Interposta.Info

Son pillədə olan komandanın baş məşqçisi: “O klublarda çalışmaq istərdim”

İdman
 22-02-2022, 17:19     281

Son pillədə olan komandanın baş məşqçisi: “O klublarda çalışmaq istərdim”

Turnir cədvəlinin son pilləsində məskunlaşan "Səbail”in durumu heç də qənaətbəxş deyil. İstər maliyyə, istər futbolçu baxımından digərlərindən geri qalan paytaxt komandası bu mövsümü, görünən odur ki, birtəhər keçirməyə çalışır. Dolayısıyla klubun sonunun da necə olacağı, yaşayıb-yaşamayacağı, növbəti mövsümə "sağ çıxıb-çıxmayacağı” məlum deyil.

Komandanın baş məşqçisi Aftandil Hacıyev Qaynarinfo-ya müsahibəsində məhz bu durumla bağlı fikirlərini bölüşüb. Hacıyev "Qarabağ”ın Konfrans Liqasında "Marsel”lə keçirəcəyi oyundan əvvəl şansları da dəyərləndirib.

- "Səbail” artıq 8 oyundur qələbə üzünə hərətdir. Bunu həyəcan siqnalı hesab etmək olar?

- Heç-heçələr edirik. Amma qələbə qazanmaq üçün bir çox amillər önəmlidir. Rəqiblərin heyəti fərqlidir. Bizim üçün olduqca çətindir. İtkilərimiz, zədəlilərimiz var. Hər oyun 4-5 nəfər olmur. Qələbə qazanmaq üçün optimal heyətlə çıxış etmək vacibdir. Biz isə hər dəfə fərqli heyətlə çıxış edirik. Siqnal deyəndə, onuz da bilirdik ki, yüksək yerlər uğrunda rəqabət aparmağımız çətin olacaq. Toparlanmalıyıq, uzun müddət qələbə qazana bilməməyimiz bizi də razı salmır. Çalışacağıq qalan oyunlarda, zədəlilər də qayıdandan sonra istədiyimiz xalları qazanıb turnir cədvəlində mövqeyimizi yaxşılaşdıraq.

- Ardıcıl uğursuzluqların təsirindən çıxmaq niyə çətindir?

- İtkilər, zədələr vacib amillərdir. Həm də rəqiblərimizlə müqayisədə heyətimiz geniş deyil. Bundan əlavə, məşq etdiyimiz meydança da işimizi ağırlaşdırır. Bu meydançada hər gün məşq etmək, oynamaq, futbolçuların sağlamlığını qorumaq çətindir. Hərtərəfli maneələr var. Rəqiblərin heyətində legionerlərin sayı bizdən ikiqat çoxdur.

- Meydança ilə bağlı rəhbərliyə müraciət etmisiniz?

- Müraciət etmişik. Hazırda BOS-la danışıqlar aparılır. Ola bilər müqavilə bağlayıb, yaya qədər yardımçı meydançada məşq edək. Ən azı orada məşq edib, oyundan-oyuna bura gəlmək, futbolçuları zədədən qorumaq daha yaxşı variantdır. Hazırda danışıqlar gedir, müqaviləni yeniləmək istəyirik. Köhnə müqaviləyə əsasən borclarımız var. Onlar ödənmək üzrədir. İstəyirik yenidən ora qayıdaq.

- Heyətinizdə gənc, yerli futbolçuar daha çoxdur. Azərbaycanlı futbolçularda da belə bir xüsusiyyət var ki, çətin duruma düşəndə toparlanmaları gec olur. Üstəlik turnir cədvəlindəki mövqeyinizi nəzərə alsaq, belə görünür ki, "Səbail” mövsümün sonuna qədər toparlana bilməyəcək...

- Üzərimizə düşən vəzifə komandanı toparlamaqdır, futbolçuların mübarizə aparmasıdır, onları taktiki baxımdan hazırlamaqdır. Bu aspektlərə getdikcə daha çox fikir veririk. Hələ də bizə yaxın olan rəqiblərdən çox uzaqalaşmamışıq. Sona qədər şansımızdan yararlanmağa çalışırq. Qarşıda hələ 12 tur var. Oyunlarda çox şey dəyişə bilər. Bu, yaxşı mənada ola, yaxud istədiyimiz kimi alınmaya bilər. Qarşımıza qoyulan məqsəd yerli futbolçuların inkişafıdır. Bu gün bizim qazancımız gənc futbolçuların inkişafıdır, nəinki kasad heyətlə üst pillələrdə avrokuboklara vəsiqə uğrunda oynamaq. Həqiqətən bugünkü heyətlə avrokuboklara vəsiqə uğrunda oynamaq olduqca sadəlövhlükdür. Bütün hallarda qərarlaşdığımız mövqe də bizi razı salmır. Rəqiblərdən geri qalsaq da, bu durumdan çıxmaq üçün çalışacağıq.

