Interposta.Info

ABŞ illərdir UNO və UAP-larla bağlı məlumatları gizlədib

Dünya
 27-07-2023, 22:18     302

ABŞ hökuməti illərdir Konqresdə "naməlum uçan obyekt” (UNO) və "naməlum hava fenomeni” (UAP) kimi tanınan təyyarələr haqqında məlumatları gizlədir.

Poliqon xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərə görə, Konqresdə UNO və UAP-larla bağlı keçirilən sessiyada daha əvvəl ABŞ ordusunda xidmət etmiş 3 kəşfiyyatçı şahid qismində ifadə verib.

ABŞ-da 14 il kəşfiyyatçı kimi çalışan David Qruş 4 ildən artıq müddət ərzində 40-a yaxın şahidlə verdiyi müsahibələrə işarə edərək, hökumətdə "naməlum və insan mənşəli alətlərin" olduğunu iddia edib.

Bu ilin əvvəlinə qədər UAP-ları araşdıran Pentaqonun işçi qrupunun nümayəndəsi olduğunu qeyd edən Qruş hökumətin illərdir naməlum hallar üzrə qalıqları toplama proqramı həyata keçirdiyini deyib.

İcazə istədikdə ona bu proqramlara giriş icazəsi verilmədiyini qeyd edən Qruş UAP-lardan "insanlara aid olmayan üzvi canlı komponentlərin" çıxdığını iddia edib.

Qruş ABŞ-ın "sağlam və qismən bütöv" yadplanetli təyyarələri tapdığını iddia edərək, hökumətin illərdir bu barədə məlumatı ictimaiyyətdən gizlətdiyini qeyd edib.

Konqress ABŞ Hərbi Dəniz Qüvvələrində pilot olmuş Rayan Qreyvesdan işlədiyi müddətdə rastlaşdığı naməlum hadisələr haqqında danışmağı istəyib. O, UAP-ları "şəffaf sferada tünd boz və ya qara sırğaya" bənzədib.

Qreyvs bu hadisələrlə rastlaşmağın "nadir bir hal olmadığını” vurğulayaraq, UAP-ların digər ölkələrin pilotsuz təyyarələri olması halında bunun təcili milli təhlükəsizlik məsələsinə çevriləcəyini qeyd edib.

Üçüncü şahid, keçmiş donanma komandiri David Fravor 2004-cü ildə Kaliforniyada başqa bir pilotla birlikdə "dənizin üstündə üzən oval formalı bir obyekt" gördüyünü deyib.

Sözügedən obyektin çox sürətlə hərəkət etdiyini və yoxa çıxdığını dilə gətirən Fravor bir dəqiqə keçməmiş sirli obyektin son gördüyü yerdən çox uzaqlarda yenidən peyda olduğunu açıqlayıb.

2020-ci ildə ABŞ ordusu pilotların əvvəlki illərdə müşahidə etdiyi naməlum obyektlərin şəkillərini məxfilikdən çıxarıb. Daha sonra ABŞ kəşfiyyatı sözügedən hadisələri araşdırıb.

Pentaqon həmçinin bu cür hadisələrin müşahidələrini məlumatlara çevirmək üçün Naməlum Hava Hadisələri İşçi Qrupu adlı bir bölmə yaradıb və daha sonra onu Hava Obyektlərinin İdentifikasiyası, İdarə Edilməsi, Sinxronizasiya Qrupuna çevirib.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) da xalq arasında UUO kimi tanınan naməlum hava hadisələrini öyrənmək üçün xüsusi komissiya yaradıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26