Interposta.Info

Tiflis özlərinə qarşı vuruşan qatilə niyə büst ucaltdı?

Dünya
 27-01-2019, 10:28     10 350

Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mixail Avaqyana Gürcüstanda abidə qoyulması Gürcüstan tərəfinin Azərbaycana münasibətdə yol verdiyi xain bir xətadır.

İnterPosta.info-nun məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq bağları var, Azərbaycan Gürcüstan üçün kifayət qədər böyük işlər görüb:

“Rusiyanın Abxaziya və Cənubi Osetiyanı ilhaq etdiyi və tankların Tiflisə doğru irəlilədiyi bir vaxtda Azərbaycan Gürcüstanın arxasında dayanan və ona hər cür yardım edən dövlətlərdən biri idi. Bu gün də müəllifi və maliyyə dəstəyi Azərbaycan olan bir çox beynəxalq iqtisadi layihələr Gürcüstan ərazisindən keçir. Gürcüstan bu layihələrə cəlb edilib və bu layihələrdən böyük miqdarda qazanc əldə edir. Məsələn, bu gün Gürcüstan büdcəsinə daxilolmaların 42%-i Azərbaycanın gerçəkləşdiyi beynəlxalq layihələr hesabınadır. Yəni Gürcüstan bu məsələdə Azərbaycanın nə qədər böyük rol oynadığını nəzərə alaraq, Bakının maraqlarına zidd addımlar atmamalıdır. Amma çox təəssüf edirik ki, bu günlərdə Gürcüstanın Axalkalaki vilayətində Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mixail Avaqyana abidə qoyulub. Axalkalaki ermənilərin yaşadığı bölgədir və burada yaşayanlar separatizm əhval-ruhiyyəsində olan ermənilərdir”.

Politoloq vurğulayıb ki, Mixail Avaqyan Abxaziyada yaradılmış və tamamilə ermənilərdən ibarət olan “Baqration” batalyonunun tərkibində gürcülərə qarşı da vuruşub:

“Guya bunu Gürcüstan hökuməti bilmir?! Bundan sonra Abxaziya hadisələrinin müəyyən dövründə o, bu ərazilərdən köçərək Ermənistana getmiş, oradan da Dağlıq Qarabağa keçərək Azərbaycan ordusuna qarşı vuruşmuşdur. Avaqyan əsasən də Xocalı hadisəsində çox böyük qaniçənlik edib. Yəni bu şəxs həm Abxaziya hadisələri zamanı gürcülərə, Xocalı hadisələri zamanı isə azərbaycanlılara qarşı döyüşüb. Onun əli kifayət qədər gürcü qanına da batıb. Bu şəxsə Gürcüstan ərazisində heykəl qoyulması, sözün həqiqi mənasında həm biabırçılıq, həm də Azərbaycana qarşı həyata keçirilən xain planın tərkib hissəsidir. Bu, Azərbaycan dövlətində çox böyük etiraz doğurub. Azərbaycan tərəfi sərt şəkildə Gürcüstan tərəfini Xarici İşlər Nazirliyi xətti ilə qınayıb. Amma burada Gürcüstan Xairici İşlər Nazirliyinin mövqeyi çox qəribədir. Guya onlar iddia edirlər ki, büstün qoyulmasından əvvəl Azərbaycan tərəfinə məlumat verilib. Bütün bunların Gürcüstan tərəfinin uydurması olduğunu düşünürəm. Mən inanmıram ki, Azərbaycan XİN bu məsələni araşdırmadan razılıq versin. Amma burada bir məqamı da qeyd etmək yerinə düşərdi. Bizim Gürcüstandakı səfirliyimiz bu məsələdə kifayət qədər passiv rol oynayıb. Bu hadisələrə hazırlıq zamanı lazımi materiallar toplayıb Azərbaycan dövlətini vaxtında xəbərdar etməyib. Ən qəribəsi də odur ki, ermənilər bu büstü qoymaqla yanaşı, büstün açılması mərasimi üçün də çox alçaqcasına 20 yanvar tarixini seçiblər”.

Politoloq bildirib ki, ermənilərin xainliyi hamıya, xüsusən də Azərbaycan xalqına bəllidir:

“Amma Gürcüstan tərəfinin yol verdiyi bu xəyanətkar addım Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın ruhuna uyğun gəlmir. Azərbaycan tərəfi həmin büstün götürülməsini tələb edir və bu istiqamətdə də işlər görür. Başqa təkliflər də var ki, azərbaycanlıların kompakt halda yaşadığı Marnuelidə Milli Qəhrəmanımız Mübariz İbrahimovun heykəli ucaldılsın. Büstün götürülməsi istiqamətində işlər yenicə başlasa da, M.İbrahimovun Marnuelidə heykəlinin ucaldılmasına da hazırlıq işləri başlamalıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26