Interposta.Info

Cəmil Məmmədliyə pul verilməsi ilə bağlı sübut yoxdur

Gündəm
 7-09-2023, 18:45     468

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə əlaqədar məhkəmə istintaqı başlayıb.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu gün hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkən qismində tanınan Fuad Həbibov ifadə verib.

O, Cəmil Məmmədlinin 2017-ci ildən tanıdığını deyib. Fuad Axundovun sözlərinə görə, Cəmil Məmmədli onun anası mərhum Nəcimə Babayevanın qətl işi ilə bağlı araşdırma aparıb. Fuad Həbibov bu müddət ərzində Cəmil Məmmədliyə hissə-hissə 3500 manat verdiyini bildirib. O, əlavə edib ki, bacısı Gülnarə Həbibova da jurnalistə hissə-hissə 6500 manat verib.

Fuad Həbibov əlavə edib ki, jurnalist özü onlardan pul tələb etməyib. "Bizdən pul tələb etməyib. Özümüz vermişik”, deyə o bildirib.

Cəmil Məmmədlinin vəkili Fariz Namazlı zərərçəkəndən pulun verilməsi ilə bağlı hər hansı sübutun olub-olmadığını soruşub. Fuad Həbibov sübutunun olmadığını deyib.

Cəmil Məmmədli isə bildirib ki, ümumiyyətlə ona pul verilməyib. "Sübut ola bilməz. Çünki pul verilməyib. Deyilənlər hamısı yalandır”, deyə jurnalist vurğulayıb.

Proses oktyabrın 5-nə təxirə salınıb.

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Jurnalist ittihamların qondarma olduğunu bildirir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26