Interposta.Info

Eldar Mahmudov

Gündəm
 13-05-2017, 13:00     595

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində “Qütb gecəsi” və “Şimal küləyi” əks-kəşfiyyat əməliyyatları işi üzrə sənədlərin məhv edildiyi açıqlanıb.

Report-un məlumatına görə, ittiham aktında qeyd edilib ki, nazirliyin Maliyyə İdarəsinin hesablamalarında adları keçən bir çox etibarlı şəxslər barəsində “Qütb gecəsi” əks-kəşfiyyat əməliyyatları işi üzrə məlumat almaq mümkün olmayıb.

Məlum olub ki, 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində “destruktiv qüvvələr mövqeyindən ölkəmizə qarşı aparılan mümkün təxribat pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması, sənədləşdirilməsi, düşmənə dezinformasiyasının ötürülməsi və əməliyyat oyunlarının aparılması məqsədi ilə” 2011-ci ildə 25 saylı “Şimal küləyi” Əks-Kəşfıyyat Əməliyyatları işi açılıb.

Lakin 2013-cü ilin dekabr aynda sabiq nazir Eldar Mahmudovun sanksiyası ilə iş bağlanıb və bütün materiallar məhv edilib. Antiterror Mərkəzinin 1-ci İdarəsinin rəis müavini, polkovnik- leytenant A.Məcidov bu iş üzrə də ayrılmış vəsaiti mərkəzin rəis müavini İlqar Əliyevə təqdim etdiyini bildirib, mahiyyəti üzrə nazirliyin rəhbərliyinin adına raportla müraciət edib.

Raportun təhlili göstərir ki, “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi çərçivəsində 3 milyon 791 min 235 manat, 253 min 500 ABŞ dolları məbləğində vəsait xərclənib.

Bundan başqa, ittiham aktına görə, E.Quliyevin xüsusi xərclər smetasına ayrılmış külli miqdarda pul vəsaitlərini mənimsəməsi bir daha, ona məxsus “Mercedes Benz GL” markalı 90-TT-757 dövlət qeydiyyat nişanlı avtomobilə 25 dekabr 2015-ci il tarixdə keçirilmiş baxış zamanı 47 səhifədən ibarət tam məxfi sənədlər qovluğun aşkar edilməsi ilə də təsdiqini tapıb.

Belə ki, E.Quliyevin 25 noyabr 2015-ci il tarixli əmrlə Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunub, başqa vəzifəyə təyin olunmasına baxmayaraq, o, mərkəzinin icraatında olmuş qeyd edilən materialı müvafiq qaydada təhvil verməyərək özündə saxlayıb. Həmçinin bu cür tipli sənədləri gizlətməyə cəhd etməsi onun bu və ya digər məxfi materiallar üzrə sənədləşmənin şəxsi maraqlarına uyğun şəkildə sərəncam vermə iqtidarında olmasına dəlalət edir.

Bununla yanaşı, istintaq zamanı həmin materialın məxfi qrifli olmasını nəzərə alaraq E.Quliyevin qeyd edilən əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə aşkar edilərək götürülmüş sənədlər Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib, hazırda bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.

İttihama əsasən, göstərilən səbəbdən E.Quliyevin qanunsuz olaraq məxfi materialı özündə saxlaması ilə bağlı əməlləri üzrə istintaq davam etdirilməlidir.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26