Interposta.Info

“Qazprom”un qərarı Aİ-də qazın qiymətini 30% bahalaşdırdı
 

Dünya
 5-09-2022, 17:22     223

“Qazprom”un qərarı Aİ-də qazın qiymətini 30% bahalaşdırdı
Bazar ertəsi günü Avropada qazın qiyməti 30% artaraq 280 avro/MVt-a çatıb. Səbəb cümə günü axşam "Qazprom”un "Şimal axını-1” ilə təchizatı bərpa etməmək qərarıdır.

Həftə sonu Avropa hökumətləri qaz bazarını və istehlakçıları dəstəkləmək üçün tələsik tədbirlər hazırlayıblar:

•Almaniyada vətəndaşlara və şirkətlərə 65 milyard avroluq yardım planı razılaşdırılıb;

•İsveç və Finlandiya kommunal şirkətlərə dəstək elan edib;

•energetika nazirləri qaz qiymətlərinin məhdudlaşdırılması, o cümlədən qiymət "tavanı” və elektrik enerjisi direvativlərinin (mahiyyətcə, bu, əvvəlcədən müəyyən edilmiş aktivi (və ya pul məbləğini) müəyyən müddət ərzində və müəyyən qiymətə verməyi öhdəsinə götürən tərəflər arasında bağlanan müqavilə növüdür - red.) ticarətini dayandırılması üçün geniş təkliflər hazırlayır.

Şənbə günü "Qazprom” üç günlük fasilədən sonra "Şimal axını” ilə nəqli bərpa etməli idi və KİV şirkətdəki vəziyyətlə tanış olan mənbələrə istinadən qaz kəmərinin öz gücünün 20%-i ilə işləyəcəyini yazmışdılar. Lakin cümə günü axşam "Qazprom” bildirib ki, təchizat bərpa olunmayacaq.

Ötən həftə Avropada qazın (Hollandiya TTF fyuçersləri) qiyməti 120 avrodan çox və ya 37% ucuzlaşaraq 214,67 avro/MVt-a düşüb. Bazar ertəsi səhər qiymət 280 avroya qədər qalxıb, sonra isə qiymət 265 avroya (1000 kubmetr üçün 2755 dollar) düşüb.

"Qazprom”dan tədarükdə daimi məhdudiyyətlərə baxmayaraq, Avropa İttifaqı qaz ehtiyatını toplamağa nail olub. "Gas Infrastructure Europe”un məlumatına görə, sentyabrın 3-nə Avropa anbarları 82,55% doludur (məqsəd noyabrın 1-nə 80% idi), Almaniyada anbarlar artıq 85,5% dolub.

Bununla belə, JPMorgan analitiklərinin fikrincə, "Qaz təchizatı ilə bağlı çətinlikləri nəzərə alsaq, bu qış qeyri-vacib sənayelər üçün məcburi dayanmalar və ya hətta hava şəraitindən asılı olaraq "sönmələr” istisna oluna bilməz”.

"Bloomberg” sənəd layihəsinə istinadən yazır ki, Aİ-yə sədrlik edən və böhranla mübarizə üçün fövqəladə tədbirləri müzakirə etmək üçün cümə günü Aİ-nin enerji nazirlərini bir araya toplayan Çexiya bir sıra təkliflər hazırlayıb. Onlara xüsusilə daxildir:

•elektrik enerjisi istehsalı üçün istifadə olunan qazın qiymətinin yuxarı həddinin tətbiqi;

•Rusiyadan idxal olunan qaza qiymət "tavanı”nın tətbiqi;

•Marjin-kolla (treyderlərin birjada yerləşən depozitlərində marjanın təhlükəli həddə qədər azalması – red.) üzləşən enerji bazarı iştirakçıları üçün ümumavropa kredit xəttinin açılması;

•elektrik enerjisi derivativləri ilə ticarətin müvəqqəti dayandırılması və s.

Qaz böhranının yeni mərhələsi fonunda avronun məzənnəsi 2002-ci ildən bəri ilk dəfə 0,99 dollardan aşağı düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26