Interposta.Info

“MTN işi” mübhəm agentləri kölgədən çıxarır-

Müxtəlif
 13-05-2017, 10:18     562

DTK cəmiyyətin “inkişaf”ı ilə ayaqlaşmayanları psixiatrik xəstəxanalarda saxlayırmışlar

Həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7,7 milyon dollar mənimsəmələri ittihamı üzrə yeni detallar məlum olub. Bu detalların üzə çıxması ümumilikdə cəmiyyətin xeyrinə olsa da, bütövlükdə Azərbaycan xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin yaradılması, saxlanılması, yeni agentlərin cəlb olunmasını əngəlləyən prosesdir.

Agenturaya cəlb olunan sabiq nazirin kimliyi barədə müxtəlif iddialar var; Elçin Behbudovun ləğv edilmiş MTN-lə əməkdaşlıq etdiyi məlum olub; Eldar Mahmudovu güclü edən agent şəbəkəsi dosyesinin əlində olmasıdır...

Mahmudov 2 əməliyyatda agentlərin 5 milyon 148 min manat, 1 milyon 358 min dollarını “yeyib”
Təqsirləndirilən MTN vəzifəliləri ayrılan pulların agentlərə verildiyini bildirsələr də, şahid ifadələrində vəsaitin əksər hissəsinin mənimsənildiyi üzə çıxır. Sadə dillə desək, şahidlərin əksəriyyəti həmin o agentlərdir və pulları dəftər-kitabda göstərilən qədər almadıqlarını deyiblər.

İstintaqa şahid qismində ifadə verən polkovnik M.A isə bildirib ki, pullar kassadan əsasən “Şimal küləyi” və “Qütb gecəsi” işi üzrə çəkilib. M.A ifadəsinin əvvəlində “Şimal küləyi” əməliyyat işi üzrə pulların necə bölüşdürülməsi haqda ətraflı məlumat verib. İfadəsinin davamında “Qütb gecəsi” işindən danışan polkovnik prosedurun eyni qayda ilə aparıldığını, pullar 1 nəfərin adına yazılan raportla götürülüb, 8 nəfərə verildiyini deyib. Lakin əlavə edib ki, bu işə daha 5 agent cəlb edilib.

Nazir E. Mahmudov vəzifədən çıxarıldıqdan sonra, lakin MTN ləğv edilmədən öncə nazirlikdən istintaqa təqdim edilən “Antiterror mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitin xərclənməsinə dair arayış”dan görünür ki, “Qütb gecəsi” əks-kəşfiyyat əməliyyatları işi üzrə 1 milyon 105 min dollar və 1 milyon 357 min manat xərclənib.

“Qütb gecəsi” işi 2014-cü il fevralın 3-də ATM-in rəisi general Elçin Quliyevin sanskiyası ilə açılıb, qərarı isə onun müavini polkovnik İlqar Əliyev hazırlayıb. İşin açılmasında məqsəd “Diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlar örtüyü altında sosial şəbəkələr mövqeyindən ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanları ilə əməliyyat oyunlarının keçirilməsi” olub. “Qütb gecəsi” işinə bir-biri ilə əlaqəsi olmayan, müxtəlif faktlar üzrə yazışmalar, telefon danışıqlarının şərhi, agentura məlumatlarından çıxarış əlavə olunub. Bəzi məlumatlar vacib əməliyyat əhəmiyyəti kəsb etsə də, onların ətrafında əlavə agentura əməliyyat tədbirləri keçirilməyib. Arayışda agentlərlə bağlı hissədə qeyd edilib ki, bu iş üzrə 46 nəfərlə etibarlı münasibətlərin yaradılması, arxiv agentlərindən istifadə edilib.

