Interposta.Info

İsrailin ən böyük şirkətləri tətilə başladılar - məhkəmə islahatına qarşı
 

Dünya
 24-07-2023, 16:10     306

İsrailin ən böyük şirkətləri tətilə başladılar və bununla da hazırlanan məhkəmə islahatına qarşı bir neçə gün davam edən etirazlara qoşuldular. Tətildə yüksək texnologiyalı startaplar, banklar, yanacaqdoldurma məntəqələri, Azrieli də daxil olmaqla ticarət mərkəzləri iştirak edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Times of İsrael” məlumat yayıb.

Tətil barədə ölkənin 150 ən böyük şirkətinin rəhbərlərini birləşdirən İsrail Biznes Forumu elan edib. Bəyanatda qərar "birtərəfli qanunvericiliyi dayandırmaq üçün atmağa məcbur olduğumuz təcili addım” adlandırılıb. Biznes baş nazir Benyamin Netanyahunu "baş verə biləcək fəlakətin miqyasını dərk etməyə", dərhal qanunvericiliyin qəbulunu dayandırmağa və danışıqlara başlamağa çağırıb.

Eyni zamanda, Wix, Wiz, Papaya Global və Lemonade daxil olmaqla 200-ə yaxın yüksək texnologiyalı müəssisə, eləcə də iri hüquq şirkətləri işçilərinin iyulun 24-də tətilə çıxmasına icazə verəcəklərini açıqlayıblar. Nəşrin məlumatına görə, ölkənin ən böyük həmkarlar ittifaqı birliyi Histadrut ümumi tətil elan edə bilər.

Xatırladaq ki, Netanyahu hökumətinin məhkəmə islahatına digər məsələlərlə yanaşı, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və icra hakimiyyətinə hakimlərin seçiminə nəzarət hüququnun verilməsi daxildir. İyulun 11-də Knesset məhkəmə islahatları ilə bağlı qanunların birincisini birinci oxunuşda qəbul edib. Bu gün ikinci və üçüncü oxunuşlar keçiriləcək. "Financial Times” qeyd edir ki, islahatı tənqid edənlər hesab edirlər ki, bu, azlıqların hüquqlarının pozulmasına gətirib çıxaracaq, korrupsiyaya şərait yaradacaq və iqtisadiyyata zərər verəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26