- Son vaxtlar yerli futbolçularla müqavilələr bağlayırsınız. Ən azı mövsümün sonuna qədər bu, davam edəcəkmi?

- Bəli, rəhbərliklə danışılqarımız olub ki, daha çox yerli futbolçularla çıxış edək. Diqqətdən kənar qalanlara şans veririk. Bunlar əvəzedicilərdən gələnlər və ya Turan Bayramlı kimi klubsuz qalanlar olur. Ən azından mübarizə aparmaq istəyirik. Hazırda sonuncu pillədəyik. Burdan uzaqlaşa bilsək, fikrimcə, komanda üçün uğur olar.

- İcraiyyə Komitəsinin yeni mövsümdən Premyer Liqada 10 komandanın olması ilə bağlı qərarı sizə rahatlıq verir?

- Rahatlıq deyəndə, nə vaxtsa 10 komanda olmalıdır. Düşünmürəm ki, bu qərar çempionat gedə-gedə verilməli deyil. Komanda sayı açıqlanmalıdır. Bunun baş verməsinin vaxtı fərq etməz. Sadəcə, Birinci Diviziondan hansısa komandanın Premyer Liqaya yüksəlməsi və ya əksinə, yuxarıdan aşağı kiminsə düşməsi prinsipləri olmalıdır ki, rəqabət artsın. Motivasiya baxımından futbolçular üçün stimuldur.

- Sonuncu mətbuat konfransında bildirmişdiniz ki, bəzi futbolçular sona qədər mübarizə aparmır. Bu, nəyə işarədir?

- Müxtəlif amillər ola bilər. Futbolçularla danışmaq lazımdır. Psixoloji problemlər, yaxud bizim bilmədiyimiz məqamlar ola bilər. Səbəblərini daxili iclasda özümüz üçün araşdıracağıq. Bəlkə kimlərsə, nəyisə səhv başa düşüb. Ümumi variantları gözdən keçirəcəyik. İstəksiz oynayanlarla danışacağıq. Kənardan baxanlar da bunu sezə bilirdi. Baş verənləri yalnız mən görmürəm. Fubol elədir ki, emosiyasız oynamaqdansa, oynamamaq daha yaxşıdır. Hazırda ciddi problem yoxdur. Sadəcə, həvəssiz çıxış emək istəyində olanlarla söhbətlər aparacağıq. Belə futbolçularla uzunmüdətli iş görməyin mümkünlüyünü düşünmürəm. Onları dinləmək lazımdır. Hazırda heç bir futbolçuya klubun borcu yoxdur. Məni də narahat edən budur.

- "Səbail”in bu duruma düşməsində hakimlərin rolu nə qədər oldu?

- Hakimlik haqda çox danışmaq istəmirəm. Onsuz da bu, elə məsələlərdir ki, tək bizə qarşı deyil, hər oyunda bu səhvlər baş verə bilər. Vacib odur ki, qərəz olmasın. Son illər daha çox gənc hakimlər idarəçilik edir. Onlara təcrübə lazımdır. Gənclərin səhv etməsi normaldır. VAR sistemi gələndən sonra bəlkə daha asanlaşar.

- Maliyyə probemləri, komandanın durumu, ardıcıl uğursuzluqlar... Sanki "Səbail”ə qarşı rəhbərlik, yaxud sponsorlar tərəfindən diqqətsizlik göstərilir...

- Əksinə, son zamanlar rəhbərlik komanda ilə daha çox və yaxından maraqlanır. Hazırda ciddi problemimiz də yoxdur ki, bizi narahat etdiyini deyim. Yaydan futbolçularla danışılan şərtlər vaxtında yerinə yetirilir. Burda "az-çox” söhbəti var. Rəqiblərdən geri qalmağımız yay və qış fasiləsindəki transferlərdən asılıdır. Hansı ki, artıq geridə qalıb. Heyətimiz rəqiblər qədər geniş deyil. Amma bu, o demək deyil ki, rəhbərlik istəmir. Rəhbərliyin imkanları daxilində komanda formalaşıb. Şəraiti daha da yaxşılaşdırmaq istəyiriksə, növbəti mövsüm haqda indidən düşünmək lazımdır. Hazırda çempionata köklənmişik. Oyunlar gedə-gedə söhbətlərimiz olacaq.

- Son vaxtlar, heç baş məşqçi postundan istefa verməyi düşünmüsünüzmü?

- Yükək pillələr uğrunda oynamaq, rəqibərlə başabaş mübarizə aparmaqla bağlı qarşıma ciddi şərt qoyulsaydı və mən bunu bacarmasaydım, əlbəttə ki, düşünmək olardı. Çempionatın əvvəlindən bilirdik ki, istqamətimiz nədir, hansı futbolçularla yola çıxırıq. Həm də "Səbail” mənə Premyer Liqanın qapısını açan ilk klub olduğu üçün bu 4 ildə gələn təkliflərə isti baxmamışam. Yaxşı gündə birlikdə olmuşuqsa, pis gündə atıb qaçmaq lazım deyil. Ona görə bu haqda düşünmürəm. Başa düşürəm, nəticənin olmaması karyerama mənfi təsir edə bilər. Ümid edirəm ki, "Səbail” bir gün yüksək pillələr uğrunda mübarizə aparmaq üçün irəli addımlayacaq.

- Bilirəm ki, öz üzərinizdə çalışan azsaylı məşqçilərdənsiniz. "Səbail”də qalmaq məşqçi kimi inkişafınıza mane olmur?

- Hazırda 8 komanda var. Məşqçilər üçün də geniş seçim yoxdur ki, gedib daha iddialı klubda çalışsınlar. Ölkə futboluna faydalı olacağamsa, hansı klubda olmağıma baxmayaraq, öz töhfəmi verməyə çalışıram. Bəlkə rəqabət, komanda sayı arta, seçimlər genişlənə. Belədə klublar şərait baxımından da rəqabət aparacaq. Belə hallarda, əlbəttə, daha iddialı və qarşısına ciddi hədəflər qoyan klublarda çalışmaq istərdim. İnanıram ki, "Səbail” bir gün ilk ilindəki kimi qarşısına ciddi hədəflər qoyacaq. Olmasa belə, ən azı mükafatçılar sırasına düşməyə çalışmalıdır. Bunun üçün də hamı əlindən gələni əsirgəməməlidir. Mən bu gün buradayam, sabah da hansı hədəflər olacaqsa, işimi ona görə quracağam.

- Bəs indiki vəziyyət dəyişməsə necə?

- Gələcək haqda nəsə deyə bilmərəm. Klub necə qərar verəcəksə, ona görə hərəkət edəcəyəm.

- Bu müddətdə xaricdə çalışmaq imkanı, təkliflər olubmu?

- Yalnız menecerlər səviyyəsində olub. Elə ciddi təkliflər gəlməyib.

- "Qarabağ”ın sabiq futbolçusu kimi "Marsel”ə qarşı şanslar haqda nə düşünürsünüz?

- İlk oyun həqiqətən müsbət fikirlər oyatdı. "Marsel” səviyyəsində komandaya qarşı hansı oyun üslubunu seçəcəkləri maraqlı idi. Sadəcə, şanssızlıq yaşadılar. Qapılarında daha "ucuz” qollar gördülər. Oyun baxımından "Qarabağ" geri qalmadı. Hətta "Marsel”dən daha üstün göründü. Bakıda da yaxşı nəticə qazana bilərlər. Olmasa, komandanın nəhəng rəqibə qarşı çıxışı hər kəsdə müsbət fikir formalaşdırdı.

- "Qarabağ” "Marsel”ə nədə uduzdu?

- Məncə, ustalıq səviyyəsi "Marsel”də daha yüksək idi və bunun nəticəyə təsir etdiyini düşünürəm. Kollekiv oyun baxımından isə "Qarabağ” meydanda daha yaxşı görünürdü. Fərdi keyfiyyətlər əsas rol oynadı. Əlbəttə, Bakıda rəqibi keçmək mümkündür. 2:0-lıq hesab matçın əlavə vaxta qədər uzanmasına gətirib çıxara bilər. Fransadakı qol vəziyyətlərini, oyuna nəzarət etməsini nəzərə alsaq, niyə də mərhələni keçmək mümkün olmasın? Hər şey oyunun gedişatından asılı olacaq. Bəlkə "Marsel” üçün daha yaxşı hesabdır. Ancaq "Qarabağ” minimum səhvlərə yol versə, rəqib qapısına iki top vurmağa yaxındır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26