Interposta.Info

Radikal millətçilər Hitlerin vətənində də uğur qazandılar - dünya yeni təhlükə ilə üz-üzə

Dünya
 17-10-2017, 07:24     8 167

Əhəd Məmmədli: “Avropa da dünya kimi keçmişinə qayıdır”

Son zamanlar Avropada radikal millətçilərin getdikcə fəallaşdıqlarının, bəzi ölkələrdə keçirilən parlament seçkilərində ciddi uğur qazandıqlarının şahidi olmaqdayıq. Getdikcə millətçilik şüarları ilə proseslərə qatılan qüvvələrin nüfuzlarının da durmadan artdığı göz önündədir.

Son olaraq, Avstriyada keçirilən parlament seçkilərində millətçilər gözlənilməz halda ciddi səs yığıb. Sağçı-populist Avstriya Azadlıq Partiyası 26 faiz səslə üçüncü ən güclü siyasi qüvvə olduğunu təsdiqləyərək, vitse-kansler və xarici işlər naziri 31 yaşlı Sebastian Kurtsun başçılıq etdiyi Avstriya Xalq Partiyası və federal kansler Kristian Kernin rəhbərlik etdiyi Avstriya Sosial-Demokratlar Partiyasının ardından növbəti sırada qərarlaşıb. Hökumət formalaşdırmaq üçün böyük şans əldə ediblər.

Qeyd edək ki, sentyabrın sonlarında Almaniyada keçirilən parlament seçkilərində sağçı Almaniya üçün Alternativ Partiyası tarixində ən yüksək nəticəni yığaraq, 12.6% səslə dünyanı şoka salmışdı. Bundan öncə də Fransa, İtaliya və Danimarka kimi ölkələrdə millətçilərin seçkilərdə qazandıqları uğurların şahidi olmuşuq.

Göründüyü kimi, Avropa növbəti təhlükə ilə üz-üzə qalıb. Getdikcə radikal qanadlar Avropanın güclü ölkələrinin bəzilərində iqtidara doğru yaxınlaşırlar. Siyasi ekspertlər mövcud situasiyanın dünya üçün xoşagəlməz nəticələr doğura biləcəyini qeyd edirlər.

Politoloq Əhəd Məmmədli hesab edir ki, millətçi dalğasının qarşısını almaq mümkün olmayacaq: “Fransada prezident seçkilərində, Hollandiyada parlament seçkilərində millətçilər ikinci oldular. Danimarka, İsveçdə də millətçilərin hər seçkidə daha çox səs aldığı hər kəsə məlumdur. Bu dalğanı dayandırmaq mümkün olmayacaq. Çünki Avropa da dünya kimi keçmişinə qayıdır. Qloballaşma, liberalizmin yerinə yenə millət, ümmət anlayışları qayıdır. Üstəlik Avropa da gündən-günə böyüyən İslamafobiyada millətçilərin güclənməsinə təkan verir. Müasir dünya keçmişinə qayıdır, o cümlədən çox yaxın zamanlarda bu Azərbaycanda da baş verəcək. Zatən irqçilik, faşizm, kommunizm, satanizm, ateizm, liberalizm kimi ideologiyaların vətəni Qərb olub. Ona görə də Hitler, Mussolini sevdalılarının yenidən nüfuz yığmalarını, hakimiyyətə qayıtmaları təəcüblə deyil, bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır. Bu həmçinin liberal-demokratiyanın vətəni Avropanin süqutudur. Sərhədsiz azadlıq dünya görüşü Avropanın özündə iflasa uğramaya başlayıb. Gələcəkdə Avropanı millətçilik şüarları altında etnik qarşıdurmalar, separatizm dalğası gözləyir. Artıq bu prosesə start verilir. Üstəlik Avropada yerli əhali və gəlmələr arasında ciddi qarşıdurma gözlənilir. Müharibə alovunun Yaxın Şərqdən yenidən Avropaya qayıtmasının bu əsir də şahidi olacağıq. Bunun qarşısı ancaq faşizmin Avropada yeni savaşda məğlub olmasından sonra alına bilər. Dünyanı yeni sivilizasiyalar toqquşması gözləyir. Roma sivilizasiyası ilə İslam sivilizasiyası arasında bu toqquşma gözlənilir. Vacib deyil ki, ancaq hərbi bir toqquşma olacaq, bu indiyə qədər görünməmiş bir ideoloji toqquşma olacaq. Artıq bu proses başlayıb. Təsadüfi deyil ki, son 10 ildə İslam sekulyar Qərbdə ən çox yayılan dindir. Necə ki qədim Roma içdən dağıldı, Romanın varisi müasir Avropa da içdən, gəlmələr tərəfindən fəth ediləcək”.

Politoloq Avropada millətçilərin yerini doldurduqları boşluqlardan da söz açdı: “Avropa həmişə yırtıcı qitə olub. Səlib yürüşləri, kalonial müharibələr, dünya savaşları həmişə özünü mədəni sayan qitədə başlayıb. Hələ bir neçə il əvvəl Almaniyada keçirilən sorğuda almanların gizli də olsa, Hitlerlə fəxr etdikləri müəyyən edilib. Eləcə də italyanlar Mussolini ilə, İspanlar Frankoilə, portaqezlər Salazarla fəxr edirlər. Və həmin millətlər yenə böyük olmaq istəyirlər. ABŞ-ın, Britaniyanın və müəyyən qədər Fransanın diktəsi ilə durub oturmaq istəmirlər. Çünki almanların, ispanların, italyanların, portagezlərin, avstriyalıların özlərinin böyük tarixi keçmişi var. Və bu xalqlar keçmişlərində olduğu kimi yenə də böyük olmaq istəyirlər. Bu da özünə hörmət edən hər bir xalq üçün normal bir hissdir. Liberal-demokratiya, qloballaşma, həm dövlət, həm də fərdi səviyyədə sərhədsiz azadlıqlar ideologiyası iflasa uğradı. Avropalılar təminatlı yaşayış da məmnun olsalar da vaxt keçdikdə özlərində bir mənəvi boşluq görməyə başladılar. Və bu boşluğu ancaq din və ya millətçilik doldura bilər. Fikir verin ən çox suisidlər Avropa və dünyanın ən sosial təminatlı bölgəsi Skandinaviyada baş verir. Bu o deməkdir ki, materialist kommunizmdən sonra materialist kapitalizm də süquta uğramağa başlayır. Sərhədsiz azadlığın yerinə yenidən adət-ənənələrə söykənən mənəviyyat gəlməyə başlayır. Avropada da bu boşluqdan səmərəli şəkildə istifadə edən sağ, ultra-sağ və ultra-sol qüvvələr nüfuz yığmağa, hakimiyyətə gəlməyə başlayıblar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26