Interposta.Info

ABŞ mətbuatı:

Gündəm
 5-03-2018, 11:00     10 499

ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetinin martın 2-də işıq üzü görən nömrəsində bu mətbu orqanın baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı və bir neçə gün öncə Kaliforniya ştatının Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilən dinləmə haqqında məqalə dərc edilib.

Bu barədə "Report"a Azərbaycanın Los-Anclesdəki Baş Konsulluğundan məlumat verilib.

Bir milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los-Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən güclənməkdədir.

Məqalədə müəllif Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verərək, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, Xocalıda Ermənistan tərəfindən çoxlu sayda günahsız azərbaycanlılara qarşı soyqırımının həyata keçirildiyini, ümumilikdə Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salındığını vurğulayıb. A.Masiel, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş, Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən dörd qətnaməyə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildirib. O, həmçinin bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul edildiyini vurğulayaraq diqqətə çatdırırıb ki, bu sənədlərdə işğalçı dövlət kimi tanınan Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə və insanlığa qarşı cinayətlər törətməsi qeyd olunub.

Sonra A.Masiel bir neçə gün öncə Kaliforniya ştat Senatında ölkəmizə Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə haqqında danışaraq, bu dinləmənin erməni lobbisi üçün gözlənilən nəticə vermədiyini qeyd edib. O, mövcud 40 Kaliforniya senatorundan yalnız ikisinin dinləməyə qatıldığını, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvlərinin dinləmədə iştirak edərək, müxtəlif suallarla çıxış etdiklərini, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qətliamların nə üçün Senat tərəfindən pislənilmədiyini soruşduqlarını və bu kimi suallarla dinləməni aparan senator Entoni Portantinonu məsələyə birtərəfli yanaşmaqda ittiham etdiklərini, senatorun isə bu suallardan hər vəchlə yayındığını bildirib.

Sonda müəllif Kaliforniya Senatının Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edərkən, ədalət prinsipinə sadiq qalaraq, hər iki tərəfin fikirlərini dinləməyə borclu olduğunu vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26