Interposta.Info

 

Fransada öldürülən yeniyetmənin anası: “Ərəb simasını gördü və öldürmək istədi”

Dünya
 1-07-2023, 15:40     224

İrqçilik və ayrı-seçkilik həmişə çətin siyasi məsələlər olub. Lakin özünü unikal dünyəvi ölkə kimi dəyərləndirən, fərqlilik markerlərini aradan qaldırmaqla və ilk növbədə bütün vətəndaşları fransıza çevirməklə hamı üçün bərabərliyi təmin etməyə çalışan Fransada bu məsələlər çətin xarakter daşıyır.

Praktikada Fransa respublikaçılığındakı bu bağlılıq tez-tez hökumətə mane olur ki, vətəndaşların irqi əlamətlərinə görə fərqləndirilməsinə gətirib çıxaracaq addımlar atsın.

Öldürülən Əlcəzair əsilli, 17 yaşlı Nahel adlı gəncin anası Muniya da digər fəallar kimi, oğlunun qətlinə məhz irqinin səbəb olduğuna inanır. Bu barədə “France 5” telekanalına müsahibə verən Muniya qeyd edib ki, o, bütünlüklə polis qüvvələrini deyil, məhz oğlunu qətlə yetirmiş polis zabitini günahlandırır.

“O, ərəbin üzünü gördü və onu öldürmək istədi”, - deyə Muniya oğlunu qətlə yetirən polis barədə iddia irəli sürüb.

“Gənclərin bu şəkildə öldürülməsi nə vaxta qədər davam edəcək? Neçə ana mənim aqibətimi yaşayacaq? Nəyi gözləyirlər?”, - deyə o əlavə edib.

Ölkənin Xarici İşlər Nazirliyi isə hadisə ilə bağlı bəyanatında Nahelin ailəsinə başsağlığı verib.

Nanter şəhərinin prokuroru Paskal Praçenin sözlərinə görə, yeniyetməni öldürən zabit onun avtomobili kiminsə üstünə sürməsindən qorxub və bu səbəbdən atəş açıb.
Praçe bildirib ki, zabit qanunsuz hərəkətə yol verib. Hazırda ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başladılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Naheli güllələməkdə təqsirləndirilən zabitin vəkili Loran-Frank Linar isə Fransanın RTL radiosuna müsahibəsində müvəkkilinin qanuna uyğun hərəkət etdiyini bildirib. O iddia edib ki, müvəkkilinin məhkəməyə cəlb edilməsi siyasi xarakter daşıyır və zorakılıq ətrafında gərginliyi azaltmaq məqsədi güdür.

Vəkil əlavə edib ki, polis zabiti Naheli öldürmək istəməyib və yeniyetmənin ölümü zabitə olduqca pis təsir edib. “Bu hadisə bir saniyə ərzində baş verib. Ola bilər ki, o səhv edib, bunu ədalət göstərəcək”, - deyə Linar vurğulayıb.

Qeyd edək ki, yüksək səviyyəli məmurların məsələnin araşdırılması üçün ədliyyə sisteminə vaxt verilməsi və səbirli davranışlar sərgilənməsi ilə bağlı çağırışlarına baxmayaraq, Fransa daxilində xeyli sayda insan, xüsusilə də rənginə görə polis ayrı-seçkiliyinin qurbanı olmuş gənc insanlar şok və qəzəb içindədirlər. Və bu qəzəb üç gecədir ki, ölkə daxilində şiddətli etirazların və iğtişaşların alovlanmasına gətirib çıxarıb.

Solçu siyasətçilər və bəzi fəallar polisdə islahatlar edilməsinə çağırışlar ediblər. Onlar odlu silahdan istifadə ilə bağlı polisə daha çox imkanlar verən 2017-ci ildə qəbul edilmiş qanunun ləğvini tələb ediblər.\CNN

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26