Interposta.Info

Ermənistan və Gürcüstan Qərbin “qara siyahısı”na necə düşdü? - Ekspert

Dünya
 6-05-2023, 16:50     254

"Qərb Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən Gürcüstan və Ermənistana da məhdidiyyətlər tətbiq edəcək”.

Bunu "İnterPosta"-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Avropa İttifaqının Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən üçüncü ölkələrə qarşı yeni sanksiyalar mexanizmini müzakirə etməsi fonunda hansı dövlətlərin bu siyahıya düşəcəyini şərh edərkən deyib:

"Bu barədə verilən ciddi siqnal və xəbərdarlıqlar əsasən Gürcüstan və Ermənistanla bağlıdır. Ermənistan və Gürcüstanın son bir ildəki iqtisadi göstəricilərinə nəzər yetirdikdə, bir sıra istiqamətlərdə sürətli artımın olduğunu görürük. Qərb konkret kəşfiyyat məlimatlarına əsaslanır. Rusiyadan olan internet şəbəkələrinin həmin ölkələrdə geniş yer tutması da onu deməyə əsas verir ki, Tiflis və İrəvan Moskvaya sanksiyalardan yayınmağa yardım göstərir. Odur ki, Qərbin Tiflis və İrəvana məhdudiyyətlər tətbiq edəcəyi də realdır. Gürcüstana artıq məhdudiyyətlər tətbiq olunub. Onların Avropaya inteqrasiya məsələsində son bir ildə ciddi problemlər yaranıb”.

Həmsöhbətimiz Azərbaycanın həmin sanksiyalar siyahısına düşməyəcəyinə əmindir:

"Azərbaycanın bu məsələdə, həm də digər ciddi beynəlxalq əhəmiyyət kəsb edən məsələlərdə ABŞ və Avropa ilə geniş əməkdaşlığı var. Keçmiş sovet imperiyası respublikaları arasında Ukraynaya ən çox yardım göstərən ölkələrdən biri Azərbaycandır. Düzdür, bu mövzuda da bəzi problemlər mövcuddur. Amma elə məsələlər var ki, orada Azərbaycan birmənalı hərəkət edə bilmir və Rusiyanın da mövcudluğunu nəzərə almalı olur. Bu, Avropalı siyasətçilər tərəfindən də anlayışla qarşılanır. Azərbaycanın iqtisadi göstəricilərində də hansısa bir qəribə görünən dəyişiklik baş vermir. Rəsmilərin səsləndirdiyi açıqlamalarda da şübhə yaradacaq hal yoxdur. Odur ki, anoloji olaraq Azərbaycana da sanksiyaların tətbiq ediləcəyini gözləmirəm”.

Qeyd edək ki, Bloomberg-in məlumatına görə, Avropa İttifaqı Rusiyaya məhdudiyyətlərdən yayınmaqda kömək edən üçüncü ölkələrə qarşı yeni sanksiyalar mexanizmini müzakirə edir. Əsas məqsəd bu ölkələrin Moskvaya köməyinin qarşısını almaq və onların istifadə edə biləcəyi ticarət kanallarını kəsməkdir. Sanksiyaların Rusiyanın yaxın qonşularına tətbiq ediləcəyi iddia edilir.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26