Interposta.Info

Ukrayna 4-cü əks-hücuma hazırlaşır: ən azı on rus birləşməsi məhv edilməlidir
 

Dünya
 13-12-2022, 17:55     301

Ukrayna 4-cü əks-hücuma hazırlaşır: ən azı on rus birləşməsi məhv edilməlidir
Rusiya ordusunu Kiyevdən qovaraq, Xarkov vilayətini azad edib Xersonu geri qaytaran Ukrayna ordusu Krımın təchizat xətlərini kəsmək və Azov dənizi boyunca Rusiya cəbhəsini yarmağa yönələcək dördüncü əks-hücum əməliyyatına hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə Forbes yazır.

Qışı nəzərə alaraq, müharibənin onuncu ayında döyüşlərin "dondurulacağı" gözlənilsə də, Ukrayna Silahlı Qüvvələri Qulyaypole yaxınlığına mexanikləşdirilmiş briqadaları yerləşdirib və Melitopoldan 100 km məsafədə mövqe tutub. Nəşrin fikrincə, bu, cənubun böyük hissəsini azad etmək və materiki Krımla birləşdirən keçidə doğru irəliləmək məqsədi daşıyan dördüncü Ukrayna əks-hücumunun qaçılmaz olduğuna işarə ola bilər.
Bir neçə gün əvvəl Melitopol yaxınlığında şəhəri Berdyansk ilə birləşdirən magistral yolun keçdiyi avtomobil körpüsü partladılıb. Rusiya ordusunun arxa cəbhəsində baş verən partlayış diversantların əməyinin nəticəsidir, - Zaporojyenin Rusiya işğal administrasiyasının nümayəndəsi Vladimir Roqov deyib.

Moskvanın dünya tərəfindən tanınmayan referendumlardan sonra öz ərazisi elan etdiyi bölgədə kağız üzərində bir-iki min əsgəri və onlarla zirehli texnikası olan 291-ci qvardiya motoatıcı alayı döyüşür. Ukraynalılar tərəfdən 106-cı ərazi müdafiə briqadası, bir neçə min könüllüdən ibarət yüngül silahlı birləşmə və 19-cu əlahiddə tabor döyüşür. Hər iki tərəfə artilleriya dəstək göstərir.

Yaxınlıqda 65-ci mexanikləşdirilmiş briqada, eləcə də Ukraynanın 1-ci tank Briqadası yerləşir. Ancaq bu, Melitopol istiqamətinə hərəkət etmək üçün kifayət deyil. Rusiya qruplaşmasının ilhaq edilmiş bölgələrdə tədarükünü təmin edən əsas şəhərə qədər 300 km uzunluğunda bir yol dəf edilməlidir və bu prosesdə ən azı on rus birləşməsi və bölmələri məhv edilməlidir. Forbes yazır ki, əvvəlki hücumlarda - martda Kiyev yaxınlığında, altı aydan sonra Xarkov və Xerson yaxınlığında Ukrayna ən azı üç dəfə daha çox qüvvə cəmləyib.

ABŞ hərbçiləri daha əvvəl qışın gəlişi ilə döyüşlərin altı ayadək "dondurulacağını” proqnozlaşdırırdı: yağış və yumşaq torpaq hər iki ordunun sürətini azaldacaq, yer donduğunda isə qar və soyuq hava başqa bir problemə çevriləcək, lakin tankların və yük maşınlarının hərəkəti daha asan olacaq.
"Amerikanın səsi”nin Pentaqondakı yüksək səviyyəli mənbəyə istinadən verdiyi məlumata görə, bu qiymətləndirmə dəyişib. "Biz bilirik ki, ukraynalılar belə qış şəraitində döyüşə, həm də yaxşı döyüşə bilərlər”, - mənbə bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26