Interposta.Info

Merkel paltardəyişmə otağında, Ərdoğan isə... -

Dünya
 8-06-2018, 16:49     10 524

Məsud Özillə İlkay Gündoğanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsində gündəm yaradacaq heç nə yoxdur. Məsud da, İlkay da Almaniya futbolunun yetirmələri olsalar da, hər şeydən əvvəl türkdürlər.

"XeberBiz" xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında idman eksperti Natiq Muxtarlı deyib. O bildirib ki, almanları bu dərəcədə qıcıqlandıran səbəb Türkiyə-Almaniya münasibətlərindəki gərginlikdir:

“Bu futbolçuların Türkiyədə xeyli qohum-əqrəbası yaşayır. Buna görə də onlar mütəmadi olaraq tarixi vətənlərinə səfər edirlər. Türkiyə prezidenti üçün də dünyanın hər bir nöqtəsində yaşayan türk doğma olmalıdır. Əgər hansısa bir alman başqa bir ölkədə uğur qazanarsa və ya “burnu qanayarsa”, güman ki, Almaniya kansleri ona biganə qalmayacaq. Almanların bu futbolçuların Ərdoğanla görüşməsinə bu formada reaksiya verməsi, sadəcə, siyasi hikkənin təzahürüdür. Onlar güclü Türkiyəni, Ərdoğanın Almaniyanın yürütdüyü siyasət, ikili standartlar barədə tənqidlərini qəbul edə bilmirlər. Ona görə də siyasi hikkələrini futbolçular ətrafında belə mənasız ajiotaj yaratmaqla çıxırlar”.

Ekspertin sözlərinə görə, hər iki futbolçunun Türkiyə, yaxud da Almaniya vətəndaşlığının olması adi bir görüşün bu qədər böyüdülməsinə əsas vermir:

“Bu görüşdə siyasi çalara səbəbə olacaq nə var axı?! Bu, siyasi addımdırsa, onda Angela Merkel özünü Almaniya yığmasının paltardəyişmə otağına dürtüb, ordan “səmimi fotolarını” paylaşmamalıdır.

Burda həmin futbolçuların Türkiyə vətəndaşlığının olub-olmamasının da heç bir əhəmiyyəti yoxdur. Onlar Almaniya vətəndaşı olsalar da, hər şeydən əvvəl türkdürlər. Və tarixi vətənlərində baş verən hər bir hadisə ilə maraqlanmaq, ona münasibət bildirmək və yeri gələndə Türkiyənin prezidenti ilə görüşmək haqqına sahibdirlər. Bu məsələni belə qabartmaq şarlatanlıqdır.

Hansı ölkənin rəhbəri başqa bir ölkədə yaşayan soydaşına biganə yanaşır? Azərbaycan prezidenti Türkiyə adından çıxış edib, dünya çempionu olan yüngül atlet Ramil Quliyevi təbrik etmədi? Almanların məntiqi ilə yanaşsaq, bu da siyasi addım və qəbahətdir?”

Qeyd edək ki, bir müddət əvvəl Almaniya milli komandasının futbolçuları Məsud Özil və İlkay Gündoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. İlkay görüş zamanı Ərdoğana üzərində “cənab prezidentimə hörmətlə” sözləri yazılmış formasını hədiyyə edib. Almaniya kansleri Angela Merkel türk əsilli alman futbolçular Məsud Özil və İlkay Gündoğanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsini sərt tənqid edib.

Almaniya Prezidenti Frank Valter-Ştaynmayer sözügedən futbolçularla görüşüb. Prezident Feysbuk səhifəsində yazdığı açıqlamada yanlış anlaşılmazlığın ortadan qaldırıldığını bildirib. Ancaq qısa müddət sonra bu görüşə görə 50 min izləyicidən tənqid məktubu aldığını, futbolçular Məsud Özil və İlkay Gündoğanın alman dövlətinə bağlılıqlarını dilə gətirib, meydana çıxan görüntünü düzəltmələri lazım gəldiyini təklif edib.

interposta.info

Merkel paltardəyişmə otağında, Ərdoğan isə... -
Merkel paltardəyişmə otağında, Ərdoğan isə... -
Merkel paltardəyişmə otağında, Ərdoğan isə... -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26