Səudiyyə şahzadəsi Qaşıqçı cinayətinin altından çıxdımı...
Məhəmməd ibn Salmanın G-20 sammitinə gedəcəyi xəbəri yayılıb
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ibn Salmanın noyabrın 30-dan dekabrın 1-dək Argentinada keçiriləcək G-20 sammitinə qatılacağı açıqlanıb. AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu, onun səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətindən sonra edəcəyi ilk xarici səfər sayılır. Bu haqda informasiyanı səfərdə şahzadəni müşayiət edəcək enerji naziri Xalid Abdulaziz el-Falih yayıb. O, Argentinadan başqa hansı ölkələrə səfər edəcəklərini deməyib.
Qeyd edək ki, “The Washington Post” qəzetinin köşə yazarı jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülüb. Bu hadisə Səudiyyə Ərəbistanı hakimiyyəti, o cümlədən şahzadə üçün beynəlxalq səviyyədə ciddi problemlərə, təzyiqlərə səbəb olub. Qaşıqçının öldürülməsindən bəri vəliəhd Məhəmməd ibn Salman heç bir xarici ölkəyə getməyib. Onun bu ayın sonunda Argentinada keçiriləcək G-20 sammitinə qatılacağı barədə məlumat şahzadənin Qaşıqçı işindən get-gedə yaxasını xilas etməsi barədə iddiaları ortaya çıxarıb.
Politoloq Natiq Miri isə hesab edir ki, Şahzazdə Məhəmməd ibn Salmanın G-20 sammitinə qatılması baş versə və hətta o, Avropaya tura çuxsa belə, bunu Qaşıqçı məsələsindən onun qurtulması kimi qəbul etmək düzgün nəticə deyil. Çünki proses hələ başa çatmayıb. Prosesin başa çatması ilə bağlı Türkiyə birmənalı şəkildə nöqtə qoymayınca heç bir ölkə, hətta ABŞ da bu məsələyə son qoya bilməz.
Politoloq qeyd etdi ki, vəliəhdin Argentinada G-20 samitinə qatılması, sadəcə olaraq, növbəti dəfə Səudiyyə rəhbərliyinin tamamilə dünya tərəfindən izolə olunmadığını nümayiş etdirmək üçün təşkil olunmuş səfər kimi qəbul ediləcək: “Qərbdə Səudiyyənin pulları ilə bəslənən qüvvələr, hətta hakimiyyətlər mövcuddur. Onlar Səudiyyə şahzadəsinin səfərində, dünyaya çıxmasında daha çox maraqlıdırlar və bunun reallaşması üçün öz imkanlarını səfərbər etmələri istisna deyil. İkincisi, hələ Qaşıqçı cinayətinin üstü istintaq tərəfindən tam olaraq açılmayıb və qətlin sifarişinin konkret kim tərəfindən verildiyi istintaq tərəfindən rəsmi açıqlanmayıb. Bu amil şahzadə ibn Salmanın hansısa xarici ölkəyə və ya böyük bir beynəlxalq tədbirə rahat gedə bilməsində rol oynayır. Yəni hələ istintaq sübuta yetirməyib ki, sifarişçi şahzadədir, yoxsa başqasıdır. Hələlik qeyri-müəyyənlik davam edir. Ona görə də belə vəziyyətdə Məhəmməd ibn Salmana hansısa ölkələrə giriş qadağası və ya viza verilməsinə yasaq tətbiq olunmayıb. Qətldə birbaşa iştirak edən şəxslərə qarşı məhdudiyyətlər yaradılıb. Siyahıda hələ vəliəhd yoxdur. Lakin bu heç də o demək deyil ki, şahzadə Qaşıqçı məsələsindən yaxasını birdəfəlik qurtarıb”.
Bu arada məlum olub ki, Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətli anının audioyazısı Türkiyə mətbuatının əlinə keçib. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı “Hürriyet Daily News” nəşri yayıb. Yazılardan göründüyü kimi, jurnalisti viza şöbəsinin yerləşdiyi “A” bölməsində tutublar. “Qolumu buraxın! Özünüzü nə hesab edirsiniz?” - deyə Qaşıqçı qışqırıb.
