Interposta.Info

Millimizin üzvü: "Tər tökmək, çox çalışmaq lazımdır"

İdman
 12-06-2023, 13:05     278

Ötən həftə DÇ-2024-ün elit-raund mərhələsinin püşkü atıldı. A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla gücünü sınayacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Millimizin üzvləri zaman-zaman püşklə bağlı açıqlamalar verir, rəqibləri və komandamızın şanslarını dəyərləndirir. Bu dəfə komandamızın ən təcrübəli oyunçularından Edurdo Borges fikirlərini bölüşüb.

O, Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

"Bu mərhələdə asan qrup arzulamaq mümkün deyil, daha doğrusu real deyil. Təsəvvür edin, 48 komanda yarışa başlayıb və elit-raunda cəmi 20 milli vəsiqə qazanıb. Deməli, sona qalan 20 milli ələnən 28 komandadan güclüdür ki, bu mərhələdə oynamaq hüququ qazanıb.


Əlbəttə, heç bir uğur asan qazanılmır. Tər tökmək, çox çalışmaq lazımdır. İnanıram ki, futzalçıların, məşqçi, texniki və idarə heyətinin gərgin əməyi və fədakarlığı sayəsində biz yenidən dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağıq. Bunun üçün əlimizdən gələni ən yaxşı şəkildə edəcəyik. Komandalara baxsaq, Qazaxıstan qrupun favoritidir. Onlar dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində iştirak ediblər. Bu da komandanın gücündən və sabit oyunundan xəbər verir. Rumıniya, Niderland və Azərbaycan millisi aşağı-yuxarı bərabər gücdədirlər. Buna görə də qrupumuzda oyunlar çox maraqlı və gərgin keçəcək. Xüsusilə də hər bir komanda öz meydanındakı oyunlarda qələbə qazanmaq üçün bütün gücünü səfərbər edəcək. Vacib olan oyunlara yaxşı hazırlaşmaq, zədəsiz və cəzasız şəkildə komandaya kömək etməkdir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26