ABŞ-ın Dünya Kuboku sınağı - Qalmaqallar davam edir
2026 FIFA Dünya Kubokuna sayılı günlər qalmış turnir futbol həyəcanından çox qalmaqallarla gündəmə gəlir.
Goldmedia.az xəbər verir ki, bv sahibi ölkələrdən biri olan ABŞ-da bir çox milli komanda üzvlərinə və rəsmi şəxslərə qarşı viza məhdudiyyətləri, uzun təhlükəsizlik yoxlamaları və ölkəyə giriş qadağaları müzakirələrin mərkəzinə çevrilib.
Hələ ilk oyun başlamadan Dünya Kuboku ən çox mübahisə doğuran turnirlərdən birinə çevrilib. Turnir ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək və açılış oyunu Mexiko şəhərində baş tutacaq.
İran milli komandası və viza məhdudiyyətləri
İran milli komandasının üzvlərinin ABŞ-a girişində məhdudiyyətlər tətbiq edildiyi bildirilir. Komandanın Meksikanın Tijuana şəhərində düşərgə qurduğu və ABŞ-a yalnız oyun günləri yaxınlaşdıqda daxil olub dərhal geri çıxmalı olduğu qeyd edilir. İran Futbol Federasiyası həmçinin bəzi inzibati heyət üzvlərinin vizalarının təsdiqlənmədiyini açıqlayıb.
İraq futbolçusu 7 saat sorğuya çəkildi
İraq milli komandasının futbolçusu Aymen Hüseynin Çikaqo hava limanında 7 saatlıq təhlükəsizlik sorğusuna məruz qaldığı bildirilir. Komanda üzvlərinin digər hissəsi ölkəyə buraxılsa da, futbolçu əlavə yoxlamadan keçib. Komanda ilə səfər edən rəsmi fotoqrafın isə ABŞ-a girişinə icazə verilməyib.
Seneqal və Özbəkistan komandalarına ciddi yoxlamalar
Məlumata görə, Seneqal milli komandasının üzvləri hava limanında detallı təhlükəsizlik yoxlamalarından keçirilib. Oxşar görüntülər Özbəkistan millisinin ABŞ-a gəlişi zamanı da qeydə alınıb. Komanda üzvlərinin polis itləri və metal detektorlarla yoxlandığı bildirilir.
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro da hava limanında yoxlamaya cəlb edilib.
Breel Embolo viza problemi yaşadı
İsveçrə millisinin futbolçusu Breel Embolonun ESTA icazəsinin uçuşdan az əvvəl ləğv edildiyi, daha sonra isə səfirlikdə görüşdən sonra yenidən təsdiqləndiyi qeyd edilir.
Cənubi Afrika millisində viza böhranı
Cənubi Afrika millisinin ABŞ-a səfərinin bəzi oyunçuların viza problemləri səbəbindən təxirə salındığı bildirilir. Federasiya vəziyyəti ciddi bürokratik problem kimi qiymətləndirib.
Somalili hakim turnirdən kənarlaşdırıldı
FİFA tərəfindən təyin olunan somalili hakim Ömər Əbdülqadir Artanın ABŞ-a girişinə icazə verilmədiyi və turnir heyətindən çıxarıldığı açıqlanıb.
Turnir başlamadan artan gərginlik
Bütün bu hadisələr 2026 Dünya Kubokunun hələ başlamadan ciddi diplomatik və təşkilati müzakirələrə səbəb olduğunu göstərir. FIFA və ev sahibi ölkələrin mövzu ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.\qaynarinfo
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




