bazarında neftin qiymətindən, Azərbaycanın daxili maliyyə bazarında olan vəziyyətdən asılıdır: “Əlbəttə, İslam Oyunlarının yekunlaşması da bu prosesə müəyyən qədər təsirini göstərəcək. Lakin bundan sonra da qısa müddət ərzində manatın məzənnəsi qorunub saxlanılacaq. Çünki Mərkəzi Bank tərəfindən ölkədə tənzimlənən üzən məzənnə siyasəti həyata keçirilir. Doğrudur, artıq Mərkəzi Bankın da ehtiyatları azalıb, əsasən Neft Fondunun ehtiyatlarından istifadə edirlər. Ancaq ölkənin daxili maliyyə bazarında pul kütləsi də müəyyən qədər azaldılıb. Bu da manatın məzənnəsinin stabilləşməsinə təsir edir. Amma bunlar hamısı müvəqqəti variantlardır. Ola bilər ki, bir neçə aydan sonra müəyyən dəyişiklik olsun. Ancaq hələ ki, manatın qorunub saxlanılması gözlənilir”.

V.Əhmədov milli valyutanın məzənnəsinin uzun müddət qorunub saxlanılması nəticəsində kəskin devalvasiyanın ola biləcəyi ehtimalına da toxundu: “Bunun üçün bir çox amillər var. Beynəlxalq Bankla bağlı yaşananlar, dünya bazarında baş verənlər və digər məsələlər hamısı manatın məzənnəsini müəyyən edən amillərdir. Lakin məzənnənin qorunması üçün müəyyən tədbirlər həyata keçirilir, bunlardan biri də odur ki, dövriyyədəki pul kütləsi azaldılıb. Həmçinin banklardakı vəsaitlərin nağdlaşdırılması ilə bağlı məhdudiyyət qoyulub. Bunlar hamısı manatın saxlanılması üçün olan variantlardır. Ancaq bütün bunlar manatın uzunmüddətli sabitliyi üçün yetərli deyil. Bir neçə aydan sonra manat ucuzlaşa bilər”.

İqtisadçı ekspert , hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, manatın ucuzlaşması üçün bütün iqtisadi amillər var: “Bu amillərdən ən başlıcası odur ki, iqtisadiyyata pul kütləsi lazımdır, əks halda tam iflic olacaq, buna görə də Mərkəzi Bank pul kütləsini artırmağa məcbur olacaq. Bu proses ən geci payızda baş verəcək. Digər tərəfdən, Beynəlxalq Bank qalmaqalı faktiki olaraq, dövlət üçün 3 milyard dollardan çox valyuta itkisi deməkdir. Valyuta ehtiyatlarının azalması isə onun dolların dəyərinin artmasının əsas səbəblərindən olmalıdır. Eyni zamanda İslam Oyunlarının medalçılarına və məşqçilərinə 25 milyon manatdan çox mükafat veriləcək. Bu da az məbləğ deyil və dollara tələbatı artıracaq. Çünki qaliblər bu gəliri əsasən dollara çevirərək saxlamağa üstünlük verəcəklər. Nəhayət, Federal Ehtiyat Sistemi indi olmasa da , il ərzində faiz dərəcəsini yenə artıracaq və bu da dolların bahalaşmasına aparacaq.

İqtisadçı gələn aydan başlayaraq dolların tədricən bahalaşmasını, payızda isə kəskin bahalaşmasını proqnozladırır: “Bunun qarşısını yalnız valyuta ehtiyatlarını xərcləməklə və iqtisadiyyatı yenə pulsuz qoymaqla almaq olar. Amma bu da çox davam edə bilməz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26