Interposta.Info

"Tramp və Putin

Gündəm
 8-02-2017, 17:51     609

 "Tramp və Putin

"The İndependent" bir qrup fransız siyasətçilərinə istinadən yazır ki, Donald Tramp və Vladimir Putin böyük bir ehtimalla Avropanın xəritəsini öz istəklərinə uyğun olaraq yenidən çəkmək üçün cəhd edəcəklər.

Onlar bildirirlər ki, Britaniya hökuməti Avropa İttifaqından ayrıldıqdan sonra nəyin bahasına olursa-olsun ABŞ-la ticarət müqaviləsi bağlamağa can atır və Amerikanın yeni prezidenti bundan fürsətlənərək Aİ-ni sarsıtmaq və zəiflətmək yolu tuta bilər.

Tereza Mey Trampın prezident seçilməsindən sonra Ağ Evə səfər edən ilk ölkə başçısı olub və tərəflər öz aralarında ticarət sazişinin bağlanacağı barədə bəyanat veriblər.

Avropa diplomatları bildirirlər ki, London dəfələrlə "Tramp kartını" oynamağa çalışıb və ölkənin Aİ-dən ayrılmasının onun iqtisadiyyatına təsir etməyəcəyini iddia edib.

Cənab Tramp və onun rəsmiləri Avropa İttifaqına qarşı açıq bəyanatlar səsləndiriblər və Fransanın keçmiş baş naziri Jean-Pierre Raffarin deyib ki, ABŞ administrasiyası Avropa ölkələri ilə britaniyasayağı ikitərəfli müqavilələr imzalamaqla Avropa İttifaqının birliyini məhv etməyə cəhd edib.

"Cənab Tramp Aİ-ni Brexit-in girovuna çevirməyə çalışır" - deyib Raffarin.

Cənab Raffarin bildirib ki, Vladimir Putin və onun həmkarları da Qərbi zəiflətmək məqsədilə eyni sxemlərdən istifadə etmək istəyə bilərlər.

Keçmiş baş nazir bildirib ki, Trampın problemi onun tamamilə proqnozlaşdırılan olmamasıdır.

Hazırda Fransa Senatının Aİ Komitəsinin sədri olan Raffarin Londona səfəri zamanı deyib ki, "ABŞ özünə dost ölkələrlə ikitərəfli müqavilələr istəyir. Biz belə yanaşmanı qəbul edə bilmərik. Avropa İttifaqı birliyini qoruyub saxlamalıdır".

"Rusiyaya gəldikdə isə biz gözləməliyik. Lakin belə görünür ki, Putin Avropa İttifaqına NATO kimi baxır və o da ikitərəfli müqavilələrin tərəfdarıdır" - deyib keçmiş Fransa baş naziri.
"Cənab Tramp və cənab Putin Avropanın yeni xəritəsini özlərinin istədiyi kimi cizgiləməyə çalışacaqlar" - deyib Raffarin.

Cənab Raffarin onu da əlavə edib ki, Almaniya kansleri Angela Merkel də vəziyyəti məhz bu şəkildə qiymətləndirir.

Onun fikrincə, Almaniya vahid Avropanın tərəfdarıdır və bu mənada Fransa ilə həmfikirdir.
Bundan əvvəl Avropa İttifaqının liderləri Britaniya baş nazirinin Brüssellə Washington arasında körpü olmaq istəyini rədd ediblər.

Ötən həftə Aİ-nin Maltada keçirilən sammitində Fransa prezidenti Francois Hollande demişdi ki, Brexitdən sonra Fransa BMT Təhlükəsizlik Şurasında Avropa İttifaqını təmsil edən yeganə ölkə olacaq.

Xanım Merkel isə deyib ki, xanım May ilə hətta ABŞ səfəri barədə söhbət də etməyib.
Litva prezidenti Dalia Qribauskayte isə rişxəndlə Avropaya körpü lazım olmadığını söyləyib: "Biz Amerika ilə Tvitter vasitəsilə danışırıq" (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26