Interposta.Info

Ərdoğanla Putinin yolları ayrılır - 4 münaqişəyə görə...

Dünya
 19-02-2020, 09:14     412

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kreml sahibi Vladimir Putin arasında dünyadakı bir sıra münaqişələrdə fikir ayrılığının olduğu göz önündədir. Misal olaraq, Qarabağ, Krım, İdlib, Liviya kimi problemləri göstərə bilərik. Bütün bunlar son illərdə tərəfdaş ölkələrə çevrilən Rusiya-Türkiyə münasibətlərində böyük çatlar əmələ gətirməyə başlayıb.

Artıq rus politoloqları iki ölkə arasında yaxın əlaqələrin müvəqqəti olduğu, tezliklə bunun aradan tamamilə qalxacağı barədə tez-tez fikirlər səsləndirməyə başlayıblar. İndiyə qədər Ərdoğan-Putin arasında istər üzbəüz, istərsə də, telefon vasitəsilə 70 dəfə danışıqların aparıldığı və artıq bu danışıqların mənasız olduğu önə çəkilir. İndiyə qədər bir-birilərinə bəzi məsələlərdə açıq dəstək verən prezidentlərin son zamanlar dəstək verməkdə tərəddüd etdikləri qeyd olunur. Burada Amerikanın getdikcə rəsmi Ankaraya münasibətində bəzi dəyişikliklərin olmasının də mühüm rol oynadığı vurğulanır.

Son olaraq, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Suriyanın İdlib vilayətində bəşəri fəlakətin qarşısını almaq üçün göstərdiyi səylərə görə Türkiyə tərəfə təşəkkür edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi sözçüsü Cud Dirin liderlərin şənbə günü həyata keçirdiyi telefon danışığı ilə bağlı yazılı açıqlamasında bildirilir.

Məlumata əsasən, Tramp danışıq zamanı Rusiyanın Əsəd rejimini dəstəkləməsini sona çatdırmasını və Suriyada daxili müharibənin siyasi yolla həllini istədiyini dilə gətirib.

Göründüyü kimi, ABŞ Türkiyəyə “qarmaq atır”. Bu da əsassız deyil. Rəsmi Vaşinqton sanksiyalarla zəiflətməyə çalışdığı Rusiyanın yanında regionun əsas güc sahiblərindən biri sayılan Türkiyənin olmasını istəmir. Proseslərin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyi ciddi suallar doğurur.

Politoloq Əhəd Məmmədli Türkiyə-Rusiya münasibətlərinin davamlı olacağını düşünür: “Türkiyə ilə Rusiya arasında bir çox məsələlər üzrə fikir ayrılıqlarının olduğu heç kəsə sirr deyil. Amma necə indiyə qədər bu fikir ayrılıqlarına rəğmən münasibətlər davam edib, bundan sonra da davam edəcək. Çünki münasibətlərin davamının alternativi yoxdur. Müasir dövrdə böyük dövlətlər bütün fikir ayrılıqlarına rəğmən körpüləri yandırmırlar. Rus politoloqlarının bu barədə fikirləri əhəmiyyətli deyil. Çünki onlar heç nəyi həll etmirlər. Əsas rəsmi Moskvanın mövqeyidir. Moskva isə hələlik Ankara ilə münasibətlərə çox ehtiyatlı, korrekt və diplomatik yanaşır. Ümid edirəm ki, bu cür rasional yanaşma davam edəcək. Bu yaxınlarda Ərdoğanla Putinin növbəti görüşü olmalıdır. Bu görüşdən sonra İdlib məsələsində çözüm sürəsi gözlənilir. Ən azı atəşkəs bərpa edilməlidir. Əks halda türk ordusu ilə rus hərbi hissələrinin Suriyada toqquşması an məsələsinə çevrilə bilər. Belə olan halda ancaq türk-rus münasibətlərinin son akkordları haqda danışa bilərik. İdlibdə insan faciəsi yaşanır. Rus bombaları altında uşaqlar, qadınlar, yaşlılar həlak olurlar. Bu mənzərə sivil dünya üçün utanvericidir. Rusiya-İran-Əsəd İdlibdə soyqırım edir. Buna indi dur deyilməsə, İdlib ən yaxşı halda ölülər şəhəri Hələbin taleyini yaşayacaq. Hələlik türk ordusu Hələbin və bununla da Suriya müxalifətinin düşməsinə imkan vermir. Fevral ayınının sonunadək türk ordusu İdlib vilayətini tam rejim ordusundan təmizləməyi hədəflənir. YPQ terrorçuları Əsədçilərə müxaliflərlə savaşda kömək edir. Türk ordusunun müdaxiləsindən sonra YPG-çılarla Əsədçilər geri otuzdurulub. Türk ordusunun müdaxiləsindən sonra rejim qoşunlarının irəliləyişi dayandırılıb. Cəbhə bölgəsindən son məlumatlar budur”.

Politoloq Amerikanın Türkiyəyə olan münasibətindən də söz açdı: “Amerika türk-rus qarşıdurmasından yararlanmağa çalışacaq. Bunu Ankarada da, Moskvada da bilməmiş deyillər. Türkiyə indiyə qədər məharətlə Amerika-Rusiya qarşıdurmasından istifadə edib, yararlanıb. Bu vəziyyətdə Türkiyə Amerika ilə Rusiyaya qarşı birləşə bilər. Bunun olmamasının, qarşısının alınmasını artıq Rusiya fikirləşməlidir. Düzdür Türkiyə Amerikaya da çox bel bağlamamalıdır. Rus qırıcısının vurulması konfliktində NATO-dakı müttəfiqlər demək olar ki, Türkiyəni Rusiya ilə üz-üzə qoydular. Bunu da Türkiyə bilməmiş deyil. Belə olan vəziyyətdə Amerika və Rusiya öz oyunlarını oynamaq istəyəcəklər. Təbii ki, Türkiyənin də öz maraqları var. Bu maraqlar həm də Suriyada müsəlmanların qətlinin dayandırılması deməkdir. Ona görə də, eyni anda qardaş ölkə həm Əsədçilər, həm YPG-çılar, həmdə DAİŞ-çilərlə Suriyada vuruşur. Türkiyə bütün İslam dünyasının yeganə müdafiəçisinə çevrilib. Müsəlmanların müdafiəçisi Türkiyə eyni anda həm Qərb, həm Çin, həm də Rusiya ilə savaş içindədir. Bu savaş siyasi, iqtisadi, sosial meydanlarda gedir. Hərdən bu savaşda rəqiblərin, düşmənlərinlə müvəqqəti də olsa hansısa məsələlərdə anlaşmağa məcbur olursan. Savaşın qanunlarından biri də uzlaşmaqdır. Türkiyənin başqa yolu da yoxdur. Yenidən böyük olmaq üçün, böyük risklər etməyi bacarmalısan. Əminəm ki, Türkiyəmiz bacaracaq, edəcək və ən böyük olacaq. Türkiyənin böyük olması türk dünyasının, İslam dünyasının böyük olması deməkdir. Ona görə də, bu şərəfli yolda daxili və xarici düşmənlər tərəfindən Türkiyənin qarşısı bütün vəchlərlə, imkanlarla alınmağa çalışılır. Amma əbəs yerə çalışırlar. Çünki artıq Türkiyə adlı böyük gəmiyə böyük səyahət çıxıb və qarşısında olan bütün aysberqləri əzib keçəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26