Türkiyənin hüquq-mühafizə orqanları səs yazısında kəşfiyyat polkovniki Maher Əbdüləziz Mutrebin səsini ayırd edə biliblər. Bu şəxs mütəmadi olaraq Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı müşayiət edir. “Satqın! Cəzanı alacaqsan!” - deyilənə görə, o çığırırmış.
Eyni səs konsulun ofisinin yerləşdiyi “C” korpusunda qeydə alınmış yazılarda da eşidilir. Buradan 19 telefon zəngi edilib və Əbdüləziz Mutreb vəliəhdin müşaviri Səud əl-Kəhtani ilə danışıb. İlk belə zəng Qaşıqçı konsulluğun binasına daxil olandan 13 dəqiqə sonra edilib.
Audioyazıda yeddi dəqiqə ərzində Qaşıqçı ilə Türkiyəyə jurnalistlə görüşmək üçün Səudiyyə Ərəbistanından gəlmiş 4 nəfərin davası eşidilir. Onlar publisisti inzibati departamentlərin yerləşdiyi “B” bölməsinə gətirirlər. Yazıdan eşidilir ki, Qaşıqçı onu tutanlarla dalaşır, sonra isə fiziki güc tətbiqi, döyülmə və işgəncə səsləri eşidilir. Jurnalistə fiziki güc tətbiqi 11 dəqiqə davam edir, bundan sonra kabinetə sükut çökür. Müstəntiqlər hesab edir ki, həmin an qətlin iştirakçıları radiotezlik maneələrini işə salıblar. Sonra onlar müşahidə kameralarını sındırıb və diskləri təmizləyiblər.
Jurnalistin ölümündən 20 dəqiqə sonra Türkiyəyə gəlmiş heyətin üzvlərindın birini, güman ki, səudiyyə kəşfiyyatının 57 yaşlı əməkdaşı Mustafa əl-Mədəniyə Qaşıqçının libasını geyindirirlər ki, o, konsulluqdan sağ çıxan jurnalisti təsvir etsin. “20 dəqiqə əvvəl öldürdüyümüz adamın paltarını geyinmək dəhşətlidir”, - o deyir. Kəşfiyyatçı şikayətlənir ki, öldürülmüş şəxsin ayaqqabısı onun ayağına çox kiçikdir və kəşfiyyatçıya icazə verilir ki, öz idman ayaqqabılarını çıxarmasın. “Hürriyet” yazır ki, məhz idman ayaqqabısı sonradan qatilləri ələ verib.
Qəzet qeyd edir ki, Türkiyə hüquq-mühafizə orqanlarında cəsədin parçalandığı güman edilən “C” korpusundan səs yazıları yoxdur. Lakin əsas sübutlardan biri kimi göstərilir ki, qətldən dərhal sonra bu bölmədəki üç otağın divarları yenidən rənglənib. Bundan əlavə, döşəmədə kimyəvi maddələrin qalıqları və elektrik rozetlərində şübhəli şəxslərin barmaq izləri aşkarlanıb. Ələlxüsus, səudiyyəli heyətlə Türkiyəyə gəlmiş məhkəmə-tibb ekspertinin barmaq izləri tapılıb.
Türkiyə hakimiyyəti audioyazını açıqlamır və Səudiyyə Ərəbistanı konsulluğunun dinlənilməsini inkar edir. Lakin mətbuat orqanları həmin audioyazılara istinadən qətlin yeni-yeni təfərrüatlarını dərc edirlər. Yazının surətləri ABŞ, Fransa, AFR, Böyük Britaniya və Səudiyyə Ərəbistanı tərəflərinə ötürülüb. Qəzetin yazdığına görə, bütün bunların əsasında ABŞ xüsusi xidmət orqanları qərara gəlib ki, əsas sifarişçi vəliəhddir.
Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də qətlə yetirilib. O, konsulluğa Türkiyə vətəndaşı olan qadınla evlənə bilmək üçün boşanmasını təsdiq edən sənədləri almaq məqsədilə gəlibmiş. Gələcək həyat yoldaşı isə onu konsulluğun yaxınlığında gözləyirmiş. Lakin konsulluğa daxil olan Qaşıqçı geriyə dönməyib./musavat.com
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


