Interposta.Info

Konqodakı Ebola epidemiyasına görə beynəlxalq tibbi fövqəladə vəziyyət elan edilməyib

Dünya
 15-06-2019, 20:30     10 359

Dünya Səhiyyə Təşkilatı (DST) Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyası ilə əlaqədar beynəlxalq tibbi fövqəladə vəziyyət elan olunmasından imtina edib.

AZƏRTAC xəbər verir ki, mərkəzi qərargahı Cenevrədə yerləşən təşkilatın ekspertlər komitəsi vəziyyətin ciddi olduğunu, lakin bununla belə, fövqəladə vəziyyət üçün bütün şərtlərin mövcud olmadığı barədə məlumat yayıb.

DST-nin baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, epidemiyanın bu ölkənin hüdudlarından kənarda yayılması riski yüksək olaraq qalır və dünya ictimaiyyətini bu epidemiyanın yayıldığı ölkələri maliyyə və digər resurslarla təmin etməyə çağırıb.

Qeyd edilib ki, DST ölkədəki vəziyyəti bundan sonra da diqqətlə izləyəcək. Ekspertlər komitəsinin iclasının təcili olaraq çağırılmasına səbəb isə ötən günlərdə Konqo ilə qonşu Uqandada iki nəfərin Ebola virusundan dünyasını dəyişməsi olub. Bununla da epidemiyanın artıq Konqodan kənara çıxması və qonşu ölkələrə də yayılması təhlükəsi yaranıb.

2018-ci ildə epidemiya yayılandan bəri DST tərəfindən bu ölkədə 2100 yoluxma halı qeydə alıb. Epidemiya nəticəsində artıq 1400 nəfər dünyasını dəyişib. DST-nin dəstəyi ilə Ebola virusuna yoluxmuş insanlarla təmasda olan şəxslərə (Konqoda 130 min, Uqandada isə 5 min insana) eksperimental peyvənd vurulub. 2014-2015-ci il epidemiyası ilə müqayisədə daha az adamın virusa yoluxması və eksperimental vaksinin müsbət təsirinə inam DST-ni beynəlxalq dərəcəli fövqəladə vəziyyət elan olunması fikrindən daşındırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26