Interposta.Info

Azərbaycanlı deputat dövləti ittiham etdi:

Gündəm
 22-04-2017, 15:45     552

Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı Şərqi Azərbaycan vilayəti və ölkə üzrə bəzi rəsmi şəxslər məsuliyyətsiz açıqlamalar verdilər.

Axar.az xəbər verir ki, bu sözləri “Fars” xəbər agentliyinə açıqlamasında Azərbaycanın Təbriz, Azərşəhr və Üskü şəhərlərindən İran parlamentində olan millət vəkili Məhəmməd Səid İsmaili söyləyib.

“Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı Şərqi Azərbaycan vilayəti və ölkə üzrə bəzi rəsmi şəxslər məsuliyyətsiz açıqlamalar verdilər. Görünür, onlar hələ də yerli əhalini tanımır, danışıq tərzini bilmirlər. Bütün ölkələrdə hər hansı bir ciddi hadisə baş verdiyi zaman həmin dəqiqə başsağlığı verilir və zərərçəkənlərlə yaxından görüşmək, görülən işlərlə tanış olmaq üçün birinci fürsətdə hadisə yerinə baxış keçirilir. Lakin ölkə prezidenti bunların heç birini etmədi. Həmçinin insanların daşqında ölməsinə məsul şəxslərin məsuliyyətsiz davranışları səbəb oldu. Heç bir ağıllı insan avtomobillərin çay kimi istifadə olunan bir yerdə hərəkət etməsini qəbul edə bilməz. Bütün bunlar göstərir ki, bəziləri üçün insanların həyatı heç bir əhəmiyyət daşımır. Qələzar körpüsündə ölənlərin şəkil çəkmək üçün oraya gəldiyini iddia edənlər ölkə, əyalət və əhaliyə xəyanət edənlərdir. İnsanların şüuru var. Bəziləri isə hadisə yerində yol polisinin olduğunu iddia edir, bu da yalandır. Bir polis məmuru “Dur” tablosunu qaldırmaqla bütün avtomobilləri dayandıra bilərdi. Hər kəs qanuna tabedir. Orada, ümumiyyətlə, yol polisi olmayıb”.

Qeyd edək ki, 14 apreldə Şərqi və Qərbi Azərbaycan vilayətlərində baş verən daşqınlarda 49 azərbaycanlı həyatını itirib. Təbriz meri bir günlük matəm elan etsə də, İran dövləti başsağlığı verməklə kifayətlənib.

İran Prezidenti Həsən Ruhani isə tənqidlərdən sonra bölgəyə səfər edib, insanların həlak olmasına səbəb olan Qələzar körpüsünə baxış keçirib, eyni zamanda, faciədən zərər çəkən əhali ilə görüşüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26