Interposta.Info

İMF proqnozları açıqladı: Təhsilə yatırım edən ölkələr irəli gedəcək (ŞƏRH)

Dünya
 7-04-2021, 15:04     328

"Beynəlxalq Valyuta Fondu (IMF) dünən dünya iqtisadiyyatı ilə bağlı yeni hesabatı və gözləntiləri elan edib. Demək olar ki, hər region üçün ümumi iqtisadi artım göstəriciləri yaxşılaşdırılıb. Azərbaycanın ÜDM-sinin 2.3 faiz artacağı gözlənilir”.

"İnterPosta"xəbər verir ki, bu sözləri ABŞ-ın Şimali Dakota Universitetinin maliyyə üzrə professoru Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, koronavirus böhranının nəticələri 2 ilə aradan qalxacaq:

"Bəzi ölkələr digərlərindən daha tez "ayağa qalxır”. Gözləntilərə görə, COVİD-dən əvvəlki ÜDM-yə inkişaf etmiş ölkələr arasında ABŞ-ın bu ilin sonunda çatacağını, Çinin isə artıq çatdığını gözləyirlər. Ancaq hər iki kateqoriyada ölkələrin çoxu 2022-2023-də o səviyyələrə çata biləcək. Əsas da inkişaf etməkdə olan ölkələrin daha çox geriyə düşəcəyini gözləyirlər. Həm də ölkələr daxilində gəlirləri az, bacarıqları az, yenidən iş tapma imkanları az olan təbəqələr daha pis vəziyyətdədirlər, cavanlar və qadınlar arasında işini itirənlər daha çoxdur. Əlbəttə ki, müsbət gözləntilərin çoxu onunla əlaqədardır ki, vaksinləşmə sürətlə davam edəcək və yoluxmaların sayı azalacaq. Son həftələrdə bəzi ölkələrdə yoluxma rəqəmlərinin artması bu rəqəmləri zəiflədə bilər.

Qlobal maliyyə axımları baxımından ABŞ-da uzun müddətli faizlərin artması başqa ölkələrin maliyyə sektoruna və valyutalarına təzyiq edir və bu trend sürətlənərsə, borcu çox və maliyyə kapitalı axtaran ölkələr üçün çətin olacaq. Pandemiya davam edərsə, bu, ölkələri səhiyyə və büdcə xərclərini artırmağa məcbur edir və daha çevik siyasət tələb edir ki, iqtisadiyyatın məhsuldarlığını artıran addımlar atılsın. İflas edən şirkətlərin bağlanma prosedurundan tutmuş təhsilə xərclərə qədər daha yeni və çevik addımlar atılmalıdır. Büdcə yükü bir tərəfdən, maliyyə kapitalının bahalaşma ehtimalı, bir tərəfdən iqtisadiyyatların dirçəldilməsi üçün xərclərin artırılması ehtiyacı da hökumətləri sınağa çəkəcək.

Az inkişaf etmiş ölkələrə maliyyə vəsaiti təmin etmək üçün IMF və ABŞ hardasa 650 milyard dollardan çox vəsait ayırmağı nəzərdə tutur. Ölkələr arası ticarətin güclənməsi və siyasi məsələlərin müsbət həll olunması (ABŞ-Çin-Avropa arasında və digər regional məsələlər) iqtisadi artıma kömək edəcək. Amma uzun müddətdə, həmişəki kimi, innovasiyaya, təhsil və məhsuldarlığa yatırım edən, təbii resurslarını daha ağılla idarə edən ölkələr yuxarı çıxacaq, qalanları isə yerində sayacaq və ya geri gedəcək...”

Professorun fikrincə, dünyada xammal xərcləri ilə yanaşı, bilikli, bacarıqlı işçilərə veriləsi maaşlar, idarəetmə xərcləri, marketinq və daşıma xərcləri də artır:

"Azalan təkcə maliyyə xərcləridir, o da bəzi ölkələrdə. Digər xərclər artanda dövlətlər şirkətlərin maliyyə xərclərinin azalmasına çalışmalıdır. Amma bunun üçün də iqtisadiyyatda real, dayanıqlı və rəqabətli biznes modeli olan yaradıcı və məhsuldar şirkətlər və onların gəlir gətirən ideyaları və bunları qiymətləndirə biləcək maliyyə sektoru olmalıdır. Belə ideya və şirkətlər çox olmayanda pullar "zombie” (fəaliyyətə və xidmət borcuna davam etmək üçün kifayət qədər pul qazanan, lakin borclarını ödəyə bilməyən şirkətlərdir – red.) şirkətlərə gedəcək və iqtisadiyyat itirəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26