Interposta.Info

Tokio 2020: Azərbaycanlı cüdoçudan gümüş medal

İdman
 27-07-2021, 16:43     490

Monqolustan yığmasının heyətində çıxış edən əslən azərbaycanlı cüdoçu Səid Mollayi Tokio 2020-nin gümüş medalını qazanıb.

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan Mollayi, 81 kiloqram çəki dərəcəsinin finalında yaponiyalı Takanori Naqaseyə uduzaraq Monqolustana cüdo yarışlarının üçüncü və ən yüksək əyyarlı mükafatını qazandırıb.

2019-cu ilədək İran bayrağı altında yarışlara qatılan, bu arada 2018-ci ildə Bakıda təşkil edilən dünya çempionatında qalibiyyət sevinci yaşayan 29 yaşlı cüdoçu, Tokioda keçirilən DÇ-dən sonra ölkəsinin vətəndaşlığından imtina edib.

Belə ki, o, mundialda İsrail cüdoçusu Saqi Muki ilə üz-üzə gəlmək ehtimalı olduğuna görə, yerli rəsmilərin təzyiqi ilə üzləşdiyini, qarşısına yarışdan imtina tələbi qoyulduğunu bildirmişdi.

Təzyiq səbəbi ilə Mollayi Almaniyadan sığınacaq istəmiş, sonradan isə Monqolustan Cüdo Federasiyasının prezidenti, həmçinin dövlət başçısı Xaltmaaqiyn Battulqanın dəvəti ilə bu ölkənin cüdo millisində yarışmağa başlamışdı.

Qeyd edək ki, Mollayi Tokio 2020-nin 1/8 finalında Azərbaycan təmsilçisi Murad Fətiyevi məğlub edib./fanat.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26