Interposta.Info

Uyğur qətliamının ildönümü qeyd olunub

 

Dünya
 6-07-2022, 14:44     210

Dünyanın müxtəlif ölkələrində yaşayan uyğur mühacirlər Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunda hökumət qüvvələrinin törətdiyi qətliamın 13-cü ildönümünü qeyd ediblər.

2009-cu ilin iyul ayında Sincan Uyğur Muxtar Rayonunda kütləvi etiraz aksiyaları keçirilib. Aksiyada kommunist rejimindən uyğurlara qarşı ayrı-seçkiliyə, qeyri-insani rəftara son qoyulması tələb olunub. İyulun 5-də Çin hakimiyyəti aksiyanı amansızcasına yatırıb. Yüzlərlə uyğur qətlə yetirilib, yaralanıb, minlərlə uyğur isə həbs edilib.

Novator.az saytı xəbər verir ki, qətliamın 13-cü ildönümü Avropa İttifaqına daxil olan ölkələrdə, eyni zamanda Türkiyə, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yaponiyada anılıb.

Bu ölkələrdə məskunlaşmış uyğur mühacirlər keçirdikləri anım mərasimlərində Çin rejiminin müsəlman uyğurlara qarşı repressiyaları nəinki dayandırmadığını, əksinə, son illərdə daha da gücləndirdiyini bəyan ediblər.

”The Middle East Monitor“ qeyri-hökumət təşkilatının yaydığı məlumata əsasən, Böyük Britaniyanın paytaxtı Londonda aksiya daha fərqli formada təşkil olunub. “Stand4Uyghurs” hüquq müdafiəsi kampaniyasının Çinin Londondakı səfirliyi qarşısında keçirdiyi aksiyaya tanınmış incəsənət xadimləri liderlik ediblər. Aksiya zamanı uyğur əsilli məşhur rəssam Şəms Çində uyğurlara və digər etnik azlıqlara qarşı repressiyaları, Sincan bölgəsindəki əsir düşərgələrini, uyğurların kökünü kəsmək üçün yürüdülən siyasəti, işgəncə və zorakılıqları böyük bir kətan üzərində çəkdiyi rəsmlə ifadə edib.

“Stand4Uyghurs” kampaniyası 100-dən çox müsəlman təşkilatı birləşdirən koalisiyadır. Koalisiyanın məqsədi ictimaiyyəti Çin rejiminin zorakılıqları ilə üzləşən uyğurların və digər müsəlman azlıqların müdafiəsinə cəlb etməkdir.

İstər Böyük Britaniyada, istərsə də digər ölkələrdə keçirilən anım mərasimlərində uyğur soyqırımının, müsəlman-türk icmasının məhvinə yönəlmiş siyasətin dayandırılması, uyğurların saxlandığı əsir düşərgələrinin bağlanması, uyğurların fabriklərdə, tarlalarda qul kimi işlədilməsinə son qoyulması, itkin düşmüş şəxslər haqda məlumatların açıqlanması, o cümlədən ailələrindən alınmış uşaqların tapılması, zorla müsadirə edilən mülklərin sahiblərinə qaytarılması kimi tələblər irəli sürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26