Interposta.Info

“Ona nəsə deyə bilən yeganə şəxs mənəm…" - Putinin alman dostu danışır

Dünya
 27-01-2023, 14:58     203

"Qazprom”un "Nord Stream2” ("Şimal axını 2”) törəmə şirkətinin direktoru, Putinin yaxın dostu sayılan Mattias Uornig "Die Zeit” nəşrinə Ukraynada müharibə başlayandan sonra Rusiya prezidenti ilə danışıqlarının təfərrüatlarını açıqlayıb.

DW-nin Rus xidməti həmin müsahibənin ən maraqlı hissələrini dərc edib.

Qaynarinfo dərc edilən materialın tərcüməsini təqdim edir.

"Qazprom”un "Şimal axını 2” törəmə şirkətinin direktoru Mattias Uornig Rusiyanın Ukraynaya təcavüzündən sonra çoxdankı dostu Vladimir Putinlə əlaqə saxlamağa davam edir. Görüşdükləri zaman nə danışdıqlarını Uornig 25 yanvar çərşənbə günü "Die Zeit” qəzetinə dərc olunan müsahibəsində söyləyib.

Uornigin özünün dediyinə görə, onlar, 1990-cı illərdə o, Sankt-Peterburqda "Drezdner Bank”da işlədiyi zaman tanış olublar. Digər mənbələrə görə, onların ilk əlaqəsi hələ 1989-cu ildə Drezdendə, Uornig keşmiş Almaniya Demokratik Respublikasının Dövlət təhlükəsizlik nazirliyinin ("Ştazi”) agenti, Putin isə KQB agenti olduğu vaxt baş verib.

2010-cu illərdə Uornig "Rossiya Bank"ın direktorlar şurasının və VTB-nin müşahidə şurasının üzvü olub, həmçinin "Rusal"ın direktorlar şurasına rəhbərlik edib. Və son illərdə o, "Transneft" və "Rosneft"in direktorlar şuralarında olub və bu vəzifələri Ukraynada müharibə başlayandan sonra, 2022-ci ilin mayında tərk edib.

İndi Uornig "Şimal axını 2” qaz kəmərini inşa edən "Qazprom”un "Nord Stream 2” törəmə şirkətinin direktoru olaraq qalır. O, ABŞ sanksiyaları altındadır və Almaniyanın vergi idarəsi onun maliyyəsi ilə bağlı kütləvi yoxlama aparır. Bu səbəbdən Mattias Uornigin kredit kartı bloklanıb. Eyni zamanda, Putinin dostunun, öz hesablamalarına görə, Uornig ailəsinin özlərinin istifadə etdiklərini nəzərə almasaq, səkkiz evi və iki mənzili var. Yeni cərimələr olmasın deyə əmlakların bir hissəsi uşaqların adına yazılıb.

Almaniyanın "Die Zeit" qəzetinin müxbiri Uorniglə Berlində və Kanar adalarındakı mənzilində görüşüblər.

"Sənə Odessa, Xarkov, yoxsa bütün Ukrayna lazımdır? Yoxsa daha çoxu?"

Müharibədən bir müddət əvvəl Uornig Putinlə görüşüb və Rusiya prezidenti ona rasional düşünən biri kimi görünüb. Buna görə də, hətta müharibənin başlamasına bir neçə gün qalmış "Nord Stream2”nin direktoru Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı xəbərdarlıqlara qəzəblənib və bəzən buna lağ edib.

Rusiyanın Ukraynaya hücumundan bir neçə ay sonra Uornig Moskvada Putinlə görüşüb. O, təkbətək görüşündə alman dilində danışaraq Rusiya Federasiyasının prezidentini müharibəni dayandırmağa inandırmağa çalışdığını iddia edir. Uornig Rusiya liderinə verdiyi sualları xatırlayır: "Məqsədin nədir? Sən Donetsk və Luqanskdan danışırsan, amma eyni zamanda qoşunların Kiyevi almaq istəyir. Bu, necə başa düşülməlidir? Sən Odessanı, Xarkovu, yoxsa bütün Ukraynanı istəyirsən? Yoxsa bundan daha çoxunu?" Uornigin sözlərinə görə, Putin cavabında yalnız "Bu, dövlət sirridir”,- deyib.

Həmin söhbətdə Rusiya prezidenti Uornigi ailəsi ilə birlikdə Moskvaya köçməyə dəvət edib. "Şimal axını 2"nin direktoru Putindən sitat gətirib: "Burada sənin üçün bir şey taparıq". Lakin Mattias Uornig təklifi rədd edib: "Mən hündür hasarlar arxasında yaşamalıyam?"

Putin koronavirusdan çox qorxur və dünyadan təcrid olunub

Uornigin sözlərinə görə, Putinin koronavirusa yoluxmaq qorxusu ağlasığmaz dərəcədə böyükdür, buna görə də o, özünü xarici aləmdən təcrid edir: demək olar ki, heç kimin Rusiya Federasiyasının prezidentini görməsinə icazə verilmir və onunla əsas ünsiyyət telefon və video zənglər vasitəsilə baş verir. "O, mənimlə münasibətləri qoruyub saxlamağa çox çalışır. Ona nəsə deyə bilən yeganə şəxs mənəm", - Uornig deyir. Eyni zamanda, "Nord Stream2”nin rəhbəri Putinin xəstə ola biləcəyinə dair heç bir əlamət görməyib.
Bu yaxınlarda keçirdiyi görüşdə Uornig Putinə "Sən bu müharibədə qalib gələ bilməzsən. Burda qaliblər olmayacaq", - deyib. Alman iş adamı qeyd edir ki, Rusiya Federasiyasının prezidenti onunla mübahisə etməyib.

Şröder Rusiya qazı tərəfdarıdır, Uornigin arvadı müharibə səbəbindən fikirlərini dəyişib

"Die Zeit”in məqaləsində Uornigin ətrafının açıqlamaları da var. Belə ki, jurnalist "Nord Stream2” rəhbərini siyasi karyerasını başa vurduqdan sonra uzun illər "Qazprom”da işləmiş Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə görüşdə müşayiət edir. Şröder qeyd edir ki, siyasi baxışlar baxımından o və Uornig yaxın deyillər, lakin Rusiya qazı ilə bağlı fikirlərində həmrəydirlər. "Fevralın 24-dən sonra "Şimal axını 2" qaz kəməri ilə bağlı hər ikimiz üçün heç nə dəyişmədi. Biz bunu istəyirdik və o, hazır idi. Biz yekdilliklə deyirik ki, Rusiya qazını saxlamaq daha yaxşı olardı", - o deyir.

Uornigin həyat yoldaşı Yelena da jurnalistə müsahibə verib. O, özü əslən Rusiyadandır. "Şimal axını 2” rəhbərinin sözlərinə görə, müharibədən əvvəl onlar Putinə görə az qala boşanacaqmışlar, çünki Yelenanın qohumları Rusiya Federasiyasında yaşayır və səhiyyə sahəsində korrupsiya və problemləri öz gözləri ilə görürlər. "Sənə yaxşı səfər arzulamıram. Qatilin yanına gedirsən", - Moskvaya səfərlərinin birindən əvvəl Yelena ərinə deyib.

Ancaq müharibə başlayandan sonra hər şey dəyişdi. İndi Yelena Ukrayna tərəfindən törədilən uydurma "soyqırımdan” danışır. "Mən Putinə qarşı ola bilmərəm. Rusiyanın məğlub olduğu bir dünyada yaşamaq istəməzdim", - Yelena Uornig deyir. O, Ukrayna prezidenti Volodimir Zelenski haqda danışanda belə deyir: "Özünüz bilirsiniz kimin kuklasıdır”. Hətta söhbət zamanı yanında olan əri də buna dözə bilmir və Rusiyanın dövlət təbliğatının təkrarlanmısını dayandırır: "Lena, artıq bəsdir!”

Uornig Putinlə yaxınlığına görə onunla ünsiyyətdən imtina etmiş adı açıqlanmayan dostunu da xatırladır. Telefonda dostuna zəng edib cavabında səssizliyi eşidib nəsə olub-olmadığını soruşub. "Bəli, mənim bir problemim var. O da, Putindir. Sən Putinə qarşı daha açıq danışmalısan. Mənim sənin kimi dostum yoxdur”, - o cavab verib. Rusiyanın Ukraynaya təcavüzündən sonra açıqladığı bəyanatda Uornig müharibəni "təsviri mümkün olmayan səhv” adlandırıb, lakin bundan başqa heç nə deməyib. İndi o, etiraf edir ki, Rusiya prezidenti ilə əlaqələri onu ətrafındakılar üçün "toksik” edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26