Interposta.Info

Qurbanovun “Qafqaz Barselonası” - Türk mediası

İdman
 25-08-2017, 18:37     10 440

Danimarkanın “Kopenhagen” klubu üzərində tarixi qələbə ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” klubu qardaş ölkə mətbuatının da marağına səbəb olub. “Qarabağ” klubunun rəhbəri Tahir Gözəl Türkiyənin “Sabah” qəzetinə maraqlı açıqlamalar verib.

Axar.az qəzetin müxbiri, futbol şərhçisi Uğur Qaraqulluqçunun klubumuzun tarixi zəfəri barədə hazırladığı yazını təqdim edir:

Savaşın uşaqları futbolla baş qaldırdı. Əvvəl Avropa Liqasına vəsiqə, sonra 2 nömrəli kubokda davamlılıq, indi isə Çempionlar Liqası qrupları! İşğal edilmiş torpaqların övladları - “Qarabağ”lıların tarixi uğuru Avropanı sardı.

1993-cü ildə çempion olduqdan sonra Ermənistan ordusunun bölgəni işğalı ilə stadionu da dağıdılan “Qarabağ” 24 il sonra faciəli hekayəsini Avropa meydanlarında eşitdirir. İşğal dövründə dünyaya gəlmiş Qara Qarayevin oynadığı, ölkənin futbol əfsanəsi Qurban Qurbanovun rəhbərliyində “Kopenhagen”i sıradan çıxararaq Nəhənglər Liqasına vəsiqə qazanan “Qarabağ” Avropada günün mövzusuna çevrilib.

Sirrimiz səbir və davamlılıqdı

Tahir Gözəl: “Klubumuzla yanaşı digər komandalar və milli də son illər təşkil edilən yarışlarda rəqiblərinə müqavimət göstərə bilirlər. Bugünki vəziyyətə gəlməyimizdə əsas səbəb səbir və davamlılıqdır. Təbii ki, nəticələrin daha davamlı olması bizim üçün çox vacibdir. Bütün işlərimizi Azərbaycan Futbol Federasiyası ilə razılaşdırırıq.

Türk məşqçilərin önəmi

“Qarabağ”da 2001-dən idarəçilik vəzifəsini həyata keçiririk. Əvvəlcə Türkiyədən Hamdi Serpil Tüzünlə razılıq əldə etdik. 2009-a qədər bizimlə bir yerdə olan çox dəyərli məşqçimizin yetişdirdiyi, hələ də Azərbaycan klublarında və millidə oynayan bir çox futbolçu var.

Qurban Qurbanovun gəlişi “Milad” oldu

Baş məşqçimiz Qurban Qurbanovun gəlişi klubumuz üçün yeni bir dövrün başlanğıcı oldu. Bildiyiniz kimi, ardıcıl 3 il Avropa Liqasında mübarizə aparmışdıq. Bu il hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi və buna nail olduq. Komandamız daha yaxşısını bacaracaq birlik, bərabərlik və motivasiyaya sahibdir”.

“Qafqazın Barselonası”

“Qarabağ”da uzun müddətdir məşqçi kimi çalışan Qurban Qurbanov əsl Pep Qvardiola heyranıdır. Belə ki, Qurbanov 2012-ci ilin əvvəlində klubundan icazə alaraq bir müddətlik “Barselona”nı ziyarət etmiş və Qvardiola ilə çalışmaq şansını əldə etmişdir. Qurban Qurbanovun bu marağına görə Azərbaycan mətbuatında “Qarabağ”a “Qafqazın Barselonası” ləqəbinin verilməsi təəccüblə qarşılanmamalıdır.

“Transfermarkt” internet saytının məlumatına görə, “Qarabağ” futbol klubunun ümumi dəyəri 12 milyon avrodur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26