Interposta.Info

ABŞ-ı qana bulamaqda təqsirləndirilən çeçenin edam hökmü ləğv edildi

Dünya
 1-08-2020, 17:53     639

ABŞ Federal Apellyasiya məhkəməsi 2013-cü ildə Boston marafonunda yüzlərlə insana xətər yetirməkdə şübhəli bilinən Coxar Tsarnayev haqqında çıxarılan ölüm hökmünü ləğv edib.

“Associated Press” agentliyinin verdiyi məlumata əsasən, yuxarı məhkəmə birinci instansiyada çıxarılan hökmün prosedur qaydalarının pozulması əsasında verildiyi qənaətinə gəlib.

İşə baxan hakimin bəyanatına görə, ilk məhkəmənin hakimi andlıları başqa yöndə düşünməyə vadar edəcək dəlilləri lazımi şəkildə araşdırmayıb.

Üç hakimdən ibarət Birinci dairə apellyasiya məhkəməsi buna görə müvafiq qərar verdiyini açıqlayıb.

“Lakin bu heç kimi yanıltmasın. Coxar həyatının qalan hissəsini həbsxanada keçirəcək və buradakı fərq onun edam nəticəsində deyil, öz əcəli ilə ömrünü başa vuracağıdır”, - deyə məhkəmə sənədində göstərilib.

Xatırladaq ki, 2013-cü ilin yazında hər il ənənəvi olaraq keçirilən Boston marafonunda törədilən partlayış zamanı 3 adam həlak olub, 260-dan çoxu isə yaralanıb.

Partlayışın baş verməsində Qırğızıstandan gəlmə Coxar və Tamerlan Tsarnayev qardaşları günahlandırılıb. Coxar özü cinayəti törətmədiyini və biriləri tərəfindən hədəf olaraq ortaya qoyulduğunu söyləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26