Türkiyənin vəfa borcu -
Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun məzarı təmir olunub. Bu barədə müstəqil tədqiqatçı Orxan Cəbrayıl öz feysbuk səhifəsində yazıb.
Daha ətraflı məlumat üçün Orxan Cəbrayılın açıqlamasını olduğu kimi təqdim edirik:
"Uzun müddət idi ki, Xosrov bəy Sultanovun məzarını kimin təmir etdirdiyini öyrənməyə çalışsaq da heç bir nəticə əldə edə bilmirdik. Məzarı kimin təmir etdirdiyi ilə bağlı mənə çoxsaylı suallar ünvanlanmış, lakin məlumatım olmadığı üçün cavablaya bilməmişdim.
Nəhayət ki, bu yaxınlarda məzarı kimlətin təmir etdirdiyi haqqında məlumat öyrənə bildim. Cümhuriyyətimizin dəyərli araşdırmaçılardan dostumuz Ceyhun Nəbinin mənə verdiyi məlumata görə, Xosrov bəy Sultanovun məzarının ictimaiyyətə məlum olmasından sonra, onun İstanbulun Feriköy qəbiristanlığlnda olan məzarı həmyerlilərimiz tərəfindən tez- tez ziyarət olunur. Bu xüsus qəbiristanlıq görəvlilərinin diqqətini çəkdiyi üçün, Azərbaycandan olan önəmli bir insanın məzarının tez- tez ziyarət olunması ilə bağlı baş idarəyə məlumat vermişlər. Baş idarədən Xosrov bəy Sultnovun kimliyi araşdırmış və onun Azərbaycanın ilk hərbi naziri olduğunu, Qarabağın General Qubernatoru olduğu zaman ermənilərə Qarabağda göz açmağa imkan verməyən bir rəhbər olduğunu və ən nəhayyəti Birinci Dünya müharibəsi zamanı Azərbaycandan Türkiyəyə qardaş köməyinə gedərək, Qarsda, Ərzurumda, Trabzonda erməni- daşnak qüvvələrinin qətliamına məruz qalmış əhaliyə yardım göstərən, minlərlə yetim qalmış uşaq üçün Tiflisdə və Bakıda yetimxanalar açan və onlara qayğı göstərən "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin nümayəndə heyyətinin başqanı olduğunu öyrənmişlər.
Bütün bunları öyrəndikdən sonra bir vəfa borcu bilərək bəyin məzarını təmir etmişlər.
Bütün bu məlumatları dostumuza Feriköy qəbirstanləğında çalışan Qədir Aydoğan adlı məmur vermişdir."
Qeyd edək ki, Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunub. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt ediblər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınıb.
1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edib və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyib. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edib.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanıb. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşayıb, Almaniyada Tibb Universitetində professor kimi çalışıb. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Trabzonda məskunlaşıb, 1943-cü ildə isə İstanbulda vəfat edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26