İşi aparan polkovnik M.A şəxsən özünün əlaqəsində olan agentlər və onlara ayrılan pullar haqda istintaqa məlumat verib.
Yəni məxfi saxlanılmalı olan agentlərin adını müstəntiq, ona rəhbərlik edən prokuror, həmin prokurorun rəhbərləri, iş məhkəməyə göndəriləndən sonra isə hakim, məhkəmə katibi, proses iştirakçıları olan vəkillər də məlumatlı olublar.
Məsələn, M.A bildirib ki, hüquq müdafiəçisi olan agentlə 2013-cü ilin oktyabr ayından münasibətlər yaradılıb. Noyabr ayından etibarən hər ay həmin şəxsə 2 min manat mükafat təyin edilib. Bu şəxsin 2014-cü ildə Strasburqa səfər xərclərinə görə 2500 manat ödənilib. O, ümumi xarakterli məlumatlar təqdim edib. 2015-ci ildən isə Hərbi Əks Kəşfiyyat İdarəsində rəsmi xidmətə götürülüb.

QHT sədri olan agent də ələ verildi

İkinci agent isə QHT sədri olub. Onun rəhbəri olduğu ofisin saxlanılması, qəzetinin buraxılması üçün hər ay 6 min manat ödənilib, həmçinin, çoxsaylı səfərlərinin xərci qarşılanıb. Həmin şəxsə 2011-2015-ci illər ərzində 132 min manat, 6150 dollar və 2475 avro ödənilib. 2014-cü ildə isə həmin şəxsin dövlət əleyhinə yönələn çağırışlar etməsi barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, QHT sədri əhali arasında iğtişaşlara gətirib çıxara biləcək mənfi fikirlər səsləndirir, dövlətə qarşı qaldırmaq üçün aztəminatlı, qaçqın və məcburi köçkünlərdən istifadə etmək üçün onları və Çeçenistan, Suriya, Əfqanıstanda döyüşmüş şəxsləri öz ətrafına yığır. Bu şəxsin MTN-in maliyyələşdirdiyi Strasburq səfərlərinin birində beynəlxalq tədbirlər zamanı Azərbaycan dövlətinin daxili və xarici siyasətini tənqid edən kütləvi etiraz aksiyalarında fəal iştirak etməsi barədə məlumat daxil olub. Onunla bağlı məlumatlar da “Qütb işi”nə əlavə edilib, sonradan həbs olunub.
Agent baş redaktoru da məhkəmədə ifşa etdilər

Növbəti agent qəzet baş redaktorudur.

Musavat.com xəbər verir ki, ittiham aktında MTN-in agenti qəzet baş redaktorunun hansı epizod üzrə məlumatları nazirlik əməkdaşlarına çatdırdığı qeyd olunub.

MTN-lə əməkdaşlıq edən və adı açıqlanmayan etibarlı şəxs kimi qeyd edilə “TT” ləqəbli baş redaktorla 30 yanvar 2014-cü ildə münasibətlər yaradılıb.

Həmin baş redaktor hazırda həbsdə olan Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə MTN-ə məlumat verib.

Bu məlumatın qarşılığında baş redaktora isə generalı Elçin Quliyevin 2014-cü ildəki raportu ilə 10 min manat birdəfəlik pul mükafatı verilib.

Qeyd edək ki, Taleh Bağırov “Nardaran hadisələri” zamanı həbs edilib və 20 il müddətinə azadlıqdan məhrum edilib.

Agent “Əlizadə” isə 2014-cü ildə fəal istifadə olunduğuna görə 15 min manat mükafat alıb.

2015-ci ildə vəfat edən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etdiyi məlum olub.

MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işində qeyd olunur ki, MTN-də mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, əlaqəsində olan etibarlı şəxs “BET”-yə Antiterror mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin raportları ilə vəsait ödənilib.

“BET”- ləqəbli agent Behbudov Elçin Tofıq oğlu olub. Onunla 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfindən etibarlı münasibətlər yaradılıb.

Mərhum Behbudova 25 noyabr 2013-cü ildən hər ay 2000 manat mükafatı təyin olunub.

31 may 2014-cü ildə onun Strasburqa səfər xərclərinə 2500 manat ödənilib.

“BET”in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.

Əlavə olaraq vurğulanıb ki, “BET” 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.

MTN-in etibarlı şəxslərindən biri isə Azərbaycanın keçmiş naziri olub. Bu şəxsə ötürdüyü məlumatlara görə nazirlik tərəfindən 90 min manat pul ödənilib. Sosial şəbəkələrdə agenturaya cəlb olunan keçmiş nazirlə bağlı çeşidli məlumatlar dolaşmaqdadır. Onun ixtisası haqda xəbərlər də var. Konkret adı belə çəkilir.

“Samir”, “Qəhrəman”, “Terminator” və Hilal Əsədov...

İstintaq materialında əlavə olaraq qeyd edilir ki, bəzi agentlərə heç bir ehtiyac olmadığı halda belə pullar ödənilib. Məsələn, kod adı “Samir” olan agentə 2013-cü il prezident seçkiləri ərəfəsində 4 ay ərzində 40 min, agent “Qəhrəman”a 2014-cü ildə 25 min manat mükafat verilib. Həmçinin, qeyd edilib ki, “Qəhrəman” fəal şəkildə əməkdaşlıq etdiyi üçün ona öncə 250 manat, sonra isə 600 manat aylıq maaş ödənilib. Agentlərdən birinə isə böyük məbləğdə pullar ödənilib. Onun kod adı isə “Terminator” olub. Bu şəxsə 287 min avro, 5400 dollar və 12 min manat verilib. “Terminator” nazir müavini Hilal Əsadovun agenti olub və onun şəxsi işi generalın özündə olduğu üçün istintaq bu sənədlərlə tanış ola bilməyib. İstintaq şahidləri dindiriləndən və maliyyə səbəblərini incələdikdən sonra bu qənaətə gəlib ki, general Elçin Quliyevin idarəsi 2 əməliyyat işi çərçivəsində 5 milyon 148 min manat və 1 milyon 358 min dollar vəsaiti mənimsəyib.

Agent şəbəkəsi ilə bağlı xəbərlər bir daha Eldar Mahmudovun adını gündəmə qaytarıb. Sabiq nazirin əlində sovet dövrü və müstəqillik illərində agent şəbəkəsinə cəlb olunan şəxslərin dosye-arxivi olduğu müzakirə mövzusuna çevrilib. İstintaq sorğu-sualı yayılan MTN polkovniki M.A-nın dilə gətirdiyi arxiv agentləri ifadəsinin özü çox mübhəm bir dosyelərin olmasını təsdiqləyir. Başqa sözlə desək, MTN arxivlərində dosyeləri saxlanılan, illər öncə “verbovka” olunmuş agentlərdən yenidən istifadə olunduğunu ortaya qoyur. Həmin dosyelərə nazir kimi Eldar Mahmudovun çatımlılığı da adi bir qayda olub. O, nazir kimi dosyeləri götürüb baxmaq adı ilə surətlərini çıxara və özünün qara günü - yəni vəzifəsiz qaldığı günləri üçün təhlükəsizliyini təmin edən qala kimi istifadəsini planlaşdıra bilərdi. Bu gün onun çeşidli ittihamların varlığı ortada ikən azadlıqda qalması da bu versiyanın yaşamaq haqqını təsdiqləyir.

Eldar Mahmudovu bu addımı atmağa sövq edən maraqlı bir məqam kimi onun sələfi olan Namiq Abbasovun işdən kənarlaşdırılmasına diqqət etmək lazımdır. N.Abbasov nazir kimi işgüzar görüşə getdiyi bir vaxtda onun vəzifəsindən uzaqlaşdırıldığı, Eldar Mahmudovla əvəzləndiyi haqda bilgi almışdı. Bu təyinat həm də E.Mahmudovun özü üçün bir dərs ola bilərdi. Vəzifəyə necə təyin olunubsa, o cür də vəzifədən atılacağını ilk gündən göz altına alması üçün qarşısında nümunə vardı. Mümkündür ki, bu gün barəsində çeşidli ittihamlar olan E.Mahmudovu azadlıqda saxlayan yaşadıqlarından özü üçün nəticə çıxarması, mübhəm agent dosyeləri olan arxivləri 3-5 ünvanda saxlamasıdır./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26