Interposta.Info

Dünyanın qorxduğu ərköyün oğula kinoman atadan qalan viranə miras

Dünya
 18-12-2017, 13:55     10 454

Kim Çen İr Şimali Koreyanın gənc diktatoruna acından ölən ölkə, qucağına da bomba buraxıb gedib
Tam 7 il bundan öncə, dekabrın 17-də Şimali Koreyada Kim xanədanının 2-ci nümayəndəsi, hakim Əmək partiyasının əbədi katibi Kim Çen İr gözlərini həyata yumub.

Oğul Kim Çen In kimi o da dövləti Koreyasayağı idarə etməyi atası Kim İr Sendən öyrənib.

Kim Çen İr Şimali Koreyada rəsmi olaraq yazılıdğı kimi, ölkədə müqəddəs sayılan “Pektusan dağının Çansubon zirvəsində, “parlaq ulduzun və göy qurşağının” atlında deyil, Xabarovsk vilayətinin Vyatsk qəsəbəsində dünyaya gəlib.

Rusiya mediasının verdiyi məlumata görə, uşaq vaxtı onu hətta “Yura” deyə rus adı ilə çağırıblar.

Kim Çen İr karyerasını atasının dəmir əllə idarə etdiyi Əmək partiyasında başlayıb. O da atası kimi geyinməyə və onun kimi davranmağa üstünlük verib.

Xarici mətbuatın məlumatına əsasən, Kim İr Sendən fərqli olaraq Kim Çen İr bir sıra “kapitalist xasiyyətlərə” də malik olub. Onun ən böyük ehtirası isə kino imiş. 1970-ci illərdə Kim Çen İrin sifarişi ilə və ssenarisini yazdığı “Gülsatan qız” adlı film belə çəkilib.

Təbliğat xarakterı daşımasına rəğmən film heç də pis alınmayıb və hətta Cənubi Koreyada belə populyar olub. Doğrudur, həmin vaxt yarımadanın cənubunda da Pak Çon Hi diktaturası hökm sürdüyü üçün sıravi vətəndaşlar ona yalnız xaricdə baxa biliblər.

Kim Çen İrin kino məhəbbəti təkcə bununla bitməyib. Deyilənə görə, onun kolleksiyasında 200 mindən çox film olub. Sevimli aktrisası isə Elizabet Teylor imiş.

“Kino mədəniyyət və ədəbiyyatın yaradılmasında vacib yer tutur. Bu həm də inqilab və quruculuq üçün ən qüdərtli ideoloji silahdır”, - Şimali Koreya lideri 1987-ci ildə yazıb.

Buna baxmayaraq, yarımadanın şimal hissəsinin vətəndaşları üçün kino dünyasının xəzinəsinin qapıları Kim Çen İr qədər açıq olmayıb. Onlar üçün kino sevinci yalnız həftənin müəyyən günlərində müəssisələrdə kollektiv şəkildə baxılmağa icazə verilən milli “pafos və qəzəb saçan filmlər”dən ibarət olub. Bu flmlərdən bəziləri SSRİ kinoteatrlarında da göstərilib. Onlardan ən məşhuru 80-ci illərin sovet gəncləri arasında əlbəyaxa döyüş səhnələrinə görə populyar olan “Hon Gil Don” filmidir.

Kim İr Çenin kinoya olan sevgisi bəzən əndazəni də aşıbmış. Məsələn, 1970-ci illərdə onu əmri ilə Şimali Koreya kəşfiyyatı Cənubi Koreyanın rejissoru Sin San Ok və arvadı Çoy In Hini oğurlayıb Pxenyana gətiriblər. Ər-arvad uzun illər boyunca KXDR-də əsirlikdə qalaraq onlar üçün hökumətin sifarişi əsasında təbliğat filmləri çəkib. Yalnız 1986-cı ildə növbəti filmin Avstraliyada nümayişi zamanı rejissor və həyat yoldaşı ölkədən buraxılıblar. Uzun müddət cənubda bu cütlüyün könüllü şəkildə şimala qaçdığı güman olunubmuş.

1994-cü ildə Kim İr Sen öldükdən sonra Kim Çen İr “böyük rəhbər seçilir” və bütün hakimiyyəti öz əlində cəmlədirir. Lakin onun hakimiyyət illəri filmlərdəki qədər romantik və parlaq keçmir.

Həmin illər, SSRİ- nin dağıldığı ilk dövrlərə təsadüf edib və Şimali Koreya xalqı sözün əsl mənasında acından ölməyə məhkum olub. 1994-cü ildə ölkədə bir neçə ay davam edən aramsız yağışlar bütün ərzaq məhsullarını məhv edib və aclıqla bağlı vəziyyət fəlakət səviyyəsinə çatıb. Kənd təsərrüfatına 15 milyard dollarlıq zərər dəyib. Müxtəlif məlumatlara görə, aclıqdan ölənlərin sayı 220 mindən artıq olub (3,5 milyon nəfərin öldüyü də deyilir).

Humanitar fəlakət Yaponiya, Çin və hətta öz həmvətənlərindən ötrü narahatlıq keçirən Cənubi Koreyadan gələn yardımlar sayəsində önlənə bilib. Bu kampaniyaya ABŞ hökuməti də qoşulub.

Yaranmış situasiyanı fürsət bilən Bill Klinton administrasiyası “çörək və qamçı” siyasətini işə salmağı düşünüb. Şimali Koreyanın nüvə silahı əldə edə bilməsinin qarşısını almaq məqsədilə Ağ Ev diplomatik varianta gedib.

Həmin vaxtlarda Klinton administrasiyasının Pxenyanla rəsmi diplomatik münasibətlər qurmağı belə düşündüyü söylənilir.

Əldə edilən ilkin razılığa əsasən KXDR nüvə proqramını dondurmağı vəd edib, bunun yerinə isə ölkənin elektrik enerjisinə tələbatını ödəmək üçün ildə 500 min ton neft alıb. Həmçinin Şimali Koreyaya yüngül atom su reaktorlarının verilməsi vəd olunub.

Lakin Konqresdə üstün mövqedə olan respublikaçılar sazişi təsdiqləməkdən imtina ediblər. Prezident Bill Klinton yalnız icraedici qərarla onu tətbiq etməyə məcbur qalıb. 2000-ci ildə isə Şimali Koreyanı ABŞ dövlət katibi Madlen Olbrayt rəsmi şəkildə ziyarət edib. Olbrayt burada böyük təntənə ilə qarşılanıb. Dövlət katibinin ziyarəti prezident Bill Klintonun gəlişinə hazırlıq olaraq baxılırmış. Şahidlərin sözlərinə görə, Pxenyan küçələri Bill Klintonun gəlməsi münasibətilə ABŞ bayraqları ilə belə bəzədilib.

Lakin səfər baş tutmayıb. Bill Klintonun yerinə gələn Corc Buş isə çörəyi bir kənara ataraq əlinə qamçı götürüb. Buş Şimali Koreyanı İran və Suriya ilə birlikdə “Şər oxu” dövlətlərinə daxil edib. 2002-ci ildə isə Pxenyana yanacaq verilməsi kəsilib. 2003-cü ildə isə Şimali Koreya nüvə silahının yayılmaması haqqında sazişdən çıxdığını bəyan edib.

Ekspertlər bu məsələdə tamamilə Buş administrasiyasını günahlandırmağın doğru olmadığını bildirirlər. Çünki Pxenyanın da razılaşmalara zidd olaraq nüvə proqramından tam olaraq vaz keçmədiyi söylənilməkdədir. Bundan başqa, 2003-2004-cü illərdə 6 dövlətin iştirakı ilə 3 raunddan ibarət keçirilən müzakirələrdə ABŞ Şimali Koreyaya nüvə proqramından vaz keçməsi və bununla bağlı infrastrukturu ləğv etməsi halında onun təhlükəsizliyinə təminat verəcəyini və iqtisadi yardımlar edəcəyini vəd edib. Tərəflər arasında heç bir anlaşma əldə olunmadığına görə KXDR rəhbərliyi danışıqların 4-cü raundundan ümumiyyətlə imtina edib.

Nəticə belədir: Şimali Koreya bütün səfalətinə və acınacaqlı iqtisadi vəziyyətinə rəğmən nüvə dövlətinə çevrilib, ABŞ isə yarımadada müharibəyə hazırlaşır./musavat.com

interposta.info

Dünyanın qorxduğu ərköyün oğula kinoman atadan qalan viranə miras
Dünyanın qorxduğu ərköyün oğula kinoman atadan qalan viranə miras
Dünyanın qorxduğu ərköyün oğula kinoman atadan qalan viranə miras
Dünyanın qorxduğu ərköyün oğula kinoman atadan qalan viranə miras
Dünyanın qorxduğu ərköyün oğula kinoman atadan qalan viranə miras
Dünyanın qorxduğu ərköyün oğula kinoman atadan qalan viranə miras

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26