“Köçkünlərlə bağlı son qərar doğru addımdır” –

Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamı dəyərləndirən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu ölkə başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür.
Qeyd edək ki, fərmana əsasən fərdi qaydada sayğacların quraşdırılması texniki baxımdan mümkün olmayan yerlərdə həm elektrik enerjisinə, həm qaza, həm də suya görə ödəniş 2017-ci ilin 1 yanvarından Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən əvvəlki qaydada və əvvəlki limitə uyğun olaraq ödəniləcək.
Əli Həsənov onu da əlavə edib ki, söhbət yataqxanalardan, pansionatlardan, yarımçıq tikililərdən gedir. Qeyd edib ki, fərmanın növbəti bəndi qaz olmayan yerlərdə məskunlaşan məcburi köçkünlərə aiddir: “Elektrik enerjisinə görə limit müəyyənləşəcək və bu limit “Qaçqınkom” tərəfindən mərkəzləşmiş qaydada “Azərişığ”a ödəniləcək. Su, qaz isə yenə əvvəlki qaydalara uyğun mərkəzləşmiş qaydada ödəniləcək. Bu zaman elektrik enerjisinə görə limit dəyişəcək, çünki bu burada qaz yoxdur, tam sərfiyyat olur. Bu işi başa çatdırmaq üçün “Qaçqınkom”, yerli icra hakimiyyətləri, işğal altındakı icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ciddi işləməlidir”.
Qeyd edək ki, bununla artıq ikinci dəfədir ki, ölkə başçısı imzaladığı sərəncamda dəyişiklik edir. Ekspertlər hesab edir ki, bu cür təkliflər prezidentə təklif olunarkən müvafiq, məsul şəxslər tərəfindən hərtərəfli araşdırılmır və əsaslandırılmır. Bu qərarların ictimaiyyətdə doğuracağı reaksiya düzgün hesablanmır. Məhz bu səbəbdən hökumət cəmiyyətdəki gərginliyi yatırmaq, sabitliyi qorumaq üçün etirazla qarşılanan qərarlara düzəliş edir.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkə başçısının son addımı vaxtında və doğru verilmiş bir qərardır: “Əlbəttə ola bilər ki, cənab prezidentə ilkdə düzgün məlumat verilmir. Cənab prezident sonradan vəziyyəti araşdırıb və görüb ki, məsələ ona deyildiyi kimi deyil, əksinədir. Ona görə də belə sərəncam imzalamağa ehtiyac görüb. Doğrudan da elə yerlər var ki, oraya sayğacları qoymaq qeyri-mümkündür, çox vaxt aparacaq, çox vəsait sərf olunacaq. Ona görə də qərara gəlinib ki, elə köhnə qiymətlər qalsın, məsələ həll olunsun və problem yaranmasın. Ancaq mən ötən dəfə də demişəm, indi də demək istəyirəm ki, burada söhbət daha çox məcburi köçkünlərin həqiqi siyahısının çıxarılmasından gedir”.
Deputatın sözlərinə görə, həm icra hakimiyyətləri, həm Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi birlikdə müəyyən etməlidir ki, hansı məcburi köçkünlərin vəziyyəti problemlidir: “Elə məcbur köçkünlər var ki, işi də var, evi də, maşını da var, ehtiyacı yoxdur. Ancaq çoxları da ehtiyac içindədir. Onların həqiqi siyahısını dəqiqləşdirib əlavə vəsaitlə təmin etmək lazımdır. Atılan addım müsbət addımdır. Qazdan istifadə ilə bağlı verilən 20 manatı da əlavə məsrəfləri ödəmək üçün saxlamaq olar. Fərman veriləndə bütün bu məsələlərə baxılmalı idi, hesablanmalı idi, dəqiq məlumatlar olmalı idi. Ola bilər ki, müəyyən ştrixlər yaddan çıxsın. Ölkə başçısının son sərəncamı müsbət addımdır. Çünki burada iki dəyişiklikdən söhbət gedir. Qaçqınlara həm 20 manat müavinə verilir, həm də sayğac quraşdırılması çətin olan yerlərdə əvvəlki qayda tətbiq olunur. Bu müsbət haldır və burada elə bir əlavə problem qalmayacaq”.
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sərəncamı əsaslandırıb prezidentin qarşısına aparanlar bu situasiyanı nəzərə almalı idilər: “ Prezident bu sahəyə aidiyyatı olan nazirlərdən və ya özünün təyin etdiyi şəxslərdən bilgilər alır. Bu təklifləri edənlər həm də onu doğru şəkildə əsaslandırmalıdırlar. Hesab edirəm ki, bu doğru əsaslandırma deyildi. Buna görə də bu qərar verildikdən sonra narazılıqlara səbəb oldu. Prezident də vəziyyəti düzgün qiymətləndirərək güzəştlərin verilişini bərpa etdi. Bunu məmurlar - prezidentin vəzifəyə qoyduğu şəxslər də nəzərə almalıdırlar və əsaslandırmalarını reallığa, vəziyyətə adekvat hesablamalıdırlar. Təəssüflər olsun ki, belə deyil. Kim necə düşünürsə, necə əsaslandırırsa, o cür də təqdim edir, nəticədə çox zaman özünü doğrultmur”.
Partiya sədrinin sözlərinə gör, məhz ictimai narazılıq ölkə başçısının bu addımına səbəb olub: “Heç bir dövlət rəhbəri istəməz ki, onun idarə etdiyi cəmiyyətdə sosial narazılıq olsun. Xüsusilə də sosial narazılıq bütün iqtidarları çox ciddi şəkildə narahat edir. Bu qərardan sonra da sosial gərginlik elementləri az deyildi. Məcburi köçkünlər çox müdafiəsiz bir təbəqə idi. Həmin müdafiəsiz təbəqənin bu şəkildə yüklənməsi heç bir halda nə qaçqınların, nə cəmiyyətin , nə də iqtidar komandasının xeyrinə deyil. Hesab edirəm ki, bu qərar ümumiyyətlə ləğv olunmalı idi. İşıq pulundan gələn 300 milyonun da ilk iki aydan sonra nə qədər gecikəcəyinin və dövlətin gözlənilən vəsaiti ala bilməyəcəyinin fərqində olmalıdırlar. Köhnə limitlər bərpa olunmalıdır. Ümumiyyətlə, elektrik enerjisinin tarifləri köhnə qiymətlərə qayıtmalıdır. Artıq məcburən bir çox evlərdə və iş yerlərində elektrik enerjisinə qənaət edilir, istifadə azalıb. İstifadə azaldıqca ödəmələr az olur və büdcə də boşalır. Ona görə də hesab edirəm ki, bununla büdcəni doldurmaq və ya “Azərenerji”nin borclarını ödəmək siyasəti yanlışdır. Çünki o pul oraya daxil olmayacaq”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26