Interposta.Info

Putin Ukrayna limanlarını yenidən bağlamaq üçün bəhanə axtarır (ŞƏRH)
 

Dünya
 9-09-2022, 15:01     285

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə imzalanan "taxıl dəhlizi" müqaviləsindən çıxmaq istəyir. Onun Vladivostokda Şərq İqtisadi Forumunda çıxışı belə düşünməyə əsas verir.

Toplantıdakı çıxışı zamanı Putin bildirib ki, taxıl dəhlizi müqaviləsi çərçivəsində daşınan yüklərin böyük hissəsi Avropaya gedib, ona görə də aşağı gəlirli ölkələr müqavilədən faydalanmayıb. Putin 80 gəmidən yalnız ikisinin aşağı gəlirli ölkələrə getdiyini və buna görə də sövdələşmənin inkişaf etməkdə olan ölkələr üçün fırıldaq olduğunu, Rusiyanın da aldandığını deyib.

"Gördüklərimiz həyasızcasına edilən saxtakarlıqdır. Bu, bizimlə bağlı deyil, beynəlxalq ictimaiyyətin aldadılması, Afrikadakı və ərzağa ciddi ehtiyacı olan digər ölkələrdəki tərəfdaşların aldadılmasıdır. Bu, sadəcə olaraq dələduzluq, alçaqlıq və həyasızlıqdır”, deyə Putin əlavə edib.

Putin həmçinin qlobal ərzaq bazarında problemlərin arta biləcəyini və humanitar fəlakətin yaxınlaşdığını dilə gətirib. Rusiya prezidenti məsələni Türkiyə prezidenti Tayyib Ərdoğanla müzakirə edəcəyini bildirib. Gözlənilir ki, Putin Ərdoğanla taxıl sazişini gələn həftə Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində müzakirə etsin.

Qeyd edək ki, "taxıl dəhlizi" Türkiyə və BMT-nin vasitəçiliyi ilə iyul ayında razılaşdırılıb. Müqavilə nəticəsində taxılın qiyməti yenidən aşağı düşüb. BMT-nin məlumatlarına görə, avqustun əvvəlindən Ukrayna limanlarından 2 milyon tondan çox taxıl və digər ərzaq məhsulları ixrac edilib. Bu məbləğə Türkiyə, İspaniya, Çin, İtaliya və Somaliyə çatan məhsullar daxildir.


Əslində, Putin belə bir çıxışla buğdanın qiymətinin yenidən bahalaşmasına stimul verib. Belə ki, onun bu sözlərindən sonra buğdanın qiyməti 4 faizdən çox artıb. Çikaqo buğda fyuçersləri 4,5 faiz artaraq 8,5375 buşel/dollara yüksəlib. Putin də çox güman ki, bunu istəyib. Aydın məsələdir ki, qarşıdakı aylarda qiymətlərin, xüsusən də ərzağın bahalaşması Avropada əhalinin hökumətlərdən narazılığının artması ilə müşayiət olunacaq. Yəqin ki, Putinə də elə bu lazımdır. Ona görə də forumda Ukraynadan Qara dəniz vasitəsilə daşınan taxılla bağlı yuxarıda qeyd edilən açıqlamanı verib. Digər tərəfdən, Rusiya prezidenti həmin açıqlaması inkişaf etməkdə olan ölkələri öz tərəfinə çəkmək, onları yalnız Rusiya taxılını almağa sövq etmək, habelə bu ölkələri Avropa və Ukraynaya qarşı qaldırmaq məqsədi daşıyır.

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında "Liberal İqtisadçılar” Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, Putin Ukrayna limanlarını yenidən bağlamaq üçün bəhanə axtarır, ona görə də taxılın daşımnası istiqamətləri barədə belə əfsanələr uydurub:



"Ukrayna limanları Putinin əlində dünyanın ərzaq bazarında vəziyyəti gərginləşdirmək, qiyməti bahalaşdırmaq üçün bir silahdır. Dünya ölkələri Türkiyənin vasitəçiliyilə bu "silahı” Rusiyanın əlindən aldı. Rusiyanın bu addımı əldə edilən razılaşmada dünya qarşısında təcavüzkar addım kimi qiymətləndirildi. Nəticədə, Putin əlində başqa bəhanəsi olmadığından və çıxış yolu tapa bilmədiyindən taxıl sazişi ilə razılaşmalı oldu.

Ötən müddət ərzində Ukrayna limanlarından 90-dan çox gəmi yola salınıb. Putin isə iddia edir ki, həmin limanlardan çıxan 87 gəmidən yalnız 2-si Afrikaya göndərilib, 85 isə Avropaya. Amma bu, ağ yalandır. Həmin gəmilərin hərəkət trayektoriyası bütün dünya tərəfindən izlənilir. Bu müddətdə Ukraynadan Afrikaya 30-dan çox gəmi göndərilib. Putin sadəcə Ukrayna limanlarını bağlamaq üçün əsas axtarır. Ona görə də Vladivostokdakı tədbirdə həmin məsələni qaldırmaqla onu ictimailləşdirməyə çalışıb. Əslində, razılaşmada Ukrayna limanlarından çıxan ərzaq məhsullarının hansı məkana gedəcəyi barədə heç bir müddəa da yoxdur. Bu, Putinin cığallıq etdiyinin göstəricisidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26