Maduro da xalqı meydanlara çağırdı - Venesuelada gərginlik kritik həddə
Quaydonun xalqı küçələrə dəvətinə cavab olaraq prezident imperializmə qarşı yürüş elan etdi; Asim Mollazadə: “Beynəlxalq qüvvələr çalışır ki...”
Venesuela prezidenti Nikolas Maduro müxalifət lideri Xuan Quaidonun xalqı küçələrə dəvət etməsinə eyni şəkildə qarşılıq verib. Maduro martın 9-da tərəfdarlarını nümayişə dəvət edib.
Uqo Çavesin ölümünün 6-cı ildönümü münasibətilə paytaxt Karakasda təşkil olunan tədbirdə çıxış edən Maduro eks-prezident Barak Obamanın 2015-ci il martın 9-da ABŞ-ın Venesuelanı milli təhdid olaraq elan etdiyi qərarnaməni imzaladığını xatırladıb. O, sözügedən hadisəni “bolivarçı anti-imperialist gün” olaraq gördüyünü bildirərək, “Şənbə günü küçələrdə olacağıq” deyib.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları küçələrə çıxmağa çağıran Maduro həmçinin həmin gün əhəmiyyətli açıqlamalar verəcəyini söyləyib. Halbuki Maduronun təyyarəsinin ölkəni tərk edərək, Kubaya eniş etdiyi xəbər verilmişdi. Ancaq prezident iddiaları yalanlayıb və xalqı küçələrə çağırıb.
Maraqlıdır ki, ABŞ Latın Amerikasının iqtisadi cəhətdən kasıb olan, Qərbin diktator dediyi Boliviya prezidenti Evo Moralesi, yaxud Qvatemala prezidenti Cimmi Moralesi ən əsası bir həftədən çoxdur kütləvi nümayişlər keçirilən, aclıq və səfalət içində olan Haitidə prezident Jovenel Moizi devirmək istəmir.
Hərçənd Haiti prezidenti istefa verməyəcəyini bəyan edib. Ancaq nədənsə yalnız Venesuelada iqtidar dəyişikliyi etmək iddiasındadır və Quaydoya açıq dəstək verir.
Bu arada Ekvadordan vətəninə qayıdan müxalif lider meydana çıxıb, Maduronu istefaya dəvət edib. Gözləntilər beləydi ki, bu dəfə prezident geri çəkiləcək. Amma o, nəinki Kubaya qaçıb, əksinə, xalqı dəstək mitinqinə dəvət edib. Belə bir mübarizə fonunda hər iki tərəf şanslı görünür. Quaydo ABŞ və Qərb dövlətlərindən ciddi dəstək alsa da, Maduro daxildəki gücünə inanır.
Kütləvi etirazlar başlayandan ilk dəfə Quaydonu yüksək vəzifəli hərbçi - Venesuela hərbi hava qüvvələrinin diviziya generalı, HHQ Ali Hərbi Komandanlığının strateji planlama üzrə direktoru Fransisko Esteban Yanes Rodriqes dəstəkləyib.
“Bu gün qürurla bildirirəm ki, Nikolas Maduro diktaturasının nüfuzunu rədd edir və Xuan Quaydonu Bolivar Respublikasının prezident səlahiyyətlərini icra edən şəxs olaraq tanıyıram”, - “El Nacional” qəzeti ondan sitat gətirib.
Yanvarın 23-dən, yəni Venesuelada etirazlar başlayandan bəri getdikcə daha çox ölkə Venesuala parlamentinin qərarı ilə prezident elan edilən Xuan Quaydonun legitimliyini tanıyır. Yanvarın 30-da Avropa Parlamenti də bu sıraya qoşulub.
ABŞ Venesuelanın müvəqqəti prezidenti kimi Xuan Quaydonun legitimliyini tanımaqla kifayətlənməyib, həmçinin ölkənin RDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq edib. Nəticədə şirkət özünün ən böyük bazarından məhrum olub və artıq özünün Amerikadakı neft emalı zavodlarından pul ala bilmir.
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Venesuelada müxtəlif qüvvələrin maraqları toqquşur. Onun fikrincə, Maduronun arxasında hərbi qüvvələr var və bu səbəbdən qurbanların sayı artır: “Qurban isə Venesuela xalqıdır. Artıq ölkənin qonşu dövlətlərlə sərhədlərində gərginlik yaşanır, insanlar aclıq, işsizlikdən qaçıb gedirlər. Amma bu faciələrin, fəlakətlərin məsuliyyətini indiki hakimiyyət daşımaq istəmir”.
A.Mollazadə qeyd etdi ki, beynəlxalq qüvvələr böhranın sülh yolu ilə həllini tapmasına çalışır: “Amma gedişat göstərir ki, bundan sığortalanmaq da mümkün deyil”.
Deputat Venesuelada bu hadisələrin baş verməsində neft amilini istisna etmir, amma hesab edir ki, neftdən bəhrələnən də xalq yox, iqtidardır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26