Interposta.Info

Ukrayna Qərb ölkələrindən 24 döyüş təyyarəsi almaq istəyir

Dünya
 28-01-2023, 15:25     402

Ukrayna hakimiyyəti yeni hərbi yardımın birinci mərhələsi çərçivəsində beynəlxalq müttəfiqlərindən 24 döyüş təyyarəsi almağı gözləyir.

"İnterPosta"xəbər verir ki, bu barədə "El Pais” qəzetinə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, Kiyev F-16 təyyarələrini almaq istərdi. Hələlik NATO ölkələri Ukraynaya qırıcı təyyarələr ayırmayıb.

Hələ 2022-ci ilin iyununda ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna hərbçilərinə F-16-nın pilotları üçün təlim keçməsinə vəsaitin ayrılmasını təsdiqləyib. İqnatın sözlərinə görə, hərbçilər hələ də təlimin başlamasını gözləyirlər. Nəşr bildirib ki, təlim müddəti ən azı altı ay çəkir. Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi əlavə edib ki, F-16-dan başqa, Ukrayna hakimiyyəti Fransanın Rafale və İsveçin Gripen təyyarələrini də nəzərdən keçirir.

"Politico” yazır ki, Qərb Ukraynaya reaktiv qırıcıların tədarükü məsələsini müzakirə edir. Onların verilməsi Niderland və Slovakiyada müzakirə olunub. Böyük Britaniyanın Müdafiə Nazirliyi qırıcıların təhvil verilməsinin münaqişənin daha da genişlənməsinə səbəb olacağından ehtiyat edir, lakin "The Telegraph” yazır ki, Britaniya Rusiya qoşunları Ukraynadan çıxarılan zaman təyyarələri tədarük etməyə hazırdırlar. Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə qırıcı təyyarələrin verilməsini istisna